681a5564ec130202505253100

Şamaxıda doğuldu, Bakıda böyüdü, 84 milyon dollar sərvətə sahib oldu - Azadlığa buraxılan Oleq Bakinski haqqında bilmədikləriniz

Azərbaycanda həbsdə olan ukraynalı kriminal avtoritet "Oleq Bakinski" ləqəbi ilə tanınan Krapivin Oleq Andreyeviç və Ukrayna müdafiə sənayesi nazirinin Avrasiya məsələləri üzrə sabiq müavini Kuçer Konstantin Antonoviçin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Kanal.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrlik etdiyi prosesdə Oleq Bakinskinin vəkili Xeyransa Babayeva vəsatət verib.

Vəkil müdafiə etdiyi şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini və ev dustaqlığına buraxılmasını istəyib. O, müdafiə etdiyi şəxsin səhhətində ciddi problemlər olduğunu, buna görə dərhal azadlığa buraxılması istəyib. Bildirib ki, müvəkkilinin qapalı yerdə saxlanılması mümkün deyil.

Dövlət ittihamçısı məsələnin məhkəmənin mülahizəsinə buraxıb.

Müşavirə keçirən hakimlər heyəti qərar elan edib. Qərara görə, vəsatət təmin edilib, Oleq Bakinskinin barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub. O, azadlığa buraxılıb.

İttihama görə, zərərçəkən kimi tanınan Valeriy Zaxarenkonun lisenziyası ləğv edilmiş "Günay Bank"da bir neçə milyon avro pulu olub. Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı V.Zaxarenko vəsaitini götürmək üçün Bakıya gəlib, ancaq bank bağlandığından həmin pulları çıxarmaqda problem yaranıb.

O.Bakinski, K.Kuçer və V.Zaxarenko məsələni yoluna qoymaq üçün Bakının Xətai rayonunda yerləşən Babək Plazada görüşüblər.Lakin tərəflər ortaq məxrəcə gələ bilməyiblər və aralarında mübahisə düşüb. O.Bakinski şüşə butulka ilə V.Zaxarenkoya xəsarət yetirib. Sonuncuya tibbi yardım göstərmək üçün Yeni Klinikaya aparıblar. Cinayət işi üzrə V.Zaxarenko zərərçəkmiş kimi tanınıb.Eyni zamanda, daha iki şirkət zərərçəkmiş sayılır. Bunlar “Aviazapchast” Açıq Səhmdar Cəmiyyəti və “Promyshlennye Postavki Kazakhstan” Məhdud Məsuliyyətli Cəmiyyətdir.

O.Krapivin 2024-cü ilin iyulun sonlarında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakıda həbs olunub.

O, kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınır. O, Cinayət Məcəlləsinin az ağır xəsarət yetirmə, xuliqanlıq, K.Kuçer isə xuliqanlıq və dələduzluq maddələri ilə ittiham olunurlar.

Sonuncu eyni zamanda məcəllənin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə günahlandırılır. (teleqraf)

***

Kanal.az xəbər verir ki, Oleq Krapivin 1960-cı il sentyabrın 29-da Şamaxı rayonunun Şəhriyar qəsəbəsində anadan olub. 1966-cı ildə ailəsi ilə birlikdə Bakıya köçüb.
Bakıxanov qəsəbəsindəki idman təmayüllü internat məktəbində oxuyub. Sərbəst güləş üzrə ondördqat (!) Azərbaycan çempionudur.
2007-ci ildə o, Türkiyənin İstanbul şəhərində veteranlar arasında keçirilən yarışda sərbəst güləş üzrə dünya çempionu adını qazanıb.
1989-cu ildən Kiyev şəhərində yaşayırdı. 4 övladı var.
Krapivin zəngin adamdır. Kiyevdə çoxsaylı ticarət mərkəzləri, mülki mövcuddur. "Forbes”in 2023-cü il də yaydığı məlumata görə, o, Ukraynanın 100 ən varlı adamı siyahısında 84 milyon dollar varidatla 98-ci yerdə olub.