putin

Putinin əsas məqsədi budur: Rusiya region dövlətlərinə qorxu salmaq istəyir: Onillik planın detalları

ABŞ-ın “Wall Street Journal” qəzeti Moskvanın sərt etirazlarla mübarizə üçün ondan yardım istəyən Qazaxıstana qoşun göndərməsini Putinin genişmiqyaslı layihəsinin bir hissəsi kimi qiymətləndirib.

Kanal.az qeyd edir ki, qəzetə danışan ekspertlər “Putinin özündən sonra qoymaq istədiyi miras”ı şərh ediblər.

Məqalədə Rusiya qoşunlarının çətin vəziyyətdə olan hökuməti dəstəkləmək üçün Qazaxıstana göndərilməsinin həm Qərbə, həm də digər keçmiş sovet respublikaları ölkələrinə açıq siqnal olduğu bildirilib. Qeyd olunur ki, Prezident Vladimir Putin Rusiyanın “toxunulmaz təsir dairəsi” hesab etdiyi şeyə qarşı heç bir təhlükəyə dözməyəcək.

“Ölkə liderinin tələbi ilə Qazaxıstana daxil olması, Gürcüstan, Belarus, Ukrayna və başqa yerlərdə Kremlə bağlı liderləri dəstəkləməklə bu ölkələri Rusiyaya yaxınlaşdırmağa yönələn Moskvanın təxminən 15 illik müdaxiləçiliyindəki son addımdır”, - məqalədə bildirilir.

Putinin keçmiş sovet məkanında Rusiya hegemonluğunu bərpa etmək əzmi daha çox onun SSRİ-nin dağılmasının “böyük geosiyasi fəlakət” olduğuna dair fikrinə əsaslanır. Analitiklər Putinin Rusiya ilə keçmiş sovet respublikaları arasında əməkdaşlıqda qarşılıqlı fayda gördüyünü və NATO-nun Şərqi Avropaya genişlənməsini rədd etməkdə qərarlı olduğunu bildiriblər.

Analitiklər onu da vurğulayırlar ki, Rusiya prezidenti öz ölkəsini həm hörmət edilməli, həm də qorxmalı olan fövqəl dövlət kimi miras buraxmaqda maraqlıdır. Ekspertlər Qazaxıstan prezidenti Kasım-Jomərt Tokayevin Rusiyanın regional nizamının və sabitliyinin qoruyucusu olduğunu bildiriblər.

Məqalədə Tokayevin ölkəsində yanacağın bahalaşması ilə bağlı qəzəbdən qaynaqlanan şiddətli etirazları yatırmaq üçün hərbi yardım istədiyi qeyd olunub. Kreml rəhbəri ölkəyə minlərlə əsgər göndərib. Moskvadakı rəsmilər və Kreml tərəfdarları təkid edirlər ki, Rusiya yalnız “qardaş qonşu ölkəyə” yardım təklif edib və Qazaxıstandakı problemi hüquqi və dialoq yolu ilə həll etməyə çalışacaq. / teleqraf.com