Mask “gələcəyin texnologiyası” adlandırmışdı - 15 ölüm qeydə alındı
“Tesla” və “SpaceX”in qurucusu İlon Maskın rezonans doğuran “Neuralink” layihəsi çərçivəsində həyata keçirilən sınaqlarda beyninə çip implantasiya edilən 25 meymundan 15-nin öldüyü məlum olub.
Kanal.az xəbər verir ki, meymunların işgəncə çəkərək öldüklərini bildirən heyvan hüquqları müdafiəçilərinin reaksiyası kəskin olub.
Beyinə yerləşdiriləcək çip sayəsində insanlarla kompüterlər arasında birbaşa əlaqə yaratmaq məqsədilə yola çıxan Maskın “Neuralink” layihəsi 2020-ci ildə heyvanlar üzərində sınaqdan keçirilib. İnsanlar və kompüterlər arasında əlaqə yaratmaq üçün beyin-maşın interfeyslərini inkişaf etdirmək istəyən “Neuralink” beyin pozğunluqlarını müalicə etməyə, insan beynini qorumağa və təkmilləşdirməyə kömək edəcək və nəticədə insanları süni intellektlə birləşdirəcək.
Heyvan müdafiəçilərinin verdiyi açıqlamalarda, “Neuralink” layihəsi çərçivəsində 23 meymun üzərində ölümcül tədqiqatların aparıldığı bildirilib. Mediaya sızdırılan 700 səhifəlik sənədlərə görə, “Neuralink” testlərinə daxil olan 23 meymundan 15-i ölüb.
Heyvan hüquqları müdafiəçisi Ceremi Bekhem beynində implant olan meymunların işgəncə və əzab içində öldüklərini söyləyib. Bekhem bu heyvanların müxtəlif infeksiyalara və beyin qanamasına məruz qaldığını və nəticədə öldüyünü bildirib.
“Neuralink”dən mövzu ilə bağlı heç bir açıqlama verilməsə də, son zamanlar bu cür iddiaların çoxalması layihənin gələcəyini təhlükəyə ata bilər.
“Neuralink” yavaş-yavaş çipləri insanlar üzərində sınaqdan keçirməyə başlayıb. Şirkət hazırda texnologiyanı insanlarda sınaqdan keçirmək üçün axtarışlara çıxıb. Mask sınaqların 2022-ci ildə başlayacağına ümid etdiyini deyib.
İlon Mask iddia edir ki, gələcəkdə implantları beynin dərinliklərinə yerləşdirə bilsələr, korluq və depressiya kimi xəstəliklər “Neuralink” ilə müalicə oluna bilər. Onun sözlərinə görə, “Neuralink” layihəsi öz məqsədinə çatarsa, əlillərin həyatını xeyli asanlaşdıracaq. Məsələn, “Neuralink” sayəsində əlillər klaviaturaya toxunmadan - öz düşüncələri ilə yaza biləcəklər.
Mask həmçinin, sözügedən texnologiya sayəsində insanların beş il kimi qısa müddətdə dilləri danışmağa və bilməyə ehtiyac duymayacağını da iddia edib. / Teleqraf.com
- Dünya
- 14 Fevral 2022