653d12522418a202310235322

Sumqayıtda silahlı insidentlə bağlı təfərrüatlar: Hücum edən evi yandırmağa cəhd edib - FOTO/VİDEO

Sumqayıtda evə silahlı hücumla bağlı daha bir maraqlı məqam üzə çıxıb.

İTV-yə danışan qonşu Rövşən Novruzov bildirib ki, səsə evdən bayıra çıxıb. R.Novruzov qonşusu Dağbəyi Fərəcovun yıxıldığını görüb:

“D.Fərəcov dedi ki, təcili yardım çağırın. Biz gələndə evə hücum edən şəxs evi də yandırmışdı”.

14:35

Oktyabrın 28-də saat 5:50-də Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində yaralanan Serkan Karakaş barədə əvvəllər də şikayətlər olub.

Kanal.az-ın əldə etdiyi məlumata görə, ailə-məişət və borc məsələlərinə görə S.Karakaş barəsində dəfələrlə şikayətlər edilib.

Hətta onun borc üstündə bir dəfə bıçaqlandığı da deyilir.

Bugünkü hadisəni orta yaşlı bir kişinin törətdiyi qeyd edilir.

Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

10:59

Sumqayıtda evə silahlı hücum nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsindən oxu.az-a bildirilib ki, Sumqayıt şəhərinin 16-cı mikrorayonunda baş verən hadisə ilə əlaqədar saat 06:05 radələrində dörd nəfər müxtəlif növ bədən xəsarətləri ilə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib:

“Onlardan Türkiyə vətəndaşı olan 1985-ci il təvəllüdlü Sərkan Karakaş əməliyyat olunub, vəziyyəti ağır olaraq qiymətləndirilir. 1960-cı il təvəllüdlü Tərlan Fərəcova, 1958-ci il təvəllüdlü Mehman Sarıyev Reanimasiya şöbəsinə yerləşdiriliblər və əməliyyat olunublar. Vəziyyətləri kafi qiymətləndirilir. 1990-cı il təvəllüdlü Etibar Sarıyev isə Travmatologiya şöbəsində müalicə alır. Vəziyyəti qənaətbəxşdir”.

10:07

Oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində iki nəfərin ölməsi və dörd nəfərin xəsarət alması barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Bu barədə Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, prokurorluq və polis əməkdaşları tərəfindən kriminalist və ekspertlərin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, digər zəruri hərəkətlər aparılıb və iş üzrə əhəmiyyət kəsb edən sübutlar götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi açılıb.

Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

09:57

Sumqayıtda evə silahlı hücumla bağlı bəzi məqamlar bilinib.

Kanal.az-ın məlumatına görə, hadisə qohumlar arasında baş verib.

Silahlı hücumu törədən şəxs 16-cı mikrorayonda yerləşən “Corat bağları” adlanan yaşayış massivində fərdi yaşayış evinə gəlib. Bu zaman əlindəki ov tüfəngi ilə 1985-ci il təvəllüdlü Karakaş Suzannanı və 1950-ci il təvəllüdlü Dağbəyi Fərəcovu öldürüb.

Daha sonra isə Serkan Karakaşı və D.Fərəcovun həyat yoldaşı Tərlan Fərəcovanı da vurub.

Silah səsinə qonşular hadisə yerinə gəliblər. Bu zaman 1958-ci il təvəllüdlü Mehman Mahmud oğlu Sarıyev, 1990-cı il təvəllüdlü Etibar Mahmud oğlu Sarıyev də xəsarət alıblar.

E.Sarıyev polisdir. Dağbəyi Fərəcovun kafe işlətdiyi bildirilir.

09:32

Sumqayıtda evə silahlı hücum zamanı yaralanan şəxslərin sayı məlum olub.

“Report”un yerli bürosunun məlumatına görə, xəstəxanaya hadisədən zərər çəkən 4 nəfər yerləşdirilib.

Bunlar 1958-ci il təvəllüdlü Mehman Mahmud oğlu Sarıyev, 1990-cı il təvəllüdlü Etibar Mahmud oğlu Sarıyev, 1960-cı il təvəllüdlü Tərlan Qulu qızı Fərəcova və Türkiyə vətəndaşı Sərkan Karakaşdır.

Onlara lazımi tibbi yardım göstərilir, vəziyyətləri ağıq olaraq qalır.

09:01

Sumqayıtdakı silahlı basqının daha bir neçə təfərrüatı məlum olub.

APA  xəbər verir ki, hücumda 1985-ci il təvəllüdlü Karakaş Suzanna və 1950-ci il təvəllüdlü Fərəcov Dağbəyi ölüblər.

İlkin məlumata görə, yaralılar Fərəcov Tərlan və Karakaş Serkan reanimasiyadadır. Serkanın vəziyyəti ağırdır.

06:51

Sumqayıtda evə silahlı hücum olub, ölən və yaralananlar var.

“Report”un məlumatına görə, hadisə 16-cı mikrorayonda yerləşən Corat bağları yaşayış massivində, fərdi yaşayış evində baş verib.

Belə ki, evə silahlı hücum zamanı ailənin iki üzvü öldürülüb, yaralılar var. Hazırda yaralıların sayı dəqiqləşdirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım briqadası cəlb olunub.

Hazırda zəruri istintaq tədbirləri davam etdirilir.