621f96c7a5321_fjtyjtyjty

Qərbin Türkiyədəki şəbəkəsi hərəkətə gətirildi - Ankara hansı gedişi edəcək?

"Qərbin Türkiyədəki siyasi şəbəkəsi aktiv hərəkətə gətirilib: Prezident Ərdoğandan Rusiya-Ukrayna savaşında konkret tərəf tutmaq, daha dəqiq desək, Türkiyənin Putinə qarşı birləşmiş Qərb ittifaqıyla birgə hərəkəti tələb edilir, bu yöndə qurulmuş informasiya savaşının əsas alətləri rolunda çıxış edirlər. Ərdoğan isə "Nə Rusiyadan, nə də Ukraynadan vaz keçəcəyik" deyərək, bu iki slavyan xalqı arasında körüklənən savaşın durdurulmasına, bütün problemlərin danışıqlar və hüquq yoluyla həll edilməsinə tərəfdar olduğunu bildirir. Ən doğru olanı da budur: sən müstəqil dövlətsənsə, dövlət başçısısansa qərarları kənar təsirlə deyil, öz iradənlə və xalqının da maraqlarına ən uyğun olan şəkildə qəbul etməlisən".

Bunu Publika.az-a açıqlamasında politoloq Elxan Şükürlü deyib. 

Politoloq bildirib ki, bu gün Türkiyənin Ukrayna üzərindən Rusiya ilə toqquşdurulması cəhdi nə Türkiyənin, nə Rusiyanın, nə də Azərbaycanın xeyrinədir:

Xüsusən də nəzərə alsaq ki, son 6 ildə - 2016-cı ildə amerikalıların Ərdoğanı devirmək cəhdlərinin alınmamasından sonra Türkiyə ilə Rusiya arasında çox yaxşı münasibətlər qurulub və bu münasibətlərin yaxınlaşmasından da ən çox udan tərəf elə Azərbaycandır, bu baxımdan biz heç bir halda Ukrayna üzərində Rusiya-Türkiyə toqquşdurulmasına tərəfdar olmamalı, bunu istəyənlərin təbliğatlarının təsirinə düşməməli, informasiya yayımçısına çevrilməməliyik. Bu gün Şərq slavyanları qrupuna daxil olan və bu slavyanlar arasında barışa çalışan, “öz problemimizi özümüz həll edək” prinsipindən çıxış edən Belarus Respublikası da Ukraynaya qarşı Rusiya ilə birgə hərəkət edirsə, son illər türk-slavyan ittifaqı nəzəriyyəsinin tərəfdarı kimi çıxış edən Türkiyə rəhbərliyi, eləcə də həm Türkiyə, həm də Rusiya ilə müttəfiqlik sazişi imzalamış Azərbaycan hakimiyyəti heç bir halda bu qarşıdurmada tərəfə çevrilməməli, Qərbin təzyiqlərinə baxmayaraq, barışdırıcı missiyalarını sonadək davam etdirməlidirlər. Bakı və İstanbul Şərq slavyanlarını barışdıracaq əsas şəhərlər olmaq statuslarını sonadək qoruyub saxlamağı bacarmalıdırlar".