62f6063a4c657202208225018

Rusiya Ermənistanın İranla təmas xəttində postlar qurdu – Paşinyana təcili zəng edildi

Dünən İran Prezidenti İbrahim Rəisi ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Kanal.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən siyasi şərhçi Asif Nərimanlı deyib ki, sözügedən söhbət son proseslər, xüsusilə Rusiyanın Mehri-Əkərək yolunda yeni postlar qurması fonunda diqqət çəkir:

“İrəvan və Moskvanın rəsmi açıqlamalarında postların iki ölkə arasındakı müqaviləyə əsasən qurulduğu deyilir. Rusiya tərəfi isə əlavə edir ki, “son vaxtlar İrandan Ermənistana narkotik və digər qanunsuz daşıma cəhdlərinin artmasına” görə bu qərar verilib. Hətta “silah, qumbaratan və külli miqdarda döyüş sursatının aşkarlanması” faktından da bəhs edirlər. Əsaslandırma şübhəlidir, hadisələrin inkişafı da bu şübhələri artırır: Tehranda keçirilən Ərdoğan-Putin-Rəisi zirvəsində Yaxın Şərq əsas mövzu olsa da, üçtərəfli əməkdaşlığın Cənubi Qafqaz bölgəsində də davam etdirilməsi, xüsusilə 3+3 formatının inkişafı ilə bağlı məsələlər həll edilməli idi. Lakin İran Suriya məsələsində olduğu kimi, Zəngəzur dəhlizinin açılmasına qarşı da Xomneyinin saxta “minillik yol” iddiasına əsaslanan separatçı mövqe sərgilədi. Ərdoğan Tehrandan sonra Soçiyə - Putinlə görüşə getdi: tərəflərin razılaşmaları Moskva və Ankaranın Tehransız hərəkət planının olması ehtimalını önə çıxarıb. Bu iki görüşdən sonra Rusiya Mehri-Əkərək istiqamətində - Zəngəzur dəhlizinin keçəcəyi ərazidə əlavə postlar qurmağa başladı”.

Ekspert qeyd edib ki, Moskvanın bu addımı iki hədəfə hesablanıb:

“Birincisi, Zəngəzur dəhlizinə qarşı çıxan Tehrana razılaşmanı pozmağa imkan verilməyəcəyi göstərilir: rus sərhədçilərin “İrandan gələn təhlükələrə” görə postlar qurması da bu mesajın verilməsinə hesablanıb. İkincisi, sərhədçilərini dəhlizin keçəcəyi istiqamətdə yerləşdirməklə nəzarəti gücləndirir: 10 noyabr razılaşmasının 9-cu bəndinə görə, Ermənistan Azərbaycana Naxçıvanla “maneəsiz keçid” verməli, həmin yolun təhlükəsizliyini Rusiya hərbçiləri təmin etməlidir; İstisna deyil ki, Rusiya Zəngəzur dəhlizinin razılaşmaya uyğun açılmasının logistikasını formalaşdırır. Paşinyana Xomneyinin Ərdoğana dediklərini xatırladan Rəisi də baş verənləri anlamaq, həm də separatçı mövqeyini gücləndirmək istəyir”. / Sfera.az