Elşad Miri: “Allahın bizdən istədiyi fırlanmaqdır?” – İlahiyyatçıdan Həcc ziyarətinə gedənlərlə bağlı ŞOK AÇIQLAMA
“Bəzi korrupsionerlər Həccə getməklə bütün günahlarının bağışlanacağına inanır. Həcc ziyarəti sanki günahyuma aparatıdır”.
Bunu Sfera.az-a açıqlamasında ilahiyyatçı Elşad Miri bildirib.
O, Qafqaz Müsəlmanları İdarəsinin Həcc ziyarəti üçün təyin etdiyi məbləğin yüksək olmasından gileylənib: “10 min manatın müqabilində təkcə səhər yeməyi verəcəklər, onu da ziyarətçilər yeyə bilməyəcək. Odur ki, ziyarətçilərin orada keçirdiyi müddət ərzində əlavə məbləğə də ehtiyacı var. Bəzi insanlar ömür boyu özünü ziyarətə hazırlayır. Lakin sual etsək ki, 24 saatın neçə saatını ziyarətdə keçirirlər, deyəcəklər ki, namaz vaxtlarını. Məqsəd budurmu? Allah bizdən bunu istəyir? Axı 10-12 min manat pulla 6 azərbaycanlı tələbənin illik təhsil haqqını ödəmək olar. Qiymət məsələsi isə Qafqaz Müsəlmanları İdarəsinin monopoliyasındadır. Bununla bağlı isə hesabat verilmir”.
İlahiyyatçı bəzi şəxslərin ziyarətə yalnız “hacı” statusunda olmaq üçün getdiyini deyib: “Ziyarətə gedən insanlar günlərini otellərdə qalmaqla, Kəbə ətrafında təvaf etməklə, Quranda olmamasına baxmayaraq, şeytana daş atmaqla keçirirlər. Təbii olaraq kim hara istəsə, gedə bilər, amma bu səfəri din adı altında həyata keçirmək düzgün deyil. Kəbəni ziyarət edənlər 7 dəfə dövr edirlər. Allahın bizdən istədiyi fırlanmaqdırmı? Ziyarətdən qayıdanda isə özlərinə “hacı” dedizdirirlər. Sanki onlar süddən çıxmış ağ qaşıqlardır. Hətta bəziləri deyir ki, mən saxta araq satmaram, çünki hacıyam. Yəni insanlar 10-12 min manat verməklə yalnız “hacı” titulunu almağa çalışırlar. Son olaraq deyim ki, Həcc anlayışının islami tərəfi yoxdur”.
- Ölkə
- 24 Aprel 2024