620d4f62847cf_putin

Putin müharibəyə illər öncədən hazırlanırdı: Navalninin həbsi, Qazaxıstan hadisələri... - ŞƏRH

Rusiyanın Ukraynaya hücum planı, aqressiyası illər öncədən planlaşdırılmışdı, Kreml təbliğatçılarının “biz hər şey etdik ki, müharibə olmasın” tezisi ağızlarından çıxan bütün söz yığını kimi yalandır.

Kanal.az xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli qeyd edib.

Onun sözlərinə görə, hadisələrin xronologiyası daha əminliklə bu təcavüzün azı son 3 ildə hazırlandığını, qərarın illər öncə verildiyini söyləməyə imkan verir:

“Sadəcə, Kreml son 3 ildə ona mane ola biləcək bəzi daxili və xarici əngəlləri aradan qaldırmaqla məşğul idi.

Hazırlığın ilk böyük həmləsi Belarusda oldu – 2020-ci ilin yazında Belarusla Rusiya arasında gərginləşən münasibətlər pik nöqtəsinə çatdı. Yaz aylarında Lukaşenkonun bir neçə müsahibəsi oldu, əsas da ukraynalı jurnalist, Rusiyanın ən zəhləsi gedən media adamlarından olan Qordona geniş müsahibə verdi – Putin və Rusiya haqqında xoşagəlməz ifadələr işlətdi, “Vaqner” əməliyyatı, Rusiyanın ölkənin daxili işlərinə burnunu soxması haqqında geniş danışdı. Bundan öncə isə Lukaşenko 2018-2019-cu illərdə daha yüksək səslə “çoxvektorlu xarici siyasət” barəsində danışırdı, 2019-cu ildə Bolton, 2020-ci ilin fevralın 1-də ABŞ Dövlət katibi Pompeonun Minskə səfəri baş tutdu. Bu səfərlər və “çoxvektorlu xarici siyasət” bəyanları Kremli çox qəzəbləndirmişdi. Nəticədə məhz Kreml Belarusda inqilabi şərait yaratdı, məhz Moskva Lukaşenkoya əsas qərib kimi 2000-ci ildən 2020-ci ilə qədər, tam 20 il “Qazprombankın” Belarus bölməsinin (BelQazPromBank – səhmlərin 49,8%-i “Qazproma”, 49,8%-i isə “Qazprombanka” məxsusdur) rəhbəri olmuş Babarikonu meydana çıxartdı. Moskvanın izni olmadan tualetə belə getməyən birisi Lukaşenkoya əsas rəqib, müxalifətin əsas pul dağarcığı oldu. Rusiya Lukaşenkonu öz yaratdığı müxalifət, özünün təşkil etdiyi etirazlar (aksiya iştirakçıları çoxu səmimi, dürüst insanlar idi, amma təşkilatçılıq Kremldən idi) nəticəsində Lukaşenkonu diz üstə qoydu, tam nəzarətə götürdü, Belarusu özünün quberniyasına çevirdi. Və bu məsələdə Qərbin mövqeyi çox yanlış və zərərli oldu - əgər hesablaya bilmədilərsə pis, qəsdən etdilərsə, Putinin əlinə oynadılarsa, çox pisdir (Bu məsələ gələcəkdə mütləq araşdırılmalıdır: Putinin cibində olan onlarla siyasətçi var Qərbdə). Əgər Lukaşenkonu Putin dizinin altına qoymasaydı, bu gün Ukrayna müharibəsi bəlkə də başlamazdı, başlasa belə, Rusiya qoşunlarının Kiyevə yaxınlaşması mümkünsüz olardı (xəritəyə diqqətlə baxın)”.

N.Cəfərlinin fikrincə, ikinci hazırlıq addımı Navalnı ilə bağlı idi:

“Onun 2020-ci ilin yanvarında, Rusiyada seçkilərə 9 ay qalmış Almaniyadan dönmə qərarı yanlış idi, Avropada kim onun başına aldadıb Moskvaya göndərdisə, tam Putinin planına uyğun davrandı. Navalnı həbs olundu, amma əsas bu da deyil – məsələni bəhanə edib Putin müharibəyə 1 il qalmış bütün medianı, sivil toplumu təmizlədi, hamını susdurdu, tutduğunu-tutdu, qalanı da ölkədən didərgin düşdü. Bu gün Navalnı hadisəsi, QHT və medianın qətl edilməsi olmasaydı, Rusiyada ayaqda qalan, fəaliyyəti olan institut və insanların sayı çox olsaydı, bəlkə də müharibə olmazdı, olsaydı da cəmiyyət belə rəzil və susqun durumda olmazdı (Bu məsələ də ciddi araşdırılmalıdır, görəsən Qərbin hansı dairələri, kimlər Navalnını bilərək oda atıb Rusiyada bütün müxalif düşüncənin öncədən məhv etməyə Putinə kömək etdilər)”.

Politoloqun fikrincə, üçünkü addım Qazaxıstan idi:

“İndi tam aydındır ki, Ukraynadan sonra sanksiyalardan yan keçmək üçün Qazaxıstan Kremlə hava-su kimi lazım idi, çox güman, Nazarbayev özünü daha müstəqil aparmaq istəyirdi, ona görə əzdilər, Tokayevi gücləndirdilər. Və bu məsələdə də Qərbin davranışları ciddi izlənilməlidir - əgər Rusiyanın Qazaxıstan üzərindən “nəfəsliyinin” olduğunu görüb buna öz maraqlarına görə səssiz qalacaqlarsa, bu da ciddi araşdırılmalı mövzu olacaq. Qərbə Rusiyadan neft-qazdan çox əlvan və nadir metallar lazımdır, bu metallar olmadan yeni enerji keçidi mümkün deyil, bu metalları almaq istəyirlər, 3-cü ölkələr vasitəsi ilə alacaqlar da, bu da əsas Qazaxıstan olacaq...”