6463d00c93c77202305234844

Kılıçdaroğlu qaçacaq, Ərdoğan... – Türkiyə seçkilərinin pərdəarxası

Türkiyədə Millət İttifaqı həm parlament, həm prezident seçkilərində qalib gələcəyini planlaşdırsa da, ağır məğlubiyyətlə üzləşməsi daxili müzakirələrdə “niyə belə oldu” sualını da önə çıxarıb. Hazırda həm CHP, həm də ümumilikdə ittifaq daxilində qarşılıqlı ittihamlar səsləndirilir.

Türkiyə müxalifəsində baş verənləri təqdim edir.
Məşhur jurnalist Cüneyt Özdəmir bildirir ki, seçi günü üç dəfə kameralar önünə çıxan Əkrəm İmamoğlu və Mansur Yavaş özlərini biabır etdilər.
“Çıxdılar “səslər səhvdir” dedilər. CHP daxilində müəyyən qrup bildirib ki, seçki II tura qaldı, strategiyanı dəyişdirək, amma qulaq asmayıblar. “Yox, biz birinci turda keçəcəyik” iddialarından əl çəkməyiblər. DEVA, Səadət, Gələcək və Demokrat partiyaları parlament seçkilərinə CHP-nin siyahısından daxil oldular. Əldə etdiyim məlumata görə, bu partiyaların namizdləri “necə də olsa seçiləcəm” deyərək, heç bir seçki kampaniyası aparmayıb. CHP-nin seçki kampaniyasını hazırlayan qrupu isə digər partiyalarla görüşməyib”, - jurnalist qeyd edib.
CHP-nin Bolu bələdiyyəsinin sədri Tanju Özcan isə sərt tənqidlərini birbaşa "Tvitter" üzərindən səsləndirib.
“Artıq bəsdirin, ABŞ-ın “uşağı” olan HDP-nin 3 qəpiklik səsini alacağıq deyə milyonlarla millətçini, Atatürkçünü incidirsiniz. Səhra məhkəmələri quran, Aponun məktubunu oxuyan, Osloda kirli siyasi alver aparanlara səs verməyə məcbur edirsiniz insanları. Açıq danışağın, PKK terror təşkilatıdır, Apo həbsxanadan tabutla çıxacaq”, - o bildirib.
T.Özcan “tvit atmaq yerinə Kılıçdaroğluna zəng edin” deyən insanlara “Telefonu açmır” cavabını verib.
CHP-nin maliyyələşdirdiyi “Tele 1” kanalının rəhbəri Mərdan Yanardağ “altılı masa” liderlərinin seçkidən sonra qaçıb gizləndiyini deyib.
“CHP-nin Baş qərargahında ekranlardan Ərdoğanın ilk turda qazandığı görünürdü. Hər kəs də bunu izləyirdi. Ərdoğan tərəfdarlarının qarşısına çıxıb danışdı. Kılıçdaroğlu bunu etmədi, sadəcə liderlərlə birlikdə qısa bir açıqlama verdi. Bu, doğru deyil”, - o bildirib.
Kılıçdaroğlunun seçkidən sonra “Buradayım” videosu da tənqid olunub. Müxalif çıxışları ilə tanınan hüquqşünas Ersan Şen bildirib ki, II turda Kılıçdaroğlu millətçilərdən dəstək ala bilməyəcək.
“Mən millətçiyəm, mən də səs vermədim, çünki məni inandıra bilmədilər. Kılıçdaroğlu bu gün masaya yumruğunu vurur, “mən buradayım, qaçmadım” deyir. Amma iki həftə sonra nəticə olmasa, qaçacaq. Bunun əvəzini ödəyəcək”, - o bildirib. / Publika.az