
Qadınlar nəyə görə ağlayar?
Avtobusda tək-tük adamların içində, arxa skamyaların birində oturmuş, əlində dəsmalı, bir yandan da hıçqıra-hıçqıra ağlayır və bir yandan da gözyaşlarını silirdi qadın.
Dərdi nə idi, niyə ağlayırdı, bilmirdim, ancaq nədənsə içimi yandırırdı hönkürtüsü. Bir qadının ağlaması məni darmadağın edir, parçalayır. Səbəbi nə olursa, olsun...
Bir qadın nəyə görə ağlayar?
Qadınlar çox güclü varlıqlardır. Ona görə də qadınları ağlatmaq o qədər də asan bir şey deyil. Əzablarını içində saxlayar, saxlayar və günün birində partlayar. Gözyaşları yanaqlarından sel kimi axar. Belə bir klişe də var ki, "qadınlar həmişə, hər an ağlaya bilər.” Əslində isə belə deyil. Daha duyğusaldır bir qadın. Hər şeydə incə düşünər. Buna görə əzabları çoxdur. Bir film izləyər, ağlayar, vaxtı ilə canını yandıran birisi üçün ağlayar, bir musiqi parçası ağladar onu, daha sadalamadığım bir çox şey üçün ağlayar. Ancaq bunun altında yatan, gizli qalan incə detalı heç kim dərk edə bilməz.
Əziz Nəsin – Bir qadını ağlatmaq yazısını kəşf etdim. "Bir qadın nəyə görə ağlayar?” araşdırması içində Əziz Nesin qədər gözəl anlada bilməzdim. Buna görə də Əziz Nesinin həmin yazısını sizlərə də təqdim edirəm.
Bir qadını ağlatmaq çox çətin deyil. Qadınlar hər şeyə ağlaya bilərlər, bir filmə, bir mahnıya, bir yazıya.
Və qadın ağlar, həm də çox…
Sanmayın ki, gedənə ağlayar qadın. Gedənin qopartdığı yerdir onu ağladan, orda qoyduğu yaradır.
O yaranın heç zaman qaysaqlanmayacağını, qaysaqlansa belə izinin qalacağını bilər qadın, buna görə ağlar. Amma bilirsinizmi, ağlamaq qadını yetkinləşdirir. Hər damla daha çox qadın edən qadınları. Hər damla bir dərsdir çünki.
Bəzi qadınlar ağlayanda çox adam "ağlama, niyə ağlayırsan ki, o bu göz yaşlarına dəyməz” deyirlər.
Bilmədiklərindəndir belə demələri. Çünki ürəkləri ağrıyan qadınlar ağlamasalar ölərlər. İçlərindəki zəhərdir onları öldürən. Ağlayaraq öz zəhərdən xilas olur qadınlar, yaralarındakı o irini təmizləyərlər. Çünki bilirlər ki, o irin təmizlənməsə iltihaba çevrilir yaraları. Amma gərək çevrilməsin yara iltihaba. Buna görə çox ağlayırlar. Zaman keçər sonra. Qadınlar özlərinə sarılmağı, özlərini qucaqlamağı öyrənirlər. Ümid edirəm ki, öyrənirlər, yoxsa ruhlar əyri yollara vurarlar özlərini.
Yolunu azan ruhun doğru yolu tapması yeni acılar deməkdir. Bunu bilir qadınlar, buna görədə əvvəl-axır öyrənirlər özlərinə sarılmağı. Çox ağlayan qadınlar çox şeydən imtina edən qadınlardır əslində. Hər damla yetkinləşdirir qadınları, amma yetkinləşdikcə sadəlövhcə inandıqları eşq gerçəyi onların gözündə kiçilir. Kiçildikcə dəyərini itirir və bax, o zaman özlərinə sarılıb yeni bir qadın yaradırlar özlərindən. Güclü, məğlubedilməz, məğrur və… eşqə inanmayan.
Adamlar çox vaxt soruşurlar, nəyə görə bu qədər subay qadın var deyə; hamısı da karyera dərdində.
Çünki inanclarını itirdi o qadınlar. Zamanla ürəklərinə o qədər iynə saplandı, o qədər çox ağladılar ki. Artıq özlərindən başqa doğru olmadığına inanırlar və buna görə özlərinə sarılırlar. Çünki bilirlər ki, sarıldıqları adamlar onlara layiq olmadı, həm də heç bir zaman. Həmişə bir mənfəətləri oldu sarıldıqları adamların..
Başqa nəyə görə sarılsınlar ki? Niyə sarılaq ki?
Ətrafımızda ürəkdən ağlayan bir qadın varsa bilin ki, o böyüyür, yetkinləşir. Bilin ki, o gerçəkləri qəbul etməyə başlamışdır.
Bilin ki, artıq eşqin olmadığına inanmışdır.Bilin ki, qucaqlamalı ancaq bir şeyi qalmışdır. O da kim, nə deyə soruşmayın. Çox ağlayan qadınlar əvvəldə axırda özlərini qucaqlayırlar çünki...
- Maraqlı
- 02 Dekabr 2023