64d7523f11412202308233455

“Rusca danışanlar Ana dilində danışanlara üstdən aşağı baxır” – “Onlara “taxtabaş” deyirəm”

“Mən şəhərin mərkəzində doğulub böyümüşəm və Bülbül adına məktəbdə oxumuşam. O məktəbdə oxuyanda Bakının köklü “Sovetski”, “Dağlı”, İçərişəhər məhəllərindən olanların heç biri rus dili bilmirdi. Əksinə, orada yaşayan rusların özləri Bakı ləhcəsi ilə tər-təmiz Azərbaycan dilində danışırdılar. Özləri rusca danışanda elə bilirdik ki, azərbaycanlı danışır”.


Kanal.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış şoumen Kamran Həsənli deyib.Müsahibimiz bir sıra məşhurların sosial şəbəkə hesablarında rusdilli paylaşımlar etməsinin sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid atəşinə tutulmasının səbəblərini izah edib.

Xatırladaq ki, tanınmış KVN aktyoru, Əməkdar artist Bəhram Bağırzadə rusdilli paylaşım edən sənətçilər sırasında ilk yerdədir.K. Həsənliyə görə isə əsasən, bölgələrdən gələnlər daha çox rus dilinə meylli idilər və bununla şəhərə mənsubiyyətini göstərirdilər:

“İndi rusca danışanlar isə başqadır. Doğrudur, dil bilmək, rus dili bilmək yaxşıdır, ingilis dilini bilmək daha gözəldir, eləcə də digər dilləri bilmək əladır. Amma öz dilini qoyub başqa dildə danışmaq mənə görə, sadəcə öz millətini, irqini və valideynlərini aşağılamaq deməkdir. Bu gün rusca danışanların çoxu Ana dilində danışanlara üstdən aşağı baxmağa çalışırlar. Ona görə də elə adamların adını mən “taxtabaş” qoymuşam”.

“O ki qaldı məşhurların rusca danışmasına, mən nə Bəhram Bağırzadənin, nə də digərlərinin videolarını izləməmişəm. Bu gün Bakıda əyri bir stereotip var. Hətta mən rusdilli verilişlərdə də olmuşam, çıxışlar etmişəm. Bir şeyin şahidi olmuşam ki, bu tip adamların düşüncəsinə görə, əgər şəhər internasionaldırsa, deməli, orada ünsiyyət dili rus dili olmalıdır. Bunlar başa düşmürlər ki, sən işğalçıya baş əyib nökərlik edirsən” – o, əlavə edib.“Məsələn, London dünyanın ən çoxmillətli şəhərlərindən biridir, amma hər kəs ingiliscə danışır. Yaxud Moskva da eynilə çoxmillətli şəhərdir, amma orada bir özbək, yaxud tacik öz dilində danışa bilməz.

 Çünki sənə “çerno natsiya” deyə bilərlər, ona görə də rusca danışmalısan. Bakı da Azərbaycanın paytaxtıdır. Şəhərimiz nə qədər beynəlmiləl olsa yaxşıdır, amma nə olursa olsun, Azərbaycan dilində danışmalısan. Bütün millətlər burada dilimizdə danışmağa məcburdurlar, nəinki rusca. Ona görə də mən belə adamlara “taxtabaş” deyirəm”, – K. Həsənli fikirlərini tamamalayıb.