Rusiyanın planı ifşa oldu: Lokal döyüşlər olacaq

  • Siyasət
  • 19 Fevral 2022
ordu döyüş müharibə

“ABŞ bu cür məlumatları Moskvadakı kəşfiyyat mənbələrinə istinad edərək yayır. Hiss olunur ki, adıçəkilən ölkənin Rusiyanın dövlət strukturlarında casusları var, çünki kifayət qədər ciddi məlumatlar əldə olunur”.

Kanal.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.   

Politoloq qeyd edib ki, müharibənin 16 fevralda olmamasının əsas səbəbi onların planlarının ifşa olmasıdır: “Belə olduğu halda Putin döyüşün başlama vaxtını ertələmək məcburiyyətində qaldı. ABŞ Rusiya ilə Çin arasında olan yaxınlıqdan narahatdır. Çünki Çin yeganə böyük ölkədir ki, Rusiyaya dəstək verir. Məhz bu səbəbə görə də Vaşinqton adıçəkilən ölkəyə qarşı sərt mövqe nümayiş etdirir. Rusiya isə verdiyi vədlərdən fərqli olaraq qoşunlarının hamısını geri çəkməyib”.

E.Şahinoğlu vurğulayıb ki, təxribatçıların arxasında olan Rusiya hərbi mərkəzləri müharibə üçün zəmin hazırlayır: “Ötən gün Donbas və Luqanskda atəşkəs yenə pozuldu. Həmin ərazilərdə lokal toqquşmalar hər an başlaya bilər. Hər iki tərəfdən biri gərginliyin artması ilə hücuma keçə bilər. Ukrayna sərhədlərində isə hələ də tanklar mövcuddur, yəni geri çəkilməyiblər. Belarus sərhədlərində isə Rusiyaya aid olan zirehli texnikalar daha çox cəmləşib. Olanlar ondan xəbər verir ki, Rusiya öz planlarından əl çəkməyib. Adıçəkilən ölkə Donbas ərazisini öz torpaqlarına birləşdirmək istəyir. ABŞ, İngiltərə və başqa dövlətlərin Ukraynaya verdiyi kəşfiyyat məlumatlarında Rusiyanın əlində hücum planlarının olduğu qeyd edilib. Bu xəbərlərə uyğun olaraq onlar da təhlükəsizlik tədbirlərini gücləndirirlər. Hətta Ukraynaya aid olan məxfi sənədlərin Lvova aparılması ilə bağlı məlumat var. Prezidentin isə öz yerini dəyişəcəyi real deyil, o, elə Kiyevdə də qalacaq. Azərbaycan necə təbii hüquqlarından istifadə edərək öz torpaqlarını işğaldan azad etdisə, Ukraynanın da belə bir haqqı var. Sadəcə adıçəkilən ölkə indiki halda Rusiyaya hərbi müdaxilə üçün bəhanə vermək istəmir. Çünki Donbasa müdaxilə etdiyi zaman Rusiyanın hücum etmək üçün əlinə fürsət düşəcəyini yaxşı bilir. İndiki halda həmin əraziyə Ukraynanın hücumu çətin görünür, ancaq qarşısında hədəf olaraq mövcuddur”.

Oxşar xəbərlər