64cbd046d349a202308230526

Azərbaycan və Türkiyə şok hazırlıq içində – Nə baş verir?

Azərbaycan ciddi və böyük qərarlar astanasındadır. Həssas dönəmlərdən keçirik. Ölkənin taleyüklü problemi həll edilməlidir – Qarabağda yarımçıq qalmış işimiz yekunlaşmalıdır.

Həm regional, həm qlobal şərtlər indi daha çox xeyrimizədir. Bölgənin lider dövlətləri bizimlə açıq və birmənalı müttəfiqdirlər.

Sevmədiyimiz və ehtiyat etdiyimiz əsas ölkə Rusiyadır. O belə bizim qarşımızda deyil. Bəzi epizodlara baxmayaraq, Rusiya birmənalı Ermənistanın tərəfini saxlamır. Sadəcə bölgədə mövqeyini qorumaq üçün müəyyən manevrlər edir.

Prezident İlham Əliyev həm Şuşada keçirilən Global Media Forumda, həm də “Euronews”ə müsahibəsində Rusiya ilə hazırkı münasibətlərə növbəti dəfə aydınlıq gətirdi.

Pakistanla, İsraillə, hətta Çinlə əlaqələr yüksək səviyyəsini qoruyur. İranla siyasi-diplomatik münasibətlərdə ciddi irəliləyişin olduğu açıq görünür. Bu, artıq rəsmi səviyyədə deyilir.

Türkiyə ilə həm mənəvi, həm siyasi-diplomatik, həm də hərbi sahədə yüksək münasibət davam etdirilir. Strateji müttəfiqliyimiz özünün ən pik nöqtəsində qərarlaşıb. Bu günlərdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada olub. O, Türkiyə prezidenti Rəsəb Tayyib Ərdoğanla və türkiyəli həmkarı Hakan Fidanla görüşüb. Ondan əvvəl isə müdafiə naziri Zakir Həsənov da Türkiyədə səfərdə idi.

R.T.Ərdoğan Bayramovu qəbul edərkən Zəngəzur dəhlizinin tezliklə açılmalı olduğunu bir daha söyləyib. Zəngəzur dəhlizinin açılmasında Türkiyənin və Ərdoğanın mövqeyi qətidir. Bu, Türkiyə dövləti üçün prinsipial məsələdir. Görüşdə yəqin digər mövzular haqda da danışılıb.

Ankara, 11 avqust 2020-ci il

3 il öncə bu günlər Zakir Həsənov və Ceyhun Bayramov Ankarada idilər. Hər iki azərbaycanlı nazir Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdülər. Onları Türkiyənin o vaxtkı xarici işlər naziri Mövlud Çavuşoğlu və milli müdafiə naziri Hulusu Akar müşayiət edirdi.

Bu görüş Tovuz döyüşlərindən 1 ay sonraya təsadüf edirdi. Həmçinin Türkiyə-Azərbaycan birgə hərbi təlimləri yenicə bitmişdi. 29 iyul-10 avqust 2020-ci il tarixlərdə iki qardaş ölkə düşmənə göz dağı verdilər. Təlimlər bitən kimi Zakir Həsənovla Ceyhun Bayramov Ankaraya yolandılar. Həmin görüşdən çəkilmiş fotolar ciddi müzakirə edilirdi. Bəzi ekspertlər yazırdılar ki, bu görüş siyasi-diplomatik təmasdan çox, müharibə öncəsi məsləhətləşməyə, hazırlığa bənzəyir.

Türkiyə-Azərbaycan birgə hərbi təlimləri ondan sonra da oldu. Əslində bu, qələbənin ilk baş məşqləri idi. Bu məşqlər general Polad Həşimov, polkovnik İlqar Mirzəyev və digər itkilərimizin acısına məlhəm kimi gəldi. Anladıq ki, tək deyilik. Yalnız qalmamışıq. Türkiyə hakimiyyətinin, mediasının, siyasətinin və cəmiyyətinin timsalında ən etibarlı, təbii müttəfiqimiz var.

Ankara, 31 iyul 2023-cü il

Üç il sonra eyni tarixdə yenə bənzər mənzərəni görürük. Ceyhun Bayramov yenə Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edildi. Müdafiə Naziri Zakir Həsənov da bu günlərdə Türkiyədə səfərdə oldu. Türkiyə xarici işlər naziri Hakan Fidan da sələfi kimi bu görüşdə iştirak edirdi.

Bu görüşlər müharibə öncəsi məsləhətləşmədirmi?

Genişmiqyaslı müharibənin olacağı indiki şərtlərdə inandırıcı görünmür. Baxmayaraq ki, son günlər Ermənistanda müharibə olacağı haqda xəbərlər tirajlanır. Guya sentyabr ayında hərbi əməliyyatlar başlayacaq, Azərbaycan qalib gələcək. İlham Əliyev “Euronews”ə müsahibəsində deyib ki, indi və gələcəkdə bir daha müharibənin olmasını arzulamır. Bəs o zaman Ermənistanda ekstrasensin dilindən bu məlumat niyə tirajlanır?

Axı Ermənistan 2020-ci ildə canını Azərbaycanın dəmir pəncəsindən zorla xilas etdi. Onu yenidən odun-alovun içinə atmaq istəyirlər? Mümkündür.

Ermənistanın qarşısında iki yol var: sülh və savaş. Sülhü seçsə qazanacaq. Savaşa girsə, yox olacaq. Bunu özləri də yaxşı anlayırlar.

Görünür ikinci variantın olacağı ehtimalı Bakı və Ankara tərəfindən istisna edilmir. Hər an hər şey ola bilər.

Dünən günün sonunda xəbər yayıldı ki, separatçılar Xankəndidən “Laçın” sərhəd keçid məntəqəsinə hücuma hazırlaşırlar. Adını dinc yürüş adlandırmalarına baxmayaraq, bu, sözün əsl mənasında hücumdur. Bununla da Bakının təklif etdiyi Ağdam-Xankəndi marşrutunu gündəm çıxarmaq, 19 TIR-ı Xankəndiyə soxmağa çalışırlar. Əsl dərdləri başqadır. Sərhəddə gərginlik yaratmaq, Qərbin geniş miqyaslı müdaxiləsinə nail olmaq. İndidən deyirik, yazırıq: bu arzuları da gözlərində qalacaq. Azərbaycan dövləti ən pis ssenarilərin belə qarşısını almağa hazırdır…

Mümkündür ki, həm Türkiyə, həm Azərbaycan dövlətində ermənilərin başqa təxribat hazırlığı içində olmalarına dair məlumatlar var. Ankara təmaslarında bu versiyanın da müzakirəsi istisna edilmir.

/globalinfo.az