cəhənnəm qapısı

Türkmənistan lideri təlimat verdi: "Cəhənnəm qapısı" bağlanacaq

Türkmənistanın Dərvəzə bölgəsində 51 ildir yanan təbii qaz krateri söndürüləcək.

Axar.az xəbər verir ki, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov “Cəhənnəm qapısı” kimi tanınan bu kraterdə yanğının söndürülməsi üçün göstəriş verib.

Berdiməhəmmədov bir qrup mütəxəssisə krateri söndürməyi və "Cəhənnəm qapısı"nı bağlamağı tapşıraraq, onlardan bu qeyri-mümkün görünən işi yerinə yetirmək üçün yol tapmalarını istəyib.

Türkmənistan dövlət televiziyasında çıxış edən Berdiməhəmmədov məsələ ilə bağlı həm iqtisadi, həm də ekoloji problemləri dilə gətirib.

Qeyd edək ki, Mərkəzi Qaraqum səhrasında, Türkmənistanın paytaxtı Aşqabaddan 250 kilometr aralıda yerləşən təbii qaz kraterinin dərinliyi təqribən 50 metr, eni isə 100 metrdən çoxdur. Krater 1971-ci ildə qazma işləri zamanı yanmağa başlayıb və o vaxtdan bəri yanğın söndürülməyib.

Berdiməhəmmədov 2010-cu ildə də alovu söndürmək üçün mütəxəssislərə göstəriş versə də, nəticə olmamışdı.