64a026a55611c202307231413

Ermənistan və Azərbaycan niyə barışa bilmir? – Sülh istəməyən ÖLKƏLƏR

"Artıq Ermənistan anlayır ki, İran, Rusiya və Fransanın təlqin etdiyi şeylər ona səfalət, yoxsulluq, müharibə və fəlakətdən başqa heç nə gətirmir".

Kanal.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert bildirib ki, İrəvan ən müxtəlif formatlarda aparılan sülh danışıqlarında qeyri-konstruktiv mövqeyindən geri çəkilmir, bunlar əsasən, sərhədin delimitasiyası və anklavlarla bağlı məsələlərdir:

"İrəvan bu məsələlərdə 1975-ci xəritəsinin üzərində dayanır. Digər yandan, qoşunların "güzgü prinsipi" əsasında sərhədlərdən geri çəkilməsini istəyir. Özü isə sərhəddəki texnika və qüvvələrini gücləndirməyə çalışır.

Ən əsası Ermənistan yenə də Qarabağ məsələsini gündəmdə saxlamağa, heç olmasa bununla bağlı bir bəndin gələcək sülh müqaviləsinə salınmasına çalışır. İrəvan bu kontekstdə separatçı rejimi "tərəf" kimi qəbul etdirməyə səy göstərir. Ermənistanın "Xankəndi-Bakı dialoqu" bizim üçün qəbuledilməzdir. Xankəndi paytaxt yox, Azərbaycanın kiçik bir hissəsidir. Nikol Paşinyan isə Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını desə də, separatçı iddialarını başqa formalarda gündəmdə saxlamağa çalışır. "Xankəndi-Bakı dialoqu", "Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyin ilə bağlı beynəlxalq mexanizm" tezisləri də bundan irəli gəlir. İrəvan Bakı üçün qəbuledilməz olan bu məsələlərin reallaşmasına nail olmaqla Qarabağla bağlı separatçı və işğalçı iddialarını reallaşdırmağı gələcəyə saxlamağa çalışır. Əlbəttə, Bakı nə baş verdiyini bilir, buna getməyəcəyi isə hər kəsə, ilk növbədə, İrəvanın özünə bəllidir".

Bununla belə, Məhəmməd Əsədullazadə qeyd edib ki, Vaşinqtondakı müzakirələrdə dövlətlərarası münasibətlərin normallaşması və ya sülh sazişinin mətni üzərində işlərin davam etdirilməsi razılaşdırılıb:

"Prosesin hazırkı gedişatına baxdıqda deyə bilərəm ki, il ərzində sülh sazişinin imzalanması mümkün olmayacaq. Ermənistan hər vəchlə aradakı fikir ayrılıqlarını dərinləşdirməklə bundan yayınmağa çalışır. Vaxta qazanmaq istəyən İrəvan ümid edir ki, nə vaxtsa bölgədəki geosiyasi durum dəyişəcək və bundan yararlanmaq fürsəti əldə edəcək. Üfüqdə hələlik ermənilərin bu ümidlərini doğruldacaq qaraltı görünmür.

Liderlərin növbəti görüşünə gəldikdə, bu, iyulda Avropa Birliyinin vasitəçiliyi ilə olacaq. Bu görüşdə müəyyən razılaşmalar mümkündür. Daha böyük razılaşmalar isə hələlik mümkün görünmür. Dediyim kimi, bu, Ermənistanın dərinləşdirməyə çalışdığı fikir ayrılıqlarından, daha doğrusu, əl çəkmək istəmədiyi düşmənçilik siyasətindən qaynaqlanır. Azərbaycanla sülh istəməyən təkcə Ermənistan yox, həm də onun havadarları - İran, Fransa və Rusiyadır. Bu üç ölkə bölgədə müharibə vəziyyətinin saxlanılması üçün əllərindən gələni edir.

Bununla belə, liderlərin Brüsseldəki görüşündə Ermənistanın Qarabağ separatçıları ilə bağlı mövqeyində müəyyən dəyişiklik ola bilər. İrəvan sülh müqaviləsinin bağlanması üçün Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyası və reinteqrasiyası prosesinə qarışmamalıdır. Əlbəttə, proses Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından vaz keçməsi ilə bitəcək. Çünki artıq Ermənistan da anlamağa başlayır ki, İran, Rusiya və Fransanın təlqin etdiyi şeylər ona səfalət, yoxsulluq, müharibə və fəlakətdən başqa heç nə gətirmir, gətirməyəcək. Azərbaycanla müharibə Ermənistanın istəklərinə daxil ola bilər, amma imkanlarından çox-çox uzaqdır". /teleqraf