64896b88cddff202306232600

Ərdoğanın Şuşa mesajı dünya mətbuatında: Türkiyə hazırdır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri zamanı bildirdi ki, Şuşada konsulluq açmağa hazırıq.

Ərdoğanın bu mesajı dünya mətbuatının da gündəmi olub.

Beynəlxalq Xəbər Agentliyi AFP bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri zamanı ən yaxın müttəfiqlərindən birinə dəstəyini ifadə edib.

AFP-nin abunəçilərinə xidmət etdiyi xəbərdə Ərdoğanın açıqlamalarına geniş yer verilib və aşağıdakı qiymətləndirmə aparılıb:

“Ankaranın Bakıya qırıcı təyyarə tədarükü Azərbaycanın 2020-ci ildə Ermənistanla müharibədə qələbə qazanmasına kömək etdi”.

AP isə Ərdoğanın Azərbaycana səfərini “Türkiyə Azərbaycanın erməni qüvvələrinin işğalından azad etdiyi şəhərdə konsulluq açmağa hazır olduğunu açıqladı” başlığı ilə verib.

AP bildirib ki, Ərdoğan, Şuşada konsulluğun açılmasının dünyaya və xüsusilə Ermənistana bir mesaj olacağını vurğulayıb.

Yunan “Kathimeri” “Türkiyə Şuşada konsulluq açmağa hazır olduğunu açıqladı” başlığı ilə oxucularının qarşısına çıxıb.

PSP də Ərdoğanın açıqlamasını öz manşetinə daşıyıb. Xəbərdə “Ərdoğan ikitərəfli danışıqların əvvəlində Azərbaycan prezidenti İlham Əliyev və digər rəsmi şəxslərə "İstədiyiniz zaman Şuşada konsulluğumuzu açmağa hazırıq" fikirlərinə yer verilib.

“Capital.gr” “Ərdoğan: Türkiyə və Azərbaycan iki dövlət, bir millət” başlığı altında bu fikirlərə yer verib:

“Ərdoğan yenidən Türkiyə prezidenti seçildikdən sonra Qafqazdakı keçmiş sovet respublikasına səfəri zamanı Türkiyə ilə Azərbaycan arasındakı müttəfiqliyi yüksək qiymətləndirib”. Londonda yerləşən “Middle East Monitor” nəşri yazıb ki, iki lider Ankara və Bakı arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımları müzakirə ediblər. / Publika.az