65916d059b8d5202312233045

Müğənniciklərin yarılmaz səddi - Köməkçi və mühafizəçi ordusu

İşimizlə əlaqədar tez-tez müxtəlif sənət adamları ilə görüşməli oluruq. Aralarında əsl sənətlə məşğul olmuş mədəniyyət və incəsənət xadimləri də var, toylara gedib məşhurlaşmış saçı qaynaqlı, barmağı caynaqlı, dodağı silikon, arxası balon, nənələrimiz demiş bəxti dalının üstündə olanlar da.

Adətən əsl mədəniyyət adamlarına zəng vuranda telefonu özləri götürür, rahatlıqla da sözünü deyirsən. Sağ olsunlar,  yaxşı və ya yaman hər nədirsə məsələ ilə bağlı fikir bildirilər. Deyək ki, müsahibə alacaqsansa ya “razıyam” deyir, ya da “alınmır”  deyib nəzakətlə söhbətə son qoyur. Amma  bir qisim sənətçilər də var ki, onların mühafizəçi, köməkçi, menecer, prodüsser və sairlərdən ibarət 7 qat əhatə dairəsini aşıb özləri ilə söhbət eləmək mümkün deyil.

 Zəng edirsən, telefonu müğənni yox, köməkçisi, ya da onun işlərini görən  hansısa jurnalist açıb ədalı-ədalı, yuxarıdan aşağı deyir.

“Fikirləşərik. Baxarıq, özünüz haqqında məlumat göndərdin. Sualları bu adresə göndərin baxarıq….”

 Sanki nazir qəbuluna yazılırsan, işə düzəlmək üçün CV hazırlayırsan.
 O gün təzə-təzə üzə çıxanlardan birinin nömrəsinə zəng vurmuşam, telefonu köməkçisi açıb, atomu parçalamış professor ədasıyla deyir.

“Yooox, bu  ay müsahibə verə bilmərəm. Gələn ayın ortalarına zəng et, baxaram”
Dedim müsahibəni səndən istəmirəm, müğənnidən istəyirəm. Özünü onun yerinə niyə qoyursan?
Çox zaman bu köməkçi tayfası sənətçinin ətrafında elə keçilməz sədd hörür ki, onun ümumiyyətlə səndən xəbəri olmur. Bu “tayfa” özlərinə bənzəyən 5-10 nəfər cinsi oriyentasiyası bəlli olmayanı ətraflarına toplayıb öz ağıllarınca piar aparır. Nə işdirsə, ətraflarındakıların da  “ rəngi mütləq mavi” olur.

Pullu müğənnilər, (əziz və hörmətli deyə xitab eləmirəm. Çünki hörməti  hörmət qoyana deyirlər) sizləri məşhurlaşdıran da, rəzil və vəzir edənlər də media nümayəndələridirlər. Müsahibə, açıqlama da yalnız  sizin anladığınız səfeh mövzularda olmur. 

Ömrünü gününü xalqa xidmətə həsr etmiş böyük sənətkarlarımızdan heç nəyiniz artıq deyil. Bu ölkədə indiki zamanda məşhur olmaq qədər asan heç nə yoxdur. Ətrafınıza topladıqlarınız sizi sadəcə sağmal inək kimi gördükləri üçün  hamıdan uzaq saxlayırlar.

Özünüzü kiminsə kapitalı kimi aparmayın.