Əliyev əngəli göstərib, dünya nəhəngini işarə etdi: Kreml isə dərhal onu haqlı çıxartdı
Azərbaycan lideri Qarabağdakı erməni azlığı ilə birbaşa təmasların reinteqrasiya prosesi üçün ən faydalı model ola biləcəyini qabardıb, bunun qarşısında duran əsas problemi dolayısı ilə ön plana çıxartmağa üstünlük verib… Rəsmi Bakı hədəfi tam dəqiqliyi ilə müəyyən edib və Kremlin yaratdığı “Qarabağ problem”nin birdəfəlik həll edilməsi üçün Rusiyanın aradan çəkilməsinin vacibliyinə üstüörtülü şəkildə eyham vurur…
Cənubi Qafqazda sülh prosesi intensiv inkişaf tempini qoruyub, saxlamaqdadır. Ermənistanın təxribatları hələlik bu prosesin qarşısında aciz qalmaqdadır. Üstəlik, Rusiyanın da regional sülh prosesinə təsir mexanizmləri tədricən öz əhəmiyyətini itirməkdə davam edir. Və Kremlin məkrli əngəl ssenariləri əvvəlki səviyyədə effekt vermir.
Məsələ ondadır ki, ABŞ və Qərb ən yaxın müddətdə Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına dəstəyini gücləndirməkdədir. Belə intensiv dəstək isə ilk növbədə Rusiya üçün ciddi problemlər yaradır. Kremli olduqca ciddi seçim qarşısında qoyur. Və bu baxımdan, Rusiyanın son davranışları da müəyyən mənada, maraq doğurmağa başlayıb.
Hazırda Kremldə anlayırlar ki, əgər, Azərbaycan və Ermənistan ərazisində yekun sülh sazişi imzalanarsa, Rusiya Cənubi Qafqazdakı strateji maraqları ilə vidalaşmalı olacaq. ABŞ və Qərbin əsas hədəfi də məhz buna doğru yönəlib. Ona görə də, Kreml sülh prosesinə əngəl törətmək cəhdləri planlaşdırılan nəticələrdən uzaq qalır.
Maraqlıdır ki, hazırda Kreml Rusiyanın Cənubi Qafqaz siyasətinə yenidən baxmaq ehtiyacı duyur. Çünki Rusiyanın sülh prosesinə əngəl törətməsi və müqavimət göstərməsi Kremlə artıq heç nə vermir. Bu baxımdan, Rusiya siyasi dairələrində Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının qaçılmazlığı ilə barışmağa başlayıblar. Və Kremldə indi daha çox sülh sazişinin məhz Rusiyanın vasitəçiliyi ilə imzalanmasına nail olmaq barədə düşünürlər.
Səbəblərsə, çox sadədir. Belə ki, əgər, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi ABŞ və Qərbin vasitəçiliyi ilə imzalanarsa, bu halda, Rusiyanın Cənubi Qafqazda dayaqlana biləcəyi heç bir mexanizm qalmayacaq. Ona görə də, Kreml əngəlləyə bilmədiyi sülh sazişinin məhz Rusiyanın vasitəçiliyi ilə imzalanmasında maraqlıdır. Çünki bu halda, Kreml imzalanmış sənədin qarantoru kimi, Cənubi Qafqazda hüquqi mexanizmə malik ola bilər.
Ancaq bütün bunlara baxmayaraq, Kreml regional sülh prosesinin mümkün qədər uzadılması üçün əlindən gələn hər şeyi edir. Xüsusilə də, Rusiya Azərbaycan və Ermənistan arasında ikitərəfli, yəni, birbaşa təmasların olmasından ciddi şəkildə narahatdır. Halbuki, ABŞ və Qərb hər iki münaqişə tərəfinə məhz birbaşa təmasları məsləhət görür. Və bunu ikitərəfli görüşlərdə mövcud problemlərin həllinin daha asan ola biləcəyi ilə arqumentləşdirir.
Rusiyanın davranışlarını və əngəlləyici manevrlərini nəzərə aldıqda, Qərbin birbaşa təmas modelinin böyük əhəmiyyət daşıdığı açıq-aşkar ortaya çıxmış olur. Xüsusilə də son vaxtlar Kremlin hər imkanda rəsmi İrəvanı Azərbaycanın ərazi bütövlüyünü tanımaqda suçlaması da Rusiyanın önəmli regional təzyiq mexanizmini itirmək üzrə olmasından qıcıqlandığını göstərir. Və Rusiya Xarici İşlər Nazirliyi bu məsələdə planlı davranır.
Məsələ ondadır ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova növbəti dəfə regional sülh prosesi üzərində manipulyasiyalara cəhd göstərib. O, bildirib ki, “Ermənistan rəhbərliyi “Dağlıq Qarabağ”ı Azərbaycan ərazisi kimi tanıdıqdan sonra, rəsmi İrəvanın Rusiyanı fəaliyyətsizlikdə ittiham etməsinə yönəlik hər hansı iddiaları ikiqat yersiz görünür”. Və bu, açıq-aşkar provokativ təhrikdən başqa bir şey deyil.
Belə anlaşılır ki, Kreml rəsmi İrəvanın Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanımasından narahatdır. Hətta bu addıma görə Paşinyan hakimiyyətini açıq-aşkar qınayır. Halbuki, Rusiya vasitəçi ölkə kimi, rəsmi İrəvanın bu addımını təqdir etməyə borcludur. Çünki qarşılıqlı olaraq, ərazi bütövlükləri tanınmayacağı təqdirdə, yekun sülh sazişinin mətni üzərində anlaşma qətiyyən mümkün deyil.
Onu da qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin nüfuzlu Qərb media qurumlarına son açıqlamalarında bu məqamlara üstüörtülü eyhamın olduğu diqqəti çəkir. Belə ki, Prezident İlham Əliyev erməni əhalinin yaşadığı bir neçə kənddən keçən yeni Laçın yolunun tikintisinə başlanılarkən, iki xalqın təmsilçiləri arasında müəyyən təmasların olduğunu vurğulayıb: “Mənə məlumat verildi ki, yolun inşası ilə məşğul olan işçilərlə erməni icması arasında təmaslar qurulub və onlar demək olar, dərhal dostlaşıblar”.
Göründüyü kimi, Azərbaycan lideri Qarabağdakı erməni azlığı ilə birbaşa təmasların reinteqrasiya prosesi üçün ən faydalı model ola biləcəyini qabardıb. Eyni zamanda, Prezident İlham Əliyev dolayısı ilə birbaşa təmaslar qarşısında olan əsas əngəli də ön plana çıxartmağa üstünlük verib: “Əvvəllər hər iki tərəfin təhlükəsizliyini təmin edən Rusiya sülhməramlıları getdikdən sonra onlar (işçilər və ermənilər) asanlıqla ünsiyyət qururdular. Beləliklə, bu, onu göstərir ki, sadə insanların əksəriyyətinin ürəyində bu nifrət yoxdur”.
Belə anlaşılır ki, rəsmi Bakı reinteqrasiya prosesi qarşısında olan əsas problemi tam dəqiqliyi ilə müəyyən edib. Prezident İlham Əliyevin də açıqlamasında da problemin ünvanı kimi, məhz Rusiyaya işarə edilir. Və Kremlin yaratdığı Qarabağ probleminin birdəfəlik həll edilməsi üçün Rusiyanın aradan çıxmasının vacibliyinə üstüörtülü şəkildə eyham vurulmuş olur.
/editor.az
- Şərh
- 02 Avqust 2023