putin tokayev

Putindən Tokayev qarşısında ŞOK TƏLƏB: Ya xalqa atəş açacaqsan ya da... - DETALLAR

Qazaxıstanda yanvarın əvvəlində qəfil başlayan və sürətlə bütün ölkəni bürüyən, 30 ildən çox ölkəni idarə etmiş Nursultan Nazarbayevin həmin etirazların başlaması ilə bir vaxtda “yoxa çıxması”, ölkəyə sürətlə KTMT qoşunlarının yeridilməsi, elə o cür sürətlə də geri çəkilməsi, etirazçıların ucdantutma “terrorçu” elan edilməsi və kütləvi şəkildə gülləbaran olunması, nəticədə yüzlərlə insanın öldürülməsi dünyanın gündəmində qalmaqdadır.

Kanal.az xəbər verir ki, virtualaz.org bu hadisələrlə bağlı Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin (MTK) keçmiş sədri, hazırda mühacirətdə olan general-mayor Alnur Aljaparoviç Musayevlə söhbətləşib.A.Musayev – peşəkar xəfiyyədir, uzun illər SSRİ DTK-da çalışıb, 1990-cı illərdə Qazaxıstan DTK-nın rəhbərlərindən biri kimi MKİ ilə “Sapfir” xüsusi əməliyyatında iştirak edib.

İki il Qazaxıstan prezidentinin köməkçisi olub, daha sonra prezidentin mühafizə Xidmətinə başçılıq edib. Qazaxıstan hakimiyyəti tərəfindən uzun illər təqib olunub və Avstriyaya qaçıb. Vyanada ona qarşı bir neçə dəfə sui-qəsd və silahlı hücum təşkil olunub. Hazırda Avstriya hakimiyyətinin mühafizəsi altındadır.

Alnur Musaev Qazaxıstandakı etirazların görünən  və görünməyən tərəflərindən danışır.

– Necə fikirləşirsiniz, Nursultan Nazarbayev hazırda haradadır?

– Nazarbayevin mətbuat katibi iddia edir ki, o, paytaxtda, Nur-Sultan şəhərindədir. Hökumətdəki digər rəsmi şəxslər də bunu təkrarlayır. Ancaq ölkə üçün böhranlı vəziyyət zamanı Nazarbayevin bir dəfə də olsun üzə çıxmaması faktını nəzərə alsaq,  ehtimal etmək olar ki, “Еlbası” ya ciddi xəstədir və koma halındadır, ya da Jirinovskinin bəyan etdiyi kimi, artıq ölüb.

Belarus prezidenti Aleksandr Lukaşenkonun guya Nazarbayevlə telefonla danışdığı barədə sözləri böyük şübhə doğurur. Görünür, Kasım-Jomart Tokayev prezident mövqeyində birdəfəlik möhkəmlənənə qədər Qazaxıstan rəhbərliyi Nazarbayevlə bağlı həqiqəti qəsdən gizlədəcək.

– Tokayev KTMT kontingentinin sülhməramlı missiyasının bitdiyini çox tez bəyan etdi və Moskva dərhal da bununla razılaşdı. Vəziyyətin belə sürətlə dəyişməsinin arxasında nə dayanır?

– Çin və Türkiyənin Moskvaya göstərdiyi ciddi təzyiq. Qazaxıstan müstəqillik əldə etdiyi andan həm Qərblə, həm də Rusiya ilə çoxvektorlu əməkdaşlıq siyasəti yürüdüb. Ancaq bizim ölkəmizin ən yaxın münasibətləri Çin ilə, son vaxtlar isə həm də Türkiyə ilə olub. Bu siyasəti düzgün olaraq Nazarbayevin xidməti sayırlar, ancaq unudurlar ki, Tokayev də prezident olandan sonra həmin siyasəti fəal şəkildə davam etdirir.

30 illik diplomat təcrübəsi olan Tokayev yanvar böhranı zamanı da həmin siyasətdən öz məqsədlərinə çatmaq üçün uğurla istifadə etdi. Əvvəlcə KTMT güclərini köməyə çağırdı, onların sayəsində daxili siyasətdəki böhranın zirvəsində prezident kürsüsünü qoruyub saxlaya bildi, sonra isə Rusiyanın aparıcı təsirindən azad olmaq üçün Çini və Türkiyəni köməyə çağırdı.

Xatırlatmaq istərdim ki, KTMT güclərinin yeridilməsindən dərhal sonra Türkiyə XİN-in rəhbəri Mövlud Çavuşoğlu və Çin rəhbərliyinin nümayəndələri Qazaxıstanın suverenliyini birmənalı müdafiə edərək Kremlə başa saldı: onlar Qazaxıstanın ərazisində başqa ölkənin ordusunun mövcudluğu ilə qətiyyən razılaşmayacaqlar.

Bundan sonra KTMT qoşunlarının çıxarılması üçün göstəriş verildi. Hadisələrin bu ardıcıllığında sensasion heç nə yoxdur: Qazaxıstan iqtisadiyyatına nəhəng vəsaitlər qoyan Çin də, Mərkəzi Asiyanın türk dövlətləri ilə fəal şəkildə strateji münasibətlər quran Türkiyə də Qazaxıstanın hətta nəzəri olaraq Moskvanın sərt təsirinə düşməsinə razılaşa bilməz.

– KTMT hərbçiləri etirazların yatırılmasında birbaşa iştirak etdilərmi?

– Mənə dəqiqliyi ilə bəllidir ki, onların işi müxtəlif obyektlərin mühafizəsi, habelə Ust-Kamenoqorsk, Cambul, Almatı, Nur-Sultan və digər şəhərlərin küçələrində patrulluq etməklə məhdudlaşıb. Dəqiq məlumdur ki, KTMT bölmələri etirazçılara atəş açılmasında iştirak etməyib.

– Tokayev ölkənin çiçəklənəcəyini və Qazaxıstan vətəndaşlarının rifahının yaxşılaşacağını vəd edir. Bu, inandırıcı görünmür, belə ki, bunları etmək üçün pul lazımdır, kapital isə Nazarbayevin klanında cəmləşib. Tokayev Leninsayağı ekspropriatorların ekspropriasiyasına gedəcəkmi?

– Nəzərə alın ki, Tokayev Nazarbayevin birbaşa yetirməsidir. O, həmişə Nazarbayevə loyallığından danışıb, “Elbası”nın ətrafını qorumağa və müdafiə etməyə vəd verib. Beləliklə, Tokayev Nazabayevin klanına sadiq qalacağına içdiyi andından imtina edə bilməz – ciddi siyasətçi elektoratın nəzərində andını pozmuş görünməməlidir.

Deməli, Kulibayevi də təqib etməyəcək. Üstəlik, Tokayev Putinlə birgə Nazarbayevin şəxsi toxunulmazlığına, habelə “Elbası”nın yaxın əhatəsinin ölkədən maneəsiz çıxışına təminat verib. Artıq Kərim Məsimov əsas “günahkar” elan olunduğundan, Nazarbayevin əhatəsindən heç kəsi repressiya etməyəcək və xaricə daşıdığı kapitalın girovuna çevirməyəcəklər.

– Niyə bütün etirazlar bir qayda olaraq Qərbi Qazaxıstanda başlayır? Sanki yüksək maaşlar olan neftlə zəngin bölgədir…

– Etirazlar ölkənin digər bölgələridə də baş verib. Sadəcə Qərbi Qazaxıstanda sosial təbəqələşmə daha çox gözə çarpır, zəngin azlıqla yoxsul kütlə arasındakı ziddiyyət daha üzdədir. Əksər fəhlələrin aldığı cüzi maaşla dolanmaq çox çətindir. Üstəlik Qərbi Qazaxıstanın əhalisi xaraktercə daha çılğındır. Onlar özlərini qıpçaqlar sayır və istənilən ədalətsizliyə dözümsüzdürlər.

– Bir çox ekspertlər qeyd edirlər ki, Tokayev Putinə borcludur. Belə ki Putin ona saray çevrilişi cəhdinin öhdəsindən gəlməkdə yardımçı olub və bununla da Qazaxıstan liderini öz sələfinin çoxvektorlu siyasətini davam etdirmək imkanından məhrum edib…

– Putinin Rusiya qoşunlarının Qazaxıstanda lazım olduğu qədər qalacağını söyləməsinə baxmayaraq, Tokayevin Kremlə borclu olduğunu demək çətindir. O, müddəti kifayət qədər sərt şəkildə on iki gün ərzində qeyd edib ki, KTMT qoşunları həmin zaman kəsiyində Qazaxıstan ərazisini tərk etməlidir. Artıq söylədiyim kimi, Tokayev öz hakimiyyətini möhkəmləndirməyə nail olub, bununla yanaşı, Rusiya prezidenti qarşısında minnətçi düşməyib.

Tokayev yanvarın 5-də KTMT-dən ona görə kömək istəyib ki, güc strukturlarının itaət etməyəcəyi ehtimalından qorxub. Qazaxıstanın “Elbası”dan komanda gözləyən hüquq-mühafizə orqanları öz vəzifələrini yerinə yetirməkdən boyun qaçırıb. Hərçənd onlar, eləcə də, həmin komandanı almayıblar ki, bu da Nursultan Nazarbayevin iş bacarığı olmaması və ya ölməsi versiyasını təsdiqləyir.

O da maraqlıdır ki, Nazarbayev klanından bir nəfər də olsun etirazçıların qarşısına çıxmayıb və özünü üsyanın lideri elan etməyib. Onlar kütləni provokasiya ediblər, sələfiləri ayağa qaldırıblar, gənclərin məzlum kəsimini qızışdırıblar, lakin eləcə də, etiraza rəhbərlik etməyə cürət etməyiblər. Başqa sözlə desək, Nazarbayevin klanı əl altından iş görüb və bu gözdən yayınmayıb.

Tokayev isə KTMT qoşunlarını dəvət etməklə, bir tərəfdən, güc strukturlarına güclü beynəlxalq dəstəyə malik olduğunu göstərib, digər tərəfdən, hüquq-mühafizə orqanlarına atəş açmağı əmr edərkən qətiyyətli və hətta sərt olub. İradə özəlliyi ilə diplomatik çevikliyin uzlaşması Tokayevi, şübhəsiz ki, güclü siyasi lider-avtokrat kimi səciyyələndirir.

– Qazaxıstan hakimiyyəti rəsmi olaraq yanvar etirazlarının yatırılması zamanı 225 nəfərin həlak olması və dörd min adamın yaralanması barədə bəyan edib. Bununla bağlı Tokayevin morqlardan terrorçu cəsədlərinin oğurlanması barədə şok effekti yaradan bəyanatını qeyd etmək istəyirəm…

– Terrorçuların cəsədləri oğurlaması barədə bəyanatlar mitinq iştirakçılarına və nümayişçilərə açılan atəşə haqq qazandırmaq cəhdidir. Qazaxıstan prezidenti xəbərdar etmədən atəş açmaq komandasının məsuliyyətini öz üzərinə götürüb və bunu Tokayevə hələ uzun müddət xatırladacaqlar.

Şəxsən məni dünya ictimaiyyətinin etirazçılara atəş açılması faktına yumşaq reaksiyası son dərəcə heyrətləndirdi. Nəticədə, Tokayev bu vəziyyətdən kiçik siyasi itkilərlə çıxa bildi. ABŞ və Aİ “Biz müşahidə edəcəyik”, “Narahatlıq bildiririk” və bu kimi digər bəhanələrlə başdan elədi. Qərbin sonuncu dəfə hər hansı bir dövlət xadiminin xəbərdarlıq etmədən insanlara atəş açmaq əmrinə bu cür reaksiya verdiyini xatırlamıram.

Maraqlıdır ki, 2011-ci ildə Nazarbayevin əmri ilə Janaozendə etiraz nümayişlərinin dağıdılması və on iki nəfərin öldürülməsi faktına Qərbin reaksiyası çox qəddar olmuşdu. Görünür, Qərbin indiki “korluğ”una ABŞ, Niderland, Fransa şirkətlərinin Qazaxıstandakı maraqları səbəb olub.

Tokayevə ziyalı siyasətçi və peşəkar diplomat imicini kənara ataraq, Putin və Lukaşenkonun söylədiyi kimi, hərəkət etdi: sən ya atəş açacaqsan, ya da hakimiyyəti itirəcəksən. Tokayev üçünsə hakimiyyəti itirmək həyatını itirməyə bərabərdir, onu Səddam Hüseynin aqibəti qorxudur. Nəticədə, Tokayev Nazarbayevin rəhbərliyi altında çalışmış köməksiz, ikinci dərəcəli siyasətçi imicindən azad olaraq sərt, avtoritar və necə deyərlər, sivil diktatora çevrildi.