Sevgilinin xəyanət etməsini necə öyrənmək olar?
Psixoloq Dəyanət Rzayevin Milli.Az-a dediyi sözlərə görə, qadın və kişi elə xəyanət edə bilər ki, bunu heç kim bilməz: "Amma bəzi əlamətlər onların vəfasız olduğunu üzə çıxarır. Bu əlamətləri anlamaq üçün, ilk növbədə, nəzərə almaq lazımdır ki, qadında sevgi və istək hissləri psixoloji, kişilərdə isə fizioloji amillərlə bağlıdır. Yəni kişi qadına uzun müddət soyuq münasibət göstərirsə, bu, onun xəyanətinin göstəricisi ola bilər.
Qadın kişiyə soyuq münasibət göstərirsə, bu, heç də onun xəyanət etməsi demək deyil. Belə ki, qadını kişidən aralarında baş verən konfliktlər və ya diqqətsiz qalması uzaqlaşdırır. Nəticədə qadında sevgi yavaş-yavaş ölür və qadın kişiyə soyuq münasibət bəsləyir. Düzdür, istisna hallarda bu cür davranış qadının xəyanətkar olduğuna işarə edir. Əfsuslar olsun ki, bizim kişilər qadın yaxın buraxmadıqda ondan şübhələnir və həyatında kiminsə olduğunu düşünməyə başlayırlar. Kiminsə sözünə inanaraq, həyat yoldaşının xəyanət etdiyini düşünən kişilər də var. Çox vaxt da bu cür söz-söhbətlərin axırı yaxşı qurtarmır. Məsələn, kimsə qadının əxlaqı haqqında pis danışır. Kişi də qadını öldürür. Bununla bağlı kifayət qədər hadisələr haqqında kriminal xəbərlərdə də verilir".
Xəyanəti hansı əlamətlər biruzə verir
Kişilərin xəyanətini iki əlamətə əsasən, bilmək olar. D.Rzayev qeyd edib ki, bunlardan ən əsası kişinin arvadına yaxın durmamasıdır: "Azərbaycanda, ümumiyyətlə, belə şeylər olur. Əsasən də, evliliyin ilk aylarında arvadına qarşı diqqətli olan ər, uşaq dünyaya gələndən sonra arvadına qarşı soyuyur. Bu qadına pis təsir etsə də, normal bir davranışdır. Ona görə ki, təbiətcə insanın əsas məqsədi nəsli davam etdirməkdir. Uşaq dünyaya gəldikdə isə elə bil ki, bu funksiya yerinə yetirilir", - deyə psixoloq əlavə edib ki, ər tez-tez arvadına yorulduğunu və s. bəhanə gətirərək yaxın ünsiyyətdən qaçırsa, onun həyatında başqasının olması ehtimalı çoxdur. Ola bilər ki, ər hansısa psixoloji problemlər yaşadığı üçün də bu cür hərəkət edir.
Xəyanətə işarə edən ikinci əlamət isə kişinin davranışının dəyişməsidir. Ola bilsin ki, hər şey yaxşı olduğu halda da ər nədənsə qəmgin və fikirli görünür. Həmişə münasibətləriniz yaxşı olsa da, pozulmağa başlayıb. Bu onu göstərir ki, hansısa qadın xoşuna gəlib. Lakin bu cür davranış işlərində problemlərin olduğundan da xəbər verə bilər. Belə ki, kişilər qadınlara nisbətən maddi durumun pisləşməsinə, işlə bağlı problemlərə daha çox reaksiya verirlər. Uzun müddət aralarında yaxınlıq olmayanda da kişidə istək azala bilər. Qadının xəyanət etdiyini göstərən əlamətləri isə tapmaq çox çətindir.
Qeyd edək ki, qadınların guya ki, səbəbsiz yerə kədərlənib ağlamaları və ya əksinə olaraq hardansa gəldikdən sonra hədsiz sevinmələri, həyat yoldaşının qarşısında özünü günahkar kimi hiss etmələri, mobil telefonu üzdə qoymamaları, zəng və ya mesaj gələndə həyəcanlı olmaları onların xəyanətinə işarə edir.
Müsahibimizin dediyinə görə, çox vaxt qadınlar kişidən qadın ətrinin iyi gəldikdə və ya üstündə qadın teli gördükdə şübhələnməyə başlayırlar. Lakin bu, təsadüfən, kişi hansısa iş yoldaşı ilə görüşəndə və yanağından öpəndə də baş verir. Qadın telləri isə geyimə hər yerdən yapışa bilər. Nəzərə almaq lazımdır ki, bu, bir-iki dəfə təsadüfən baş verə bilər, üçüncü dəfə isə artıq şübhə doğurur. Yaxşı olar ki, tapılan tellər yığılıb saxlanılsın. Sonra isə eyniləşdirilsin. Əgər tüklər eynidirsə, narahatlığa əsas var. Qadın və ya kişinin xəyanət etdiyini öyrənmək üçün "sms" və zəngləri çap formasında çıxartdırmaq da olar. Eləcə də, dedektiv tutmaq və sevdiyin insanın izlənməsini də sifariş etmək mümkündür.
Qadın və kişi xəyanətinin fərqli cəhətləri
Qadınlar səbəbsiz xəyanət etmirlər. Əgər kişi qadına diqqət göstərmirsə, onu döyür, incidir və təhqir edirsə, qadın xəyanət edə bilər. Qadın kişini sevmədiyi üçün də xəyanət edir. Ya da ki, əvvəl həyat yoldaşına qarşı istəyi olsa da, indi hissləri soyuyub və o, bu hissləri başqa yerdə axtarır. Kişilər isə qadınlara səbəbsiz xəyanət edirlər. Sadəcə, kişi olduqları üçün. Yəqin ki, tez-tez belə ifadə eşitmisiniz "Kişiyə hər şey olar". Yəni bu ifadə reallıqda özünü doğruldur. Kişi hətta arvadını sevdiyi halda da xəyanət edir. Ona görə də kişi xəyanəti xəyanət sayılmır.
Xəyanətin qarşısını necə almaq olar?
Psixoloq hesab edir ki, əsl sevgi öz əksini tapmamış bir hissdir. Əgər siz ərinizdən başqa heç kimin xoşuna gəlmirsizsə, deməli, siz onun da xoşuna gəlmirsiz. Kişi əmin olmalıdır ki, siz ona sadiqsiniz, amma eyni zamanda da o, rəqabət hiss etməlidir. O, düşünməlidir ki, onun rəqibi ola bilər. Məsələn, gül alıb evə gəlirsiz. Kişi də sizdən soruşur ki, "gül hardandır?" Siz də cavab verirsiz ki, "özüm almışam". Əslində elə özünüz almısız, amma sevgilinizin ürəyində qısqanclıq qığılcımları közərməyə başlayır. Ümumiyyətlə, hər iki tərəf yüngül formada itirmək qorxusunu yaşamalıdır ki, sevgi və ehtiras ölməsin.
Aynurə Məmmədova
Milli.Az
- Maraqlı
- 01 May 2024