Əliyev "rus planı"na qarşı hərəkətə keçdi - Güzəşt olmayacaq
Əliyev hakim “Vahid Rusiya” partiyasının üzvü Vitali Milonovun Qarabağa qanunsuz səfəri ilə bağlı Medvedyevə etiraz məktubu göndərdi: bu etiraz rəsmi Bakının Moskvaya ərazi bütövlüyü və suverenliyi məsələsində güzəşt olmayacağını ən yüksək səviyyədə çatdırmasıdır.
Milonov Qarabağda “rus icması” planının aparıcı fiqurudur və bu planın indi aktivləşdirilməsi səbəbsiz deyil:
– Azərbaycan-Ermənistan sərhədinin müəyyən edilməsi ilə İrəvanın oyundankənar vəziyyətə düşəcəyi məlumdur və bu, Qarabağdakı separatçı-terrorçuların bizim daxili məsələmiz olduğu faktını daha da gücləndirəcək; Paşinyanın “Qarabağın statusu” ilə bağlı son açıqlaması da İrəvanın separatçı-terrorçuları rusların qucağına itələdiyini deməyə əsas verir;
– Ermənistanın oyundan çıxması Qarabağda güc balansını Azərbaycanın xeyrinə dəyişəcək və bu, rus sülhməramlılarının bölgədə nəzərdə tutulan vaxtdan daha çox qalması perspektivini də zəiflədir.
Rusiya məhz indi – Ermənistanın oyundan çıxması prosesinin getdiyi vaxtda “rus icması” kartını da işə salır: bu, Moskvanın bölgədə mövcudluğunu davam etdirmək “arqumentini” gücləndirmək və əlavə rıçaqlar qazanmaq planıdır.
Rəsmi Bakı bu plana qarşı ən yüksək səviyyədə mövqe ortaya qoydu. Və Əliyev bununla Rusiyaya açıq mesaj verdi ki:
– “Rus icması” planından xəbərdarıq;
– Ərazi bütövlüyü və suverenliyimiz məsələsində güzəşt olmayacaq.
Rəsmi Bakının ən yüksək səviyyədə etirazı Qazaxıstan hadisələri fonunda da xüsusi diqqət çəkir. Əliyevin mümkün risklərə qarşı Qarabağda müəyyən gedişlər edəcəyi də istisna deyil.
Asif Nərimanlı
- Siyasət
- 08 Yanvar 2022