Putin

Putini yalnız o dayandıra bilər - ŞƏRH

Rusiyanın Ukraynaya soxulması təhlükəsi get-gedə daha gerçəyə çevrilir, hər halda bu barədə Amerika məmurları və prezident Co Bayden bəyan edir. 

Daha çox ölkələr öz vətəndaşlarına Ukraynanı tərk etməyi tövsiyə etdiyi və diplomatlarını Kiyevin sərhədlərindən uzaq olan Lvova köçürdüyü bir məqamda danışıqlar prosesinin iştirakçıları bütün qüvvələrini münaqişəni qaynar fazaya keçmədən  dayandırmağa yönəldib.

Qərb dövlətləri bu zaman müxtəlif, amma koordinasiya edilən strategiya sərgiləyir.

Bunların hansı daha effektiv olacaq?

Avropalıların "çelnok" diplomatiyası 

Avropanın böyük dövlətləri pandemiya zamanı unudulan "çelnok" diplomatiyasını seçdilər (beynəlxalq aləmdə iki dövlət arasında mübahisələrin 3-cü dövlətin şərtləri əsasında sülh danışıqları yolu ilə həllində vasitəçilik missiyasını nəzərdə tutan diplomatiya-red.).

Fransa prezidenti Emmanuel Makron Moskvaya, Kiyevə və Berlinə səfərlər edib.

Böyük Britaniyanın baş naziri Boris Conson Brüsseldə NATO-nun baş katibi ilə görüşüb, daha sonra Polşada dislokasiya edilən Britaniya qoşunlarını ziyarət edib.

Almaniyanın yeni kansleri Olaf Şolts özünün ilk səfərini Vaşinqtona edib və Kiyevlə Moskvanı da ziyarət etməyi planlaşdırır.

Makron, Conson və Şolts Avropa qitəsində yaxınlaşan yerüstü savaşı dayandırmağa çalışır, lakin onların hər biri beynəlxalq aləmdə özünü göstərmək və daxildə öz seçicilərinə konkret siqnallar göndərməyə cəhd edirlər.

Rusiya sonuncu dəfə 2014-cü ildə Ukraynaya soxulanda məhz Vladimir Putinlə 10 illik ünsiyyət təcrübəsi olan Almaniyanın kansleri Angela Merkel Avropanın sanksiyalar formasında cavabını təşkil etmək təşəbbüsünü öz üzərinə götürdü.

İndi Avropa Merkelin gedişindən sonra ilk dəfədir ki, təhlükəsizlik böhranı ilə üzləşib, onun yoxluğu hiss olunmaqdadır.

Bunun fonunda Olaf Şults üçün asan deyil. Avropanın ən sıx məskunlaşan və nəhəng iqtisadiyyatı olan ölkənin kansleri postu avtomatik olaraq ona təsir imkanları yaradır, lakin müttəfiqlərinə sədaqətlə öz ölkəsinin maraqları arasında balansı qorumaq cəhdləri ona Vaşinqtonda "etibarsız tərəfdaş" reputasiyası qazandırıb, - bu barədə Almaniyanın ABŞ-da səfiri məlumat verib və bu, KİV-lərə sızıb.

Fransa prezidenti Emmanuel Makron öz karyerasının çox hissəsini Merkelin kölgəsində keçirib, indi isə onun gedişindən sonra özünü Avropa diplomatiyasının öndəri qismində təqdim etmək istəyindədir. O, məsələnin Fransa, Almaniya, Ukrayna və Rusiyanın iştirakı ilə "Normand formatı" adlandırılan danışıqlar çərçivəsində nizamlanmasına təkid edir. Moskvada Putinlə beş saat yarım davam edən görüşə əlavə olaraq o, son günlər dəfələrlə Rusiya lideri ilə telefon danışıqları aparıb.

Fransa məmurları fəxr edir ki, bir dəfə Putin deyib ki, Makron "onun dərin diskusiya apara biləcəyi yeganə adamdır". Lakin "Vaşinqton post"un qeyd etdiyi kimi, "Kreml Putinlə Makron arasında görüşdən sonra anladıb ki, Rusiyanın Avropada təhlükəsizlik sahəsində başlıca tərəfdaşı ABŞ-dır".

Böyük Britaniyanın Avropa İttifaqından çıxması onun Avropanın lideri olması iddialarını mürəkkəbləşdirib. Amma bu, Consona özünün və hökumətinin Ukrayna məsələsində "Qərbi birləşdirmək"dən dolayı lovğalanmağa mane olmayıb. Conson hökuməti üçün bu böhran Böyük Britaniyanın brekzitdən sonra əvvəlkitək beynəlxalq aləmdə onunla hesablaşan qüvvə olduğunu sübut etməyə imkan yaradır.

Lakin Ukrayna böhranına özünü bütövlüklə həsr etmək imkanlarını onun Böyük Britaniyadakı vəziyyəti  məhdudlaşdırır. Məsələ burasındadır ki, Britaniya polisi baş nazirin iqamətgahında lokdaunun qızğın çağında çoxsaylı gecələrin təşkili ilə əlaqədar araşdırma aparır.

Bayden Moskvanın planlarının üstünü açır

Son həftələrdə Bayden administrasiyası Rusiya xüsusi əməliyyatlar qüvvələrinin Ukrayna sərhədlərinə doğru hərəkət etməsi barəsində müfəssəl məlumat verib, müdaxiləyə bəhanə olaraq Ukraynaya səhnələşdirilən hücumun videoyazıcının yaradılması planının üstünü açıb, xəbərdar edib ki, belə müdaxilə minlərlə ölümlə nəticələnəcək, nəhayət, Rusiyanın güman edilən 16 fevral hücum tarixini açıqlayıb.

Fəaliyyətdə olan və sabiq məmurların sözlərinə görə, qeyri-adi ifşaetmə seriyaları Birləşmiş Ştatların Kuba raket böhranı zamanından indiyədək kəşfiyyat məlumatlarının ən aqressiv təzahürüdür.

"Nyu-York Tayms"ın yazdığına görə, bu, ona hesablanıb ki, Putinin planlarının üstünün açılması, mümkündür ki, müdaxiləni təxirə sala bilər və diplomatiya üçün zamanı artırar və ya Putinə müdaxilənin siyasi, iqtisadi və insani nəticələrinə yenidən baxmağa şans verə bilər.

Eyni zamanda Bayden administrasiyasının nümayəndələri bəyan edir ki, onların məqsədi daha qısa və realdır- onlar istəyirlər ki, Putinə müdaxiləyə yalanla haqq qazandırmaq daha çətin olsun və onun beynəlxalq aləmdə nüfuzu sarsılsın.

Xatırlamamaq olmur ki, kəşfiyyat məlumatları ABŞ-ın İraqa müdaxiləsindən öncə 2003-cü ildə sürətlə yayılıb. O zaman Buş administrasiyası elə məlumatları açıqlayıb ki, məmurların sözlərinə görə, ilkin əməliyyatlara, o cümlədən İraq hərbçilərinin guya ələ keçirilən danışıqları, Birləşmiş Ştatlara kimyəvi hücum üçün pilotsuz uçuş aparatları parkının yaradılmasında Bağdadı ittiham edən bəyanatlar, bioloji silahlar istehsalı üzrə səyyar laboratoriyaların hərəkətinin fotoları daxil olmaqla ilkin əməliyyatlara haqq qazandırsın. Bütün bu materiallar yanlış olub.

Amma bu vəziyyət, Amerika məmurlarının sözlərinə görə, həm texniki imkanlarına görə 2003-cü ildən üstün olan kəşfiyyat məlumatlarının keyfiyyəti, həm də Amerika rəhbərliyinin məqsədləri baxımından tamamilə başqadır.

"İraqda müharibəyə başlamaq üçün kəşfiyyat məlumatlarından istifadə edilib və bu tribunadan açıqlanıb", - Cek Sallivan deyib. - Biz müharibəni dayandırmağa cəhd edirik.

"Hərtərəfli plan" gərəkdir

ABŞ-ın Rusiyadakı sabiq səfiri, hazırda politologiya professoru, Stenfordda beynəlxalq münasibətlər institutunun direktoru Maykl Makfol Foreign Affairs nəşrinin səhifələrində münaqişəni qan tökmədən həlli barəsində öz baxışlarını təklif edib.

Onun sözlərinə görə, Qərb bəzi güzəştlərə getməyə və Avropada təhlükəsizliyin möhkəmləndirilməsi üzrə kompleks sövdələşmə ilə şıxış etməyə vadar olacaq.

Makfol belə potensial sövdələşməni ABŞ və SSRİ arasında "soyuq müharibə" zamanı əldə olunan razılaşmalara uyğun olaraq "Helsinki-2" adlandırıb.

"Bu razılaşma silahlara nəzarət üzrə qüvvədən düşən razılaşmaları reanimasiya etməyə və dəyişməyə, Avropa təhlükəsizliyi üçün hüdudları daha da genişləndirməyə və bu prosesin nəticəsində Ukrayna ilə bağlı məsələləri həll etməyə imkan verərdi, - sabiq səfir qeyd edib.

ABŞ və Avropa müdafiə çərçivəsindən cəsarətli, aqressiv təşəbbüslərə keçməyə, qitəni daha təhlükəsiz etməyə özlərində cəsarət tapmalıdır".

Onun sözlərinə görə, Avropa təhlükəsizliyi üzrə  yeni böyük sövdələşmə bütün tərəflərə öz üzərlərinə müntəzəm olaraq qoşunların, silahların yerləşdirilməsinin və hərbi təlimlərin monitorinqini keçirməyə öhdəlik qoya bilərdi.

Rusiya və NATO raket buraxılışı haqqında bir-birinə məlumatlar verilməsi barədə razılığa gələ bilərdi.

Vaşinqton qitədə Rusiyanın qitələrarası ballistik raketlərinə qarşı müdafiə sistemlərini Rusiyanın Avropada hərbi əməliyyatlar məkanında raketəleyhinə müdafiə sistemlərinin məhdudlaşdırılması müqabilində yerkəşdirməkdən çəkinə bilərdi.

"Gerçəkləşməsi mümkün olmayanlara təkid etmək, yəni Putinin NATO-nun genişlənməsinə moratorium qoymaq tələbi və ya Qərbin Rusiyadan Krımdan çıxmaq barədə təkidli tələbi təhlükəsizlik üzrə yeni sazişin əldə edilməsini mümkünsüz edəcək, - Makfol əminliyini bildirib. - Amma danışıqların iştirakçıları diqqəti başqa məsələlərə yönəltməklə, sonradan çətin həll olunan problemləri daha böyük sövdələşməyə daxil etməklə irəliləyiş əldə edə bilər".

Aleksandra Appelberq, "Detaly"

(moderator.az)