666762f14165c202406243249

VACİB XƏBƏRDARLIQ - Qeysəriyyə üsulu ilə doğulan uşaqlar ölür?

Xəbər verdiyimiz kimi, tanınmış aparıcı Çinarə Əliyeva yeni doğulan övladını itirib. Məlumata görə, doğum qeysəriyyə əməliyyatı ilə həyata keçirilib. Bir neçə gün öncə meyxanaçı Oruc Bayramsəsin də (Oruc Lənkəranlı) qeysəriyyə əməliyyatı ilə doğulan övladı vəfat etmişdi. Belə hadisələrin sayının artması insanlarda narahatlığa səbəb olur. İddialar var ki, körpə ölümlərinə səbəb qeysəriyyə yolu ilə həyata keçirilən doğumlardır. 


Bəs bu fikirlərdə doğruluq payı varmı? 

Ginekoloq Gülnar Ağayeva bu iddialar haqda “Yeni Sabah”a açıqlama verib:

“Qeysəriyyə əməliyyatında körpənin ölüm faizi çox az olmalıdır. Ancaq bu yaşanırsa, körpənin dünyasını dəyişməsinin təməlində çox ciddi səbəblər var. Uşağın ana bətnində oksigen azlığına məruz qalması, göbək ciyəsinin 3 dəfə, bərk və sıx dolanması belə səbəblərə daxildir. Ancaq düşünürəm ki, daha çox cift gəlişi, uşağın qan udması da ölümə gətirib çıxara bilər. Detalları tam bilmədiyim üçün dəqiq fikir söyləmək bir az çətindir. Hamiləlik dövrünün necə keçməsi, həmin müddət ərzində hər hansı problemin olub-olmaması da burada önəmli faktor sayılır”. 

Həkim bildirib ki, qeysəriyyə əməliyyatında uşaq ölümü nadir hallarda baş verir:

“Ola bilər ki, cift öndə yerləşsin, onu çıxartdıqda, yaxud qopduqda, uşaqlığın içinə qan çox dolan zaman məcbur qalıb qeysəriyyə əməliyyatına götürəndə bətndəki körpə qan udaraq, boğula bilər. Bundan əlavə uşaqda qüsur ortaya çıxar ki, məsələn ağciyərləri açılmaya bilər. Qeysəriyyə əməliyyatında uşaq ölümü çox nadir halda olur. Ümumilikdə isə, qeysəriyyə əməliyyatında uşaq ölümü əməliyyata bağlı olmur. Uşağın ürəyində, ciyərində hər hansısa problem, qüsur, çatışmazlıq ola bilər ki, dünyaya gələndən sonra neonatologiya şöbəsində dünyasını dəyişsin”. 

Aytac Şahin