6641f2e8674ed202405240056

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

Alimlər psixodelik təsir yaradan qurbağa zəhərindən depressiya və anksiyetenin müalicəsi üçün istifadə edilə biləcəyini düşünürlər.


Kanal.Az medicina.az-a istinadən xəbər verir ki, halüsinasiya təsirli göbələklərdəki LSD və psilosibin kimi psixodelik dərmanların zehni xəstəlikləri müalicə etmək potensialı ilə bağlı araşdırmalar son illərdə geniş vüsət alıb.

Məsələn, ötən il aparılan bir araşdırma, Kolorado çayı qurbağasının zəhərində olan "5-MeO-DMT" kimi müxtəlif psixodelik maddələri istehlak edən insanların anksiyete və depressiya əlamətlərində yaxşılaşma olduğunu müəyyən edib.

Zəhərinin tərkibindəki birləşmə sayəsində halüsinasiyalar yaratdığı uzun müddətdir bilinən bu qurbağanın dərisi də eyni maddəni ifraz edir. ABŞ rəsmiləri 2022-ci ildə xalqı qurbağaları yalamamağa çağıraraq, zəhərin ölümcül təsir göstərə biləcəyini vurğulamışdı.

Yeni elmi araşdırmalar psixodelik maddələrin psixi sağlamlıq üçün faydalı ola biləcəyini ortaya qoyur. Alimlər halüsinasiyalara səbəb olmadan bir dozada depressiyanı müalicə edə biləcək psixodelik dərmanlara bir addım daha yaxınlaşıblar.

"Nature" jurnalında dərc edilən tədqiqatı həyata keçirən qrup bu qurbağaların zəhərində olan "5-MeO-DMT" birləşməsinin tənzimlənən formasını araşdırıb və ondan müalicə məqsədləri üçün istifadə yollarını axtarıb.

Əvvəlki araşdırmalar psixikaya təsir edən maddələrin beyində "5-HT2A" adlanan serotonin reseptorunu stimullaşdıraraq halüsinasiyalar yaratdığını aşkar etdiyinə görə, elm adamları əsasən bu reseptoru öyrənirlər. Ancaq qurbağa zəhərindəki "5-MeO-DMT" 5-HT1A adlı başqa bir serotonin reseptoru ilə də qarşılıqlı təsir göstərir. Maddənin bu reseptorlarla əlaqəsini başa düşmək üçün elm adamları "5-MeO-DMT"nin müxtəlif variantlarını istehsal edərək onların təsirini müşahidə ediblər. Tədqiqatçılar 5-HT1A reseptorunu güclü şəkildə stimullaşdıran variant əldə etdilər və onu depressiya və anksiyete əlamətləri göstərən siçanlar üzərində sınaqdan keçirdilər. Maddənin redaktə edilmiş forması antidepresant və anksiyete dərmanlarının təsirini yaratdı və siçanlarda psixodelik təsirlər müşahidə olunmadı.


"Psixodelik reseptoru demək olar ki, tamamilə "iqnor edən" selektiv birləşmənin depressiya və narahatlıq üçün effektiv müalicə variantı ola biləcəyini göstərdik. "5-MeO-DMT" birləşməsinin 5-HT1A reseptoruna qarşı 800 dəfə daha seçici olduğu müəyyən edildi", - tədqiqatın həmmüəllifi Devid Lekri bildirib.

Tədqiqatın digər müəllifi Deniel Uaker isə deyir ki, nəticələr psixi sağlamlıq müalicəsində yeni və bəlkə də daha təsirli dərmanların inkişafı baxımından ümid vericidir. Ancaq bu nəticələrin insanlarda da müşahidə edilib-edilməyəcəyini müəyyən etmək üçün daha çox araşdırmaya ehtiyac var.