64d7eadf0bffe202308232607

İrəvan və Xankəndi təşvişdə: Antiterror əməliyyatları başlayır? / ŞƏRH

Qarabağdakı separatçılar sürətlə silahlanırlar. Avqustun 11-də Rusiya sülhməramlılarının zirehli maşını erməni separatçıların döyüş postlarına Xankəndi-Kərkicahan-Xəlfəli yolunda qanunsuz hərbi daşımalarını müşayiət edib. Bundan əvvəl də sülhməramlıların müşayiəti ilə qanunsuz silah daşınıb. Aylar öncə də Qarabağın separatçılar məskunlaşan hissəsində İrandan raketlərin daşındığı məlum olmuşdu.

Maraqlıdır, bütün bunlar Bakıda necə dəyərləndirilir? Bu gözlənilənlər antiterror əməliyyatlarına separatçıların və rəsmi İrəvanın hazırlığıdır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Azad Demokratlar Partiyasının sədri (AzDP), təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər deyib ki, məsələyə geopolotik kontekstdə və strateji planda baxıb dəyərləndirmək lazımdır:

Sülhəddin Əkbər

“Bu məsələ kiçik bir məsələ deyil. Geopolitik xarakterli bir məsələdir. Hesab edirəm, məsələnin həllinə geniş şəkildə baxıb, kompleks yanaşma ortaya qoymaq lazımdır.

İlk öncə onu qeyd edim ki, yeni dünya nizamı quruculuğunun və bununla bağlı gedən geopolitik mübarizənin həlledici mərhələsinə daxil olmuşuq. Xüsusilə Azərbaycan Respublikasının da daxil olduğu Avro-Atlantik məkanda, post-sovet məkanında baş verən toqquşma, böhran, münaqişə və müharibələr buna dəlalət edir.

Buna görə də “Qarabağ məsələsi”nə, neoimperialist Rusiyanın Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikası və “DQR” vasitəsilə apardığı vəkalət müharibəsinə yeni dünya nizamı quruculuğu və bununla bağlı gedən geopolitik mübarizə kontekstində baxılmalıdır.

Azərbaycan Respublikası, məhdud müharibədə məhdud hərbi qələbə qazandı. Buna görə də məhdud müsbət siyasi nəticə əldə etdik. Bunu göstərən ən önəmli fakt sülh sazişinin imzalanmamasıdır.

Unudulmamalıdır ki, yetərli müsbət siyasi nəticəsi olmayan, milli maraqları tam təmin etməyən hərbi qələbə tam qələbə sayıla bilməz. Unudulmamalıdır ki, əgər seçilən strategiya qüsurlu və ya yanlışdırsa, bu qüsur və yanlışlıqları düzgün taktika ilə belə ortadan qaldırmaq mümkün olmayacaqdır.

Hesab edirəm, Azərbaycan Respublikası, çox gec olsa da, Qarabağın hələlik nəzarətimizdə olmayan hissəsinin reinteqrasiyası üçün qanunvericilik bazası yaratmaqla birlikdə, müvafiq icra qurumu yaratmalıdır.

Sonda bir daha qeyd edək ki, tamdəyərli siyasi nəticənin əldə olunması, ədalətli və davamlı sülh sazişinin imzalanması üçün düşmən üzərində tam və qəti qələbə lazımdır. Bunun üçün də tammiqyaslı strateji savaşa başlamlıyıq. İlk işimiz isə düşmənin savaş əzmini tam və qəti sındırmaq olmalıdır”.