664597722ff72202405241946

Xaçmazda vəhşət, insan ətindən qutab, o qadın haradadır? - Adamyeyənlər

- Bura bir azərbaycanlı gətiriblər. Görəsən nə törədib ki, onu bura atıblar. Bura çox dəhşətli yerdi, həddən artıq.


Dostumuzun səhər Lent.az-a etdiyi zəngdən heç nə anlamamışdım həmin vaxt. Amma o durmadan danışırdı. 

- “Qara delfin” eşitmisən? Hə, bax o türməyə, bizdən 60-70 km aralıda yerləşir. Orda manyaklar, terrorçular, adamyeyənlər yatır.


- Hə, “Qara delfin”də saxlanılan amansız qatillərdən biri azərbaycanlıydı. Adı Nazim, atasının adı Qurban. Soyadı Kovalov. 1969-cu il təvəllüdlü. Bu cani haqda məlumatı uzun axtarışdan sonra müəyyən etdik. Öyrəndik ki, o, 13 may 1999-cu ildə Saratov vilayətinin Tatişev rayonunda yerləşən Oktyabrsk şəhərciyində 4 nəfərlik bir ailəni qətlə yetirib. Özgəni də yox, öz bacısı Güldəstə Məmmədovanın ailəsini. Sonra hamısının meyitini doğrayıb, torbalara yığır və çöldə basdırır. 

O, özünü bu dəhşətli zindanda əvvəlcə adamyeyən kimi təqdim edirmiş. Ki, bir ailəni qırdığına görə, əlavə təzyiqə məruz qalmasın. Amma onun yalanı təbii ki nə vaxtsa ifşa olunacaqdı. Az sonra onun qatil olduğu üzə çıxmışdı. 

Bəs niyə adamyeyən axı? Nə məcbur edirmiş buna Nazimi? Bircə səbəb var. Heç bir dustaq, hətta ən dəhşətli qatil belə yanındakı adamyeyənlə cəza çəkməsini istəməzdi... 

***

“Şərikli çörək” filmindəki əşya bazarı yadınızdadırmı? Bir nəfərə pencək satır dələduzlar. O isə bir qədər aralanıb əlindəki kağız bükülünü açıb qurtaranda görür ki…pencək yoxdur. Yoxa çıxıb. Bakının məşhur Sabunçu vağzalının yaxınlığında olmuş və elə beləcə, “Soldat bazarı” adlanan bazardan gedir söhbət. Ötən əsrin 40-60-cı illərinə kimi mövcud olub “Soldat bazarı”. Burda hər şey satılırmış - xırdavatdan tutmuş ərzağa, pal-paltara kimi. Amma bu bazarda təkcə əşyalar yoxa çıxmırdı. Şayiələr gəzirdi ki, burda bəzən adamlar da izsiz-soraqsız yoxa çıxırmış. Sonra isə onları harasa aparıb öldürür, ətindən peraşki, qutab bişirib elə vağzalyanı ərazidəcə satırmışlar. Amma bu sadəcə şayiələr idi. Sovet hüquq-mühafizə orqanları bircə sənəd, fakt ortaya qoymamışdı. Kim bilir, bəlkə də arxivlərdə bu haqda hansısa sənədə rast gəlmək olar. Bunlar, sadəcə ehtimallardır. Amma aşağıda söhbət açacaqlarımız isə ehtimal deyil… 

2001-ci ildə ölkə teleməkanında yayımlanan “Ailələr və talelər” verilişində jurnalist Nailə İslamzadənin bir müsahibi olmuşdu. Xanım həmkarımızın suallarını adamyeyən manyak bütün çılpaqlığı ilə cavablandırmışdı. İqor adlı  manyak müsahibəsində bildirmişdi ki, onun bu cür amansız əməli törətməsinin səbəbi 15 yaşında sevdiyi bir qız olub. Belə ki, sevdiyi qızdan rədd cavabı alan İqorda qadınlara qarşı nifrət yaranır. Dediyinə görə, o, bunu həzm edə bilmir və qadınlardan qisas almaq qərarına gəlir. 20-25 yaşında olan qızlarla tanış olduqdan sonra onları Xaçmaza, cinayət ortağının meşədə yerləşən evinə aparırmış. Orada qızları öldürdükdən sonra cinayət ortağının - həyat yoldaşının da yardımı ilə onları ət maşınından keçirib, qutab bişirib, həm özləri yeyiblər, həm də avtovağzal və digər yerlərdə camaata satıblar: “Camaat bilmədiyi üçün qutabları alıb, yeyirdilər. Biz özümüz də əti yeyirdik. Qızları mən seçirdim. Onlara birinci pul təklif edib, cəlb edirdim. Daha sonra isə Xaçmaza, İzmaylovka adlanan hissəsinə aparırdım. Apardığım qızları dostumla birlikdə balta ilə öldürüb, başlarını kəsirdik. Qızlar əvvəlcə nə baş verdiyini hiss etmirdilər. Yalnız ölümlərinə az qalmış başa düşürdülər, ki, onda da gec olurdu”. 

Manyak onu da bildirmişdi ki, o, nə qədər qız öldürsə də, qəlbi soyumamışdı. Manyak müsahibənin sonunda onu da söyləyir ki, həbsdən çıxdıqdan sonra yenə də əməllərinə davam edəcək. Bu müddət ərzində manyakın taleyi necə olub? Onun cinayət ortaqları həbs edilibmi? Bütün bunlar barədə məlumat yoxdur. 

*** 

80-ci illərdə Bakıda Şetinovlar ailəsi yaşayırdı. Gənc ər-arvad tez-tez evlərinə dostlarını dəvət edir, şən məclislər qurardılar. Bütün məclislərdə isə qonaqlara ətdən hazırlanmış təamlar verilərmiş. Orta və yaşlı nəsil xatırlayar, o vaxt Azərbaycanda ət qıt idi. Talonla verilirdi. Hər bir ailə üzvünə aya bir kilo ət satırdı dövlət, artıq yox! 
Və günlərin bir günü Şetinovların evinin qapısını DTK əməliyyatçıları döyür. Onlar həbs edilirlər. İlkin araşdırmalar zamanı məlum olur ki, Şetinovlar adamları öldürür, özlərinə, yəni bişirəcəkləri qədər əti götürür, cəsədin qalan hissəsini isə bağda basdırırmışlar. Ər Andrey Şetinov barəsində ölüm hökmü çıxarılır. Və o, 1993-cü ildə güllələnir. 

Tanınmış hüquq müdafiəçisi Eldar Zeynalov bir dəfə müsahibələrinin birində deyirdi. “Bayıldakı “Beşinci korpus” “Ölüm körpusu” adlanırdı. 16 kiçik kamera və 1 hamamı vardı. Bütün kameralar dolu olub. Dəhlizin sonunda, hamamın qarşısında məhbusları qorxuya salan bir qapı var idi. Bu qapının arxasında onları ölüm gözləyirdi. Güllələnmə zirzəmisi bir-birinə bitişik dörd səs keçirməyən otaqlardan ibarət idi. Onların hər biri digərindən aşağı səviyyədə yerləşirdi. Zirzəmidə məhkumun əynini dəyişdirirdilər, sonra onu pilləkənlə aşağıdakı növbəti otağa düşürürdülər. Burada protokola əsasən məhkumu həbsxananın rəisi, nəzarət üzrə prokuror, həkim, icraçı və din xadimi olurdu”. 
Zeynalovun sözlərinə görə, 132-ci kameranın məhbusu Şetinovun sakit görkəmi olub və o, heç də adamyeyənə oxşamırmış: “Amma 15 il həbs cəzasına məhkum edilən həyat yoldaşı ilə birlikdə bir neçə insanı öldürmüş və parçalamışdı. Şetinov törətdiyi cinayəti heç vaxt inkar etməyib və özü kamera yoldaşlarına danışırmış ki, adam əti yeyib və öldürdüyü adamın qanını içib”. Şetinov bilib ki, bu dəfə onun dalınca gələcəklər. Deyilənə görə, o, kamera yoldaşları ilə vidalaşandan sonra qapıya yaxınlaşır və əllərini qandallanmaq üçün nəfəslikdən bayıra uzadır. Şetinov dəhlizdə nəzarətçidən siqaret istəyir və onun bu arzusu yerinə yetirilir. O, siqaret çəkəndən sonra zirzəmiyə doğru gedir və bundan bir neçə dəqiqə sonra atəş səsi eşidilir. Zaman 14 fevral 1993-cü ili göstərirdi. Bundan 7 ay əvvəl Şetinov əfv üçün müraciət etsə də, onun ərizəsi rədd edilmişdi. 

Eldar Zeynalov deyir ki, illər sonra Andreyin 15 il müddətinə azadlıqdan məhrum edilmiş arvadını axtarıb tapmaq istəyib. Hətta qadın həbsxanasına belə gəlib, maraqlanıb. Amma məlum olub ki, həmin qadın artıq azadlıqdadır. Hətta 4-cü, qadın kolonunda  danışırmışlar ki, hə, burda bir adamyeyən qadın da cəza çəkib. Bəs o qadın indi haradadır, ölübmü, qalıbmı, bu bilinmir.