665b8d7843b0a202406240704

Valideynlərin nəzərinə - Bu uşaqlara 600 manat verilir

Azərbaycanda tətbiq edilən aylıq müavinətlərdən biri də övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə ödənilən puldur.


Metbuat.az bildirir ki, bunu deputat, iqtisadçı Vüqar Bayramov deyib. O deyib ki, bir sıra hallara şamil olunmasına baxmayaraq, valideynlər bu müavinətdən istifadə etmirlər:

"Belə ki, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı övladlığa götürən şəxsə hər uşağa görə aylıq pul ödənilir. Mövcud qaydalara əsasən, övladlığa götürülən uşağa görə hər ay 200 manat, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə 600 manat ödəniş nəzərdə tutulub. Uşaqlara görə pul onlar 18 yaşına çatanadək ödənilir".


Deputatın sözlərinə görə, belə valideynlər şəxsiyyətini təsdiq edən sənədin surəti, uşağın doğum haqqında şəhadətnaməsi və şəxsiyyət vəsiqəsinin surəti, uşağın övladlığa götürülmə haqqında şəhadətnamə və uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surətini yaşadıqları ərazi üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, DOST mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" təqdim etməklə müavinəti ala bilərlər:


“Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə 5 gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir.


Bu hüququ olan, amma əvvəl müraciət etməyənlər üçün də ödənişi almaq imkanı yaradılır. Belə ki, müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki üç il üçün ödənilir”.