Ərdoğan tokayev

Ərdoğan KTMT-ni köməyə çağıran Tokayevi niyə dəstəkləyir? - SENSASSİON BİLGİLƏR

Ərdoğan Türkiyəsi və Putin Rusiyası artıq xeyli vaxtdır, - ən azından, 2016-cı ilin 15 iyulundakı məlum çevriliş olaylarından üzü bu yana, - əksər məsələlərdə bir yerdədirlər və hətta çox fəal şəkildə yeni bir geopolitik strategiyanı – Çin və Avropa arasındakı coğrafiyada Rusiyanın “Yeni SSRİ”, türklərin “Turan”, Qərb strateqlərinin isə “Yeni Avrasiya” adlandırdıqları blokun formalaşdırılması prosesini həyata keçirirlər.

Kanal.az xəbər verir ki, bu iddia ilə politoloq Elxan Şükürlü çıxış edib.

Onun sözlərinə görə, ABŞ və Avropa İttifaqının pozucu müdaxilələrinə və təhriklərinə baxmayaraq, hər iki ölkə rəhbəri harada mənafelərin toqquşma nöqtələri varsa – durur, əyləşib danışırlar; harada uzlaşa bilirlərsə - orada da razılaşır, əməkdaşlıq edirlər:

“Elə Qarabağda – Cənubi Qafqaz dəhlizi üzərində 30 ildir tıxaca çevrilmiş münaqişənin həllinə ona görə razılıq verildi ki, Azərbaycan üzərində Əliyevin iştirakıyla Putin-Ərdoğan anlaşmasını əldə etmək mümkün oldu. Məgər Rusiya istəsəydi, 9 noyabrda deyil, elə hərbi əməliyyatların ilk günlərində nəyisə bəhanə edib, Azərbaycana da qoşun yeridə bilməzdimi?! Əlbəttə, edərdi, heç o kollektiv Qərb də cınqırını çıxarmaz, bəyanatlardan uzağa gedə bilməzdi – xristian Gürcüstan, Ukrayna, Moldova göz qabağındadır.

Ancaq Rusiya 44 gün ərazində müdaxilə etmədi və hətta Prezident Putin səviyyəsində dilə gətirildi ki, hərbi əməliyyatlar Azərbaycanın öz ərazisində aparılır. Rusiyanın yadına hüquq ona görə düşmüşdü ki, bir tərəfdən, Ermənistanın KTMT-dən qopub NATO-ya üz tutmasının qarşısı alınacaqdı, o biri tərəfdən də əməliyyatlara müdaxilə etməyəcəyinə dair öncədən Azərbaycana söz vermiş, vəd almışdı və sözə, vədə təminatçı kimi də Ərdoğan Türkiyəsi çıxış etmişdi. Şükür ki, bu savaşda Ermənistanı məğlub edə bildik və əldə olunan nəticə də indi Azərbaycanı, Türkiyəni və Rusiyanı nəinki qane edir, hətta onlara “Yeni Avrasiya” üçün daha əlverişli əməkdaşlıq imkanları açır...”

Qazaxıstan olaylarına bu prizmadan diqqət çəkən Elxan Şükürlü bildirib: “KTMT və Avrasiya İttifaqının daha bir üzvü - Qazaxıstan strateji xammal ehtiyatlarıyla zəngin 2,8 milyon kvadrat kilometrlik böyük ərazisi, əksəriyyəti türkmənşəli olan 20 milyonluq əhalisi ilə Turan Birliyinin (TDT) – “Yeni Avrasiya”nın Rusiya və Çin sərhəddində ən əhəmiyyətli, açar ölkəsidir. Yəni təkcə Rusiya, Çin və ABŞ deyil, həm də Türkiyə üçün həyati əhəmiyyətli geopolitik nöqtələrdəndir. Bununla belə, biz Türkiyənin Qazaxıstandakı hadisələrə nəinki qarışmadığını, əksinə, Rusiyanı rəsmən Qazaxıstana çağırmış Prezident Tokayevi dəstəklədiyini müşahidə edirik. Çünki Türkiyə kəşfiyyatı dəqiq bilir ki, iğtişaşların təşkilində və proseslərin arxasında Qazaxıstanı KTMT-dən və Avrasiya İttifaqından çıxarmaq istəyən qüvvələr durur. Qazaxıstanda qərbyönümlülər hakimiyyəti ələ keçirərdilərsə, bu, Putin və Ərdoğanın “Yeni Avrasiya” layihəsinə son vermək olardı...

“Yeni Avrasiya” isə 2023-də Ərdoğanın, 2024-də də Putinin yenidən seçilmələrinə “yaşıl işıq” yandıra biləcək layihədir. Hər iksi çox yaxşı bilir ki, ABŞ əsas rəqibi Çinin qarşısını kəsmək üçün Rusiya və Türkiyəyə çox ehtiyaclıdır. Ancaq bunun üçün ya Rusiya və Türkiyənin təklif etdiyi şərtləri qəbul etməli, ya da Çini zəiflətmək üçün Rusiyada, Rusiyanı zəiflətmək üçün Türkiyədə, Türkiyəni zəiflətmək üçün də Azərbaycan və Qazaxıstanda hakimiyyət dəyişikliyinə nail olmalı, Türkiyəni Rusiyadan ayırmağı və aralarına nifaq soxmağı bacarmalıdır...

Hələlik Putin-Ərdoğan tandemi ABŞ-ın planlarına qarşı birgə duruş gətirə bilir. Bu, haçanadək davam edəcək, onu deməksə çox çətindir”.//axar.az