Araşdırmaçı Anar Tağıyev əfsanəvi partizan Mehdi Hüseynzadə (“Mixaylo”) ilə bağlı maraqlı faktı üzə çıxarıb.
Kanal.az xəbər verir ki, o, “Mixaylo”nun komandiri olmuş partizan Cavad Həkimli barədə bir xatirəni bölüşüb.
“Mixaylo”nun 84 ildir açılmayan sirri… 1942-ci ildə əsir düşən azərbaycanlı partizan Cavad Həkimli düşərgədə bir həmvətənimizlə tanış olur. Bu, digərlərindən xarakterinə, xasiyyətinə, davranışına, hərəkətlərinə, zarafatçıllığına görə xüsusi seçilən və sonradan əfsanələşən qəhrəman “Mixaylo” – Mehdi Hüseynzadə idi. Onlar bir-birinə “əmioğlu” deyə müraciət etməyə başlayır, getdikcə əsl dosta çevrilirlər.
Cavad bəy bir dəfə “Mehdi mənə bir sirr açıb. Ancaq söz verdim ki, bu barədə heç kimə heç nə deməyəcəyəm. Sirri özümlə qəbirə aparacağam” deyib. Təəssüf ki, Cavad Həkimli 2006-cı ildə vəfat etdi və həmin sirri heç kimə açmadı”, – A.Tağıyev qeyd edib.
“Mixaylo”nun sirrinin nə olduğu bu günə qədər açıqlanmadığı üçün bu barədə yalnız versiyalar irəli sürmək olar. Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev Mehdi Hüseynzadənin gizlədilən ölümü ilə bağlı məqaləsində qeyd edir ki, Mixaylo Məhəmməd Əmin Rəsulzadəni öldürməkdən imtina etdiyi üçün qətlə yetirilib. Bu baxımdan “Mixaylo”nun Cavad Həkimliyə açdığı sirrin məhz “Rəsulzadənin qətli” sifarişi ilə bağlı olduğunu ehtimal etmək olar. Lakin bu da sadəcə bir versiyadır və həqiqət payının nə qədər olduğunu yalnız iki nəfər – Mehdi Hüseynzadə və Cavad Həkimli bilirdi.
Qeyd edək ki, C.Həkimli əsirlikdən 1946-cı ildə azad olunub. Bakıya gələrkən “Mixaylo”nun bacıları Bikə Əlizadə və Huriyyət Əzizbəyova ilə görüşərək, Mehdinin şəxsi əşyalarını onlara təhvil verir, onun qəhrəmanlığından, şərəfli döyüş yolundan danışır.
C.Həkimli 1958-ci ildə “Uzaq sahillərdə” filminin çəkilişində əsas məsləhətçi olmuş, hətta filmin iki epizodunda çəkilmişdi. Hətta bu filmdə məsləhətçi kimi iştirakına görə 1958-ci ildə ona 790 manat pul mükafatı yazılıb.
Fotoda: Cavad Həkimli

/globalinfo.az