68091cb6b40c9202504250038

İlham Əliyev Çində nəyi həll etdi? – Strateji razılaşmaların təfərrüatı

"Prezident İlham Əliyevin Çinə səfəri ölkəmizin geosiyasi rolunun artırılması, ikitərəfli münasibətlərin inkişafı, tranzit ölkə olaraq Azərbaycanın əhəmiyyətinin gücləndiyini göstərir. Səfər zamanı iki dövlət arasında 20-dən çox sənəd imzalandı. Diqqətçəkən məqamlar isə şübhəsiz ki, hüquqi prosesin sadələşdirilməsi, yaşıl enerjiyə keçid barədə birgə əməkdaşlıq, rəqəmsal iqtisadiyyat üzrə təcrübənin bölüşdürülməsi, mülkiyyətin intellektual idarəedilməsi və aerokosmik sahədə əməkdaşlığın qurulması istiqamətində idi".


Kanal.az bildirir ki, bu barədə politoloq Zeynal Əmrəliyev deyib.

Politoloq qeyd edir ki, ən diqqətçəkən sənəd hər iki dövlət arasında qarşılıqlı şəkildə viza rejiminin ləğv edilməsi oldu:

"Azərbaycanın Çinlə yaşıl enerji sahəsində əməkdaşlığı mühüm əhəmiyyət kəsb edir. Rəsmi Pekin son zamanlar bu sahədə müsbət irəliləyişlər əldə edib. Eyni zamanda, yüksək texnologiyası ilə Çin Azərbaycana bu məsələdə güclü dəstək verə bilər. Azərbaycan dövləti zamanın tələblərini çox düzgün şəkildə qiymətləndirərək ənənəvi enerjiyə bağlılığı minimuma endirməyi planlaşdırır. Əldə edilmiş bu razılaşma həm işğaldan azad edilmiş bölgələrdə, həm də ölkənin digər ərazilərində yaşıl enerjiyə keçid siyasətində müsbət addımları özü ilə gətirəcək.

Enerji sahəsində əməkdaşlığa uyğun olaraq ölkələr arasında ticarət və nəqliyyat sahəsində də əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdi. Məlum olduğu kimi, Azərbaycan Çinin "Bir kəmər, bir yol" layihəsinə ən güclü dəstək verən ölkələrdən biridir. Bu layihənin həyata keçirilməsi ölkələr arasında iqtisadi və nəqliyyat sahəsində əməkdaşlığın güclənməsinə səbəb olacaq.

Azərbaycan dövləti eyni zamanda Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasında Çin şirkətlərinin iştirakını dəstəklədiyini ifadə edib. Çinin yenidənqurma siyasətinə fərqli baxışı var. İstər azad olunmuş torpaqların flora və faunasının bərpasında, istərsə də kənd təsərrüfatının dirçəldilməsində Çin şirkətlərinin dəstəyindən istifadə edilə bilər. Eyni zamanda, dünyanın yüksələn gücü olaraq Çinin işğaldan azad edilmiş torpaqlara investisiya qoyması bu ərazilərin tez bir zamanda yüksək inkişaf səviyyəsinə çatmasına yardımçı olacaqdır.

Prezident İlham Əliyevin Çin səfəri ümumilikdə ölkələrimiz arasında strateji əməkdaşlığın gücləndirilməsi, müxtəlif sahələrdə ikitərəfli münasibətlərin dərinləşdirilməsi baxımından olduqca əhəmiyyətlidir. Bu səfər həmçinin son zamanlar dərinləşən Azərbaycan–Çin münasibətlərində etimad mühitinin daha da gücləndirilməsi baxımından da mühüm önəmə malikdir"./musavat.com