Putin Ərdoğan

Putin ilk addımı atdı: “Ərdoğanın cavabı sərt olacaq” - Müsahibə

“Putin iki il əvvəl demişdi ki, SSRİ-nin dağılması XX əsrin ən böyük qlobal fəlakətidir. Təxminən bir neçə ay əvvəl SSRİ-nin yenidən yaradılması tezisi ortaya atılanda Putin bildirdi ki, Sovet İttifaqını yenidən yaratmaq mümkün deyil, Rusiyanın belə bir həvəsi yoxdur, əksinə, SSRİ-nin bərpası Rusiya üçün yük ola bilər. Zənnimcə, burada səmimiyyət elementləri çox azdır".

Kanal.az politoloq Qabil Hüseynlinin Teleqraf.com-a müsahibəsinin bir hissəsini təqdim edir.

- Rusiya və KTMT Prezident Tokayevin müraciətindən sonra Qazaxıstana ordu yeritdi. Sizcə, bundan sonra bu ölkəni nə gözləyir?

- Hesab edirəm ki, Qazaxıstanda bu cür iğtişaşları şərtləndirəcək ciddi səbəblər yox idi. Etirazçıların sosialyönlü tələblərinin dərhal hökumət tərəfindən yerinə yetirilməsinə baxmayaraq, iğtişaşlar Aktau və Almatı kimi iri şəhərlərə də yayıldı. Bu da onu göstərir ki, Qazaxıstanda bu hadisələrə üçüncü ölkənin xüsusi xidmət orqanlarının müdaxiləsi var, iğtişaşları yaradanlar da onlardan təlimat və maliyyə yardımı alır. Beləliklə, etirazların gecə-gündüz dörd gün davam etməsi göstərdi ki, iğtişaşlar vahid mərkəzdən idarə olunur və ciddi surətdə əlaqələndilir. 

Bir sözlə, Qazaxıstanın yürütdüyü siyasətin müəyyən elementləri kimlərinsə xoşuna gəlməyə bilər. Məsələn, Nursultan Nazarbayevin hakimiyyəti dövründə Azərbaycan və Türkiyə ilə birlikdə türk dövlətləri birliyinin yaradılması istiqamətində ciddi addımlar atılmağa başladı. Məhz bu ölkələrin liderlərinin səyi ilə Naxçıvanda Türkdilli Dövlətlərin Əlaqələndirmə Şurası yaradıldı. Sonradan bu qurum Türk Dövlətləri Şurası adlandırıldı. Bu təşkilatın İstanbulda keçirilən son toplantısında bu birlikdən kənarda qalmış Türkmənistan da Nazarbayevin təşəbbüsü ilə bura qoşuldu. Belə görünür ki, Nazarbayev türk ölkələri arasında birliyin yaradılmasında kifayət qədər fəal olub.

Üstəgəl, ötən günlərdə Qazaxıstanda dövlət dili statusuna malik olan rus dilinin bu statusu ləğv edildi. Bundan bir neçə ay əvvəl isə ölkə latın əlifbasına keçib. Yəni Qazaxıstanın qərbyönümlü siyasət yürütdüyünün cizgiləri tədricən üzə çıxmaqda idi.

- Qazaxıstanda baş verənlər yenidən o iddianı gündəmə gətirib ki, Rusiya Prezidenti Putin SSRİ-ni yenidən qurmağa başladı. Bu da daha çox rus mediasında müzakirə olunur. Sizcə, bu ideya mümkündürmü?

- Putin iki il əvvəl demişdi ki, SSRİ-nin dağılması XX əsrin ən böyük qlobal fəlakətidir. Təxminən bir neçə ay əvvəl SSRİ-nin yenidən yaradılması tezisi ortaya atılanda Putin bildirdi ki, Sovet İttifaqını yenidən yaratmaq mümkün deyil, Rusiyanın belə bir həvəsi yoxdur, əksinə, SSRİ-nin bərpası Rusiya üçün yük ola bilər. Zənnimcə, burada səmimiyyət elementləri çox azdır. 

Nursultan Nazarbayev bu dövlətin qurucu-memarıdır. O, düşünülmüş siyasət həyata keçirirdi. Beləliklə də, üçüncü dövlətin və onun Qazaxıstandakı maşalarının, qulbeçələrinin hədəfinə çevrildi. Nazarbayevlə qarşı edilən bu ədalətsizlik və hörmətsizlik xəyanətdir. Rusiya “sülhməramlılar”ını ölkəyə çağıran Tokayev isə zəif xarakterli adamdır. Onun özünün də bu işlərdə əli ola bilər, amma bunu zəif ehtimalla deyirəm.

- Qazaxıstan və digər keçmiş sovet respublikalarına təzyiqləri artıran Rusiyaya qarşı Türkiyə, ABŞ və ya Qərbdən hansı addımlar atıla bilər?

- Artıq ABŞ etiraz bəyanatı verib, baş verənləri pisləyib. Türkiyə də ciddi addımlar atmaq niyyətindədir. Türkiyə Xarici İşlər naziri Çavuşoğlu azərbaycanlı həmkarı Bayramovla bu haqda məsləhətləşmə aparıb. Türkiyənin Qazaxıstanda ciddi sərmayəsi var. Eyni zamanda, bu iki ölkə arasında hərbi sahədə əməkdaşlığa dair saziş imzalanıb. Eləcə də, Türkiyənin Qazaxıstanda universitetləri var və orada çox sayda iş adamları fəaliyyət göstərir. Buna görə də, Türkiyənin bu prosesə qoşulacağını istisna etmirəm, hətta bunu zəruri sayıram.