Əri xadimə ilə xəyanət etdi, gecəyarısı… - Türkanın qətlinin detalları
Plastik cərrah Türkan Gündüz 2023-cü ilin mayın 7-də 1967-ci il təvəllüdlü həyat yoldaşı Məhəmməd (Muhammet) Gündüz tərəfindən qətlə yetirilib.
Kanal.az xəbər verir ki, Teleqraf.com Məhəmməd Gündüzün cinayət işinin detallarını və ifadəsini əldə edib.
Əldə edilən istintaq sənədlərinə görə, Məhəmməd Gündüz 2002-2015-ci illərdə qeyri-rəsmi, 2015-ci ildən isə rəsmi nikah münasibətlərində olmaqla birlikdə yaşadığı Türkanın 2018-ci ildən etibarən plastik-cərrah kimi işləyərək pul qazanmasından sonra dəfələrlə evə gec gəlməsinə, ona kobud cavab qaytarmasına, spirtli içki qəbul etməsinə, telefon zənglərinə cavab verməməsinə, onunla birlikdə Azərbaycandan kənarda, Türkiyədə yaşamaqdan imtina etməsinə, hətta kişilik hissinə toxunaraq dərman vasitəsilə cinsi əlaqədə olmasını deməsinə görə bir ər kimi ona hörmət etməməsi qənaətinə gəlib.
Davamlı mübahisələr ər-arvad kimi onların münasibətlərində soyuqluq yaradıb. 7 may 2023-cü ildə gecəyarısı Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi yaşayış evində Türkan söhbət əsnasında kobudluqla onunla birlikdə yaşamaqdan imtina etdiyini deyib. Bu səbəbdən Məhəmməd Gündüz Türkana bıçaqla çoxsaylı zərbələr vurub.
Ümumilikdə 7 bıçaq xəsarəti alan qadın vəfat edib.
İstintaq orqanı tərəfindən Məhəmməd Gündüzün barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Məhkəmədə ifadə verən Məhəmməd ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, Türkanla bir-birilərini sevərək ailə qurublar:
“Mən Türkanı tanıyanda o, tələbə idi və həmin vaxtlardan onunla münasibətim yaranmağa başladı. Onun təhsilini davam etdirməsinə köməklik etdim. Türkanın ailəsi onunla evlənməyimizə razı deyildilər. Hətta bir gün Türkanın atası ilə dalaşaraq onu evdə qovdum.
Türkana da atası ilə görüşməməyi tapşırdım, onun dələduz olduğunu bildirdim. Dedim ki, atasının borclu olduğu şəxslər borclarının qaytarılması üçün dəfələrlə qapımıza gəliblər”.
Məhəmməd Güdüz bildirib ki, 2018-ci ildən Türkan işləməyə başlayıb:
“Həmin ildən də onun qazancı artdı. Bundan sonra məni alçaltmağa, adamlar arasında atmacalar atmağa başladı. Ona belə etməməsi barədə dəfələrlə xəbərdarlıqlar etmişdim. Bacısı mənim xadimə ilə Türkana xəyanət etdiyimi bildirdi. Lakin belə bir hal baş verməmişdi. Evə kameraların qoyulmasını mən təşkil etmişdim. Evdə kameraların olduğunu bildiyi halda Türkana xəyanət etməyimdən söhbət gedə bilməzdi.
Türkiyənin Konya şəhərindəki evimdə işləyən xadimənin şəxsi nəqliyyat vasitəsi yox idi, o, evə ictimai nəqliyyatda gedib-gəlirdi. Həmin gün ona motosiklet aldığımı bildirdim. O da məni təbrik etdi, əl uzadıb yanağıma toxundu. Bundan başqa aramızda heç nə olmayıb. Türkan özü mənə deməsə də, bundan şübhələndiyini və qısqandığını hiss etmişdim. Məni qısqandığı halda, xadiməni işdən azad edəcəyimi dedim.
Bir gün Türkanın anası zəng etdi, həyat yoldaşının səhhətində ciddi problemlər olduğunu və qızını yanında görmək istədiyini bildirdi. Mən də təbii ki, etiraz etmədim. Hətta qızımıza da valideyn kimi rəsmi olaraq onunla ölkədən getməsinə icazə verdim. Onları Azərbaycana yola saldım. İki gün sonra Türkanın məndən boşanmaq istəməsi barədə rəsmi bildiriş aldım. Onunla əlaqə saxlayaraq, danışdım, səbəbi soruşdum. Türkan səbəb kimi xadimə ilə olan videogörüntüləri göstərdi. Mən vəziyyəti izah etdiyimi, hətta bu məsələdən sonra həmin xadiməni işdən çıxardığımı bildirdim. Lakin o, mənə inanmadı”.
Məhəmməd Gündüz qeyd edib ki, təqribən 7-10 gün sonra Azərbaycana gəlib:
“Həmin vaxt Türkiyənin Antalya şəhərinə tətil üçün bilet də almışdım. Azərbaycana tətil bileti ilə birlikdə gəlməkdə məqsədim Türkanla barışmaq idi. Onu öldürmək üçün gəlməmişdim, onu öldürmək fikrim də olmayıb. Azərbaycana Türkana məlumat vermədən gəlmişdim, gələn kimi ona zəng vurdum. Telefonu açdıqda Gəncə şəhərində olduğunu bildirdi. Türkan həmin vaxt sərxoş vəziyyətdəydi. Mənə tibb bacısı ilə birlikdə olduğunu dedi. Ondan telefonu tibb bacısına verməyi tələb etdim. Amma bundan imtina etdi.
Türkan mənə nalayiq ifadələr səsləndirməyə başladı. Yenidən zəng edərək, Gəncə şəhərinə gələcəyimi dedim, orada birlikdə gəzməyi təklif etdim. Yola düşdüm, Kürdəmirə çatanda Türkan artıq Bakıda evdə olduğunu bildirdi. Mən də geri qayıtdım, Nərimanov rayonunda yerləşən evə getdim. Türkan evdəydi, amma qapını açmırdı.
Qapını açdıqda vəziyyəti izah etdim, ona xəyanət etmədiyimə and içdim. O da mənə inandığını bildirdi. Əvvəlki gün Gəncə şəhərində olub-olmadığını soruşdum. Əgər Gəncə şəhərində olmuşdursa, olduğu klinikanın rəhbəri ilə dəqiqləşdirəcəkdim. Türkan Gəncə şəhərində yox, başqa yerdə olduğunu bildirdi. Daha məsələni uzatmadım. Qızımı da götürərək bir az gəzdim və evə qayıtdım. Bu müddətdə aramızda heç bir problem olmadı”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, daha sonra Türkan yenidən xadimə ilə videogörüntüləri göstərməyə başlayıb:
“Mən də ona aldığım tətil biletləri barədə danışdım, artıq bu videogörüntüləri unutmalı, sadəcə tətil barədə düşünməli olduğunu söylədim, videogörüntüləri sildim. Türkan yenidən mənə qarşı nalayiq ifadələr işlətdi. Bir daha ona xəbərdarlıq etdim.
Təxminən 1 həftə sonra yenidən aramızda mübahisə yarandı. Türkan nalayiq ifadələr səsləndirdi. Bu dəfə mənim valideynlərimin ünvanına nalayiq ifadələr səsləndirdi və bizi təhqir etdi. Əvvəlcə, qənd qabını onun üzərinə atdım. Daha sonra meyvə soyduğum bıçaqla vurdum.
Hadisəni törətdiyim vaxt özümdə deyildim. Türkanı bıçaqla vurduqda dərhal qızım otağa daxil oldu. Ona “103” çağrı mərkəzinə və xalasına zəng etməsini bildirdim. Təxminən 40 dəqiqə sonra təcili tibbi yardım avtomobili gəldi. Onlar hadisə yerinə gec gəldilər. İki-üç dəfə onlara ünvanı izah etməli oldum.
Mənim Türkanı öldürmək məqsədim olmayıb. Aramızda əvvəllər də mübahisələr olub. Mübahisələr qısqanclıq zəminində yaranıb. Üzərimdə olan bıçağı 2 il əvvəl almışdım və ondan meyvə soymaq üçün istifadə edirdim. Hadisəni törətdiyim anda huşumu itirdim, nə etdiyimi xatırlamıram. Hadisə baş verən vaxt qızım evdə otağında idi. Onun qulağında böyük qulaqcıqlar var idi. Hadisə zamanı səs-küy olmadığı üçün o, hadisə yerinə gəlməyib və heç nə eşitməyib”.
Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini elan edilib. Həmin ifadədən məlum olur ki, 6 may 2023-cü ildə bütün günü o, qızı Sibellə birlikdə evdə olub:
“Saat 10-11 radələrində Türkan işə getdi. Təxminən saat 18 radələrində onu aparan taksi sürücüsü zəng edərək arvadımın telefonda bu gün bəlkə evə getməyəcəyini bildiridiyini dedi.
Təxminən saat 20 radələrində arvadım evə gəldi, yeməyini yeyib, yorğun olduğuna görə yatmağa getdi. Bir necə saat yatdıqdan sonra oyandı. Qonaq otağında oturduğumuz vaxt Türkana belə hərəkətlərin bizə yaraşmadığını, mütəmadi mübahisə etməyimizin övladlarımıza ziyan vurduğunu, danışığına fikir verməli olduğunu dedim. O da Türkiyədə yaşamaq istəmədiyini, mənim Türkiyədə, özünün isə Azərbaycanda yaşayacağını söylədi. Bununla aramızda mübahisə bir az da gücləndi.
Masadan şirniyyatı götürərək onun üzərinə atanda Türkan ayağa qalxaraq üstümə gəldi. Mən də yanımda olan dolabçadan alma soymaq üçün istifadə etdiyim bıçağı götürdüm və qorxutmaq məqsədilə üstünə getdim. Təxminən 3-4 dəfə bıçaqla onun qarın və sinə nahiyələrinə zərbə endirəndən sonra Türkan otaqdan çıxmaq üçün qapı tərəfə qaçdı. Səsimizə qızım Sibel öz otağından çıxdı və mənə yaxınlaşaraq “ata, eləmə” söylədi. Qızıma otağına keçməyi tapşırdım.
Otaqdan çıxan zaman arxadan Türkanın böyrünə daha bir bıçaq zərbəsi endirdim. O, otaqdan çıxaraq yataq otağının qarşısında yerə yıxıldı. Onun qan içində olduğunu gördüm, qızım Sibelə dərhal dedim ki, təcili tibbi yardım çağır. Qızım 103 xidmətinə zəng etdi. Mən özüm ondan telefonu aldım, bu barədə məlumat verdim.
Daha sonra öz telefonumdan dostum Əkrəm Öktəmə zəng etdim, evin həyətinə çıxdım. Polis əməkdaşları gələrək məni saxladılar, törətdiyim cinayəti etiraf etdim”.
Məhkəmədə təqsirləndirilən şəxsin Türkanla birgə nikahından olan övladları da ifadə veriblər. Onlar atalarının xəyanətindən, Konyadakı evdə xadimə ilə uyğunsuz hərəkətlərindən danışıblar. Bildiriblər ki, ataları barışıqdan ötrü dəfələrlə analarını bıçaqla hədələyib.
Cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhəmməd Gündüz 17 il müddətinə azadlıqdan məhrum edilib. Cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilib.
- Gündəm
- 20 Yanvar 2025