68061dc8a21b3202504252824

“Ərinizə məşuqə tapın” deyən psixoloq görün kimdir - Şok - VİDEO

Sosial şəbəkələrdə özünü “şəxsi inkişaf və sağlam həyat tərzi koçu” kimi təqdim edən Çinarə Abasova adlı xanımın açıqlaması təhlükəlidir. “Varlı kişilər” üçün əxlaqsızlığı “norma”laşdırmağa çalışan bu “həyat tərzi koçu” iddia edir ki, uğurlu və imkanlı kişilərin həyatında bir yox, iki, üç, dörd, hətta beş qadın olmalıdır.

Niyə bu düşüncə təhlükəlidir?

1. Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda Azərbaycanda əhali arasında cins nisbəti demək olar ki, bərabərdir – 49,8% kişi, 50,2% qadın. Bu reallıqda “varlı kişilər”in “2, 3, 4, 5” arvad alması və ya əsl adı ilə desək, məşuqə saxlaması faktiki olaraq bərabərliyi və gənclərin hüquqlarını pozur: məsələn, əgər kişilərin 10 faizi “varlıdırsa” və hərəsi 5 arvad alarsa, belə çıxır ki, 39,8% kişi ailə qurmaqdan məhrum olacaq: ya ölkədən getməlidir, ya da əcnəbi ilə ailə qurmalıdır. Əcnəbi ilə kütləvi şəkildə izdivac milli təhlükəsizlik məsələsini aktuallaşdırır;

2. “Varlı kişi” 5 arvad alır və yaxud məşuqə saxlayırsa, digər problem yaranır: burda artıq sevgi ilə ailə qurmaqdan söhbət gedə bilməz, tamah ön plana çıxır. Tamah varsa, demək, başqasının ailəsinə “əl uzatmaq” aktuallaşır ki, bu da ailə institutunun, dəyərlərin sürətlə aşınmasıdır.

3. Heç bir kişi 5 arvadın fiziki ehtiyaclarını ödəyə bilməz – “ekspert” hansı elmi qənaətlərə əsasən bu iddiaya düşüb, onu gərək özü sübut etsin. Ancaq bütün elmi araşdırmalar sübut edir ki, bu, mümkün deyil və beləliklə, “məşuqələr” özünə “məşuqlar” tapmağa məcbur olacaq ki, bu da namussuzluğun baş alıb getməsidir;

4. Dövlət Statstika Komitəsinin məlumatına görə, Azərbaycanda son illərdə boşanmaların sayı kəskin artıb. 2025-ci il yanvar-fevral aylarında Azərbaycanda 7 741 nikah, 3 414 boşanma halı qeydə alınıb. Bu, az qala evlənənlərin yarısının boşanması deməkdir və ümumiyyətlə, son vaxtlar qadınların ərindən boşanması yaman “dəbə” minib. Hamısının da səbəbi “varlı kişi”nin 5 arvad almasının “adiləşməsi”nə çalışan bu cür düşüncə sahiblərinin çoxalmasıdır. Ailədən, övladdan imtina, “varlı kişi”nin maddi himayəsinə sığınma və “5 günlük dünyanın dadını çıxarma” kimi dəhşətli virus cəmiyyətin dayaqlarını sarsıdır.

5. “Varlı kişi anlayışı” - əlbəttə ki, bu “xanım koç”un təqdimatından söhbət gedir – qadınların özünü müxtəlif sahələrdə sınamaq, sübut etmək, realizə etmək imkanlarını və gücünü heçə saymaq deməkdir. Bu, qadınlara orta əsrlərin “kəniz-kölə” yanaşmasıdır və s.

Əgər bir qadın bu cür fikirlər səsləndirirsə, o, nəinki “şəxsi inkişaf və sağlam həyat tərzi koçu” olmalıdır, hətta bu cür çıxışlarla insanların mənəviyyatına zərər vurduğu üçün məsuliyyətə cəlb olunmalıdır.

Bu cür şəxslərin “şəxsi inkişaf və sağlam həyat tərzi koçu” adı altında çıxış etməsi gənclər arasında da fəsadlar yaradır. Ailə dəyərləri, sadiqlik, qarşılıqlı hörmət kimi anlayışları gözdən salan bu fikirlər ailə qurmaq istəyən gənclərə ümidsizlik, güvənsizlik və əxlaqi pozuntu aşılamaqdan başqa bir şey deyil.

Buradan aidiyyəti qurumlara da bir çağırış düşür: Özünü “koç” kimi təqdim edən və cəmiyyətə zərər verən bu cür şəxslər barəsində araşdırma aparılmalı, onların fəaliyyəti və ixtisası dəqiqləşdirilməlidir.

Çinarə xanımın bu çıxışı cəmiyyətin dayaqlarına vurulan növbəti və daha sarsıdıcı zərbədir: Qadınlara ailə rifahı üçün “paylaşılan eşq” məsləhəti vermək, kişiləri xəyanətə təşviq etmək və yaxud xəyanəti legitimləşdirmək mənəviyyat və vicdan böhranıdır.