Son günlər Qarabağdakı erməni qadınların kütləvi şəkildə rusiyalı sülhməramlılarla nikaha girməsi və onlara Rusiya pasportu verilməsi ilə bağlı xəbərlər yayılır. İddialara görə, hətta bir rus hərbçisi bir neçə erməni qadını, qızı ilə nikaha girir. Bu da gələcəkdə sülhməramlıların müvəqqəti ərazilərdə daha çox qalmasına hesablanmış addım ola bilər. Ən azından ekspertlər, politoloqlar belə deyirlər.
Bəs, rəsmi Bakı bunun qarşısını necə almalıdır? Hansı kontur-addımlar atmalıyıq?
Kanal.az xəbər verir ki, politoloq Qabil Hüseynli Publika.az-a müsahibəsində bildirib ki, ermənilərin bütün təxribatlarına qarşı ən sərt addım anti-terror əməliyyatlarıdır.
Müsahibəni təqdim edirik:
- Qabil müəllim, Qarabağın dağlıq hissəsindəki erməni qadınların kütləvi şəkildə rusiyalı sülhməramlılarla nikaha girməsi və onlara Rusiya pasportu verilməsi ilə bağlı xəbərlər yayılıb. Rəsmi Bakı ermənilərin Kremllə koordinasiyalı şəkildə idarə etdiyi bu prosesin qarşısını hansı şəkildə almalıdır?
- Bizdə belə bir atalar məsəli var; ayının min oyunu var, bir armudun başında... İndi Qarabağın dağlıq hissəsindəki Rusiyanın hərbi hissələrinin nümayəndələri, başqa adla söyləsək, sülhməramlılar bu bölgədə qalmalarını daha əsaslı və möhkəm etmək xatirinə min cür oyuna girirlər. Əlbəttə, Ukrayna ətrafında baş verən son hadisələri nəzərə alsaq görərik ki, Rusiya bütün post-sovet məkanında jandarma missiyasını həyata keçirir. Yəni, Kreml həmin ölkələrin ərazilərini parçalayır. Orada süni dövlət qurumları yaradır. Sonra da həmin “dövlət qurumlarını” öz tabeliyinə keçirmək üçün müxtəlif yollara əl atır. Bəli, ruslar Qarabağın dağlıq hissəsində də belə bir oyuna girə bilərlər. Ola bilsin, bəlkə də artıq bu oyuna giriblər. Amma onların hədəflərində Abxaziya, Cənubi Osetiya və Donetskdə olduğu kimi, Rusiya vətəndaşı olan, bu ərazilərdə yaşayan separatçılara, eləcə də onların təmsil etdiyi millətin nümayəndələrinə Rusiya vətəndaşlığı pasportu paylamaqla bölgənin mənimsənilməsi prosesini gerçəkləşdirə bilərlər. Elə bu nöqteyi-nəzərdən söyləmək mümkündür ki, bu saat Qarabağın dağlıq hissəsində gedən proseslər bəllidir və Azərbaycanın qırmızı xətlərindən tamamilə kənara çıxmış hərəkətlərdir. Biri Xankəndidə konstitusiyanın qəbul edilməsi və onun üzərində iş aparılmasını qeyd edir. Bir başqası yeni parlament və prezident seçkilərinin həyata keçiriləcəyini söyləyir. Söhbət erməni əhalisindən gedir. Başqa birisi isə Qarabağın dağlıq hissəsinin Rusiyaya tabe etdirilməsi ideyası ilə çıxış edir. Yəni, bu saat Qarabağın dağlıq hissəsində olan separatçılar özlərinə aid olan ictimai şüuru çox təlatümə gətirirlər. Onu həddindən çox dalğalandırırlar. Eyni zamanda, bu prosesdə adamları bir növ bəlli bir hədəfə, istiqamətə yönəltməyə çalışırlar.
- Bakı bu “nikah oyunları”na qarşı hansı addımları ata bilər?
- Əvvəla, yəqin ki, Azərbaycan bu məsələ ilə bağlı diplomatik müstəvidə işlər aparacaq. Yəqin ki, artıq aparır. Belə bir qeyri-səmimi, əslində sırf merkantil maraqlara qulluq edən bu hərəkətlərin dayandırılmasını tələb edə bilərik. Çünki Qarabağın dağlıq hissəsində o qədər erməni qız və ya qadın yoxdur ki, rusiyalı sülhməramlılarla nikah əlaqələrinə girsinlər. Oradakı erməni qadınların bir çoxu faktiki olaraq Qarabağın dağlıq hissəsindən müharibə təhlükəsi ilə əlaqədar olaraq çıxarılıblar. Qalanlarının əksəriyyəti isə yerli qadınlardır və onların ərləri var. Həmin ermənilərin ərləri Qarabağın dağlıq hissəsində yaşayaraq əldəqayırma “ordu”da “qulluq edirlər” və ya digər missiyaları həyata keçirirlər. Yəni, nəzəri cəhətdən süni nikahlandırma prosesi mümkün olsa da, praktiki cəhətdən bunu reallaşdırmaq çox çətindir. Çünki Qarabağın dağlıq hissəsində ruslara təzyiq etmək üçün hazır olan qadın yoxdur desək, yanılmarıq. Amma bu təxribatları hazırlayanlar “ağına-bozuna” baxmırlar. Ortada kimlərin olub-olmamasına da fikir vermirlər. Hətta həmin “nikah şəhadətnamələrini” qadınlar olmadan da reallaşdıra bilərlər. Yəni, real nikahqurma prosesi olmadan, saxta nikah prosesini qeydə almaq mümkündür. Düşünürəm ki, bunların hamısı uğursuz əməliyyatlardır. Uğursuz addımlar kimi qiymətləndirirəm. Azərbaycan Qarabağın kiçik hissəsindəki şouların, müxtəlif oyunların həyata keçirilməsinə izn verməyəcək.
- Əgər diplomatik səylər bir nəticə verməsə, nə olacaq?
- Diplomatik səylər bir nəticə verməsə, o zaman digər prosedurlara yaşıl işıq yanacaq. Sülhməramlıların bölgədən çıxarılması tələbi gündəmə gələcək. Bundan sonra lokal anti-terror əməliyyatlarının keçirilməsinə başlanıla bilər. Ən azından bunun baş tutması mümkündür. Bir sözlə, qarşı tərəfə yalnız sözlə deyil, praktiki cəhətdən də xəbərdarlıq etməyə gücümüz var. Bu da yerinə yetiriləcək. Əks təqdirdə, indiyə qədər bizim qazandığımız qələbələrin tamamlanması prosesində bir dayanma, fasilə ola bilər, bu da bizim üçün yolverilməzdir. Azərbaycan heç zaman belə bir vəziyyətlə barışmaz.