64c3c9b3eb37a202307235915

Əliyev nöqtəni qoydu, oyun bitdimi? – Laçın postunda qitələrin qarşıdurması

Kartlar açılır. Kirli üzlər aydın görünür. Mövqelər bilinir. Hər kəs safını bəlli edir. Və biz bunu təmkinlə, amma diqqətlə izləyirik. Üstümüzə TIR-la hücum çəkib, cavabı tankla almaq istəyirlər. Azərbaycanın əsəbilərini sınayıb, yanlışa yol verməyimiz üçün çalışırlar. Sonra gəlsin sanksiya seli.

Necə ki, 2020-ci ilin noyabr ayında ordunun Xankəndiyə daxil olmasını arzulayanların gözləntiləri gözlərində qaldı. Bəzi beynəlxalq təşkilatlar, bir sıra Qərb ölkələri istəyirdilər hərbçilərimiz Xankəndiyə girsin. Azərbaycanın beynəlxalq birlik qarşısında immuniteti düşsün. Onlar da asanca sanksiyalar tətbiq edə bilsin. Ardından da işğaldan azad etdiyimiz məntəqələri boşaltmaq məcburiyyətində qalaq.

Azərbaycan dövlət isə tamam başqa mövqe tutdu. 10 noyabr sazişini imzalayıb əsas hədəfinə kilidləndi. Ağdam, Laçın, Kəlbəcər müharibəsiz boşaldıldı. Bu, Azərbaycan diplomatiyasının ən böyük qələbəsi sayılmalıdır. İşğaldakı torpaqlar güllə atılmadan azad edildi. Bunun əksi isə Xankəndiyə girmək idi. Prezident İlham Əliyev dahiyanə gedişlə müharibədəki qələbəsini diplomatik zəfərlə möhürlədi.

Bu dəfə də eynisi olacaq. Azərbaycan dövləti heç kimə bəhanə verməyib, indən sonra da verməyəcək. Bu, əsəb müharibəsi, diplomatiya savaşıdır. Səhv etmək olmaz. Bədələni ağır ödəyərik. Bütün bu təzyiqlərin, basqıların bir səbəbi də budur ki, yanlışa yol verək.

Azərbaycan ilk gündən mövqeyini bəyan edib. 400 ton “humanitar yardım” məsələsi gündəmə gələn kimi Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter paylaşımında baş verənləri sərt formada tənqid etdi.

“Beynəlxalq ictimaiyyət Ağdam-Xankəndi yolunun istifadəsi və Qarabağın erməni sakinlərinin Azərbaycana reinteqrasiyası ilə bağlı aydın ismarış verməlidir. Başqa yol yoxdur! Oyun bitdi!” – H.Hacıyevin Tvitter paylaşımı bu cümlə ilə yekunlaşırdı.

Əslində bu sözlər Azərbaycan dövlətinin sərt və qəti mövqeyi kimi anlaşıldı. Prezident İlham Əliyevin iradəsini ifadə etdiyi şübhə doğurmadı. “Başqa yol yoxdur! Oyun bitdi!” – fikrimizcə, bunla Prezident İlham Əliyev mesajını veriş oldu. Yəni TIR-lar Ermənistana yola çıxar-çıxmaz Azərbaycan dövləti Avropa İttifaqının və separatizmə dəstək verən, işğalı müdafiə edən, eskalasiyadan yana olan bütün qüvvələrin oyununu pozdu. Onları ifşa və bəribaşdan məğlub etdi. Gerçək simalarını gün işığına çıxardı. Bir Tvitter paylaşımı o boyda kampaniyanı 19 TIR-la birlikdə silib-süpürdü. İndi gəlib sərhədimizdə boyunlarını büküblər. Rusiya sülhməramlılarına yalvarırlar ki, TIR-ları buraxsın.

Yeri gəlmişkən, Rusiyanın davranışı da maraqla, həssaslıqla izlənilir. Moskva ağıllı oynayır. Ənənəvi qaba siyasəti təmkinli rəftar əvəz edir. Putin gedən oyunun fərqindədir. Əlinə fürsət düşüb. Dəyərləndirir. Qərbin təşəbbüsü götürməsinə imkan vermir. TIR-lar Aİ-nin Ermənistandakı müşahidə missiyasının üzvlərinin və digər beynəlxalq təşkilatların, diplomatların müşayiəti ilə Xankəndinə daxil olmalıdır. Bu da Rusiyanın mənafeyinə əsla uyğun gəlmir. Avropa İttifaqı xilaskar kimi görünə bilməz. Bu, avtomatik Rusiyanın Cənubi Qafqaz siyasətinin zədələnməsi deməkdir. Bu baxımdan hazırkı şərtlərdə Rusiya ilə Aİ-nin sərhəddə toqquşması bizə sərf edir. Dünənki məqalədə də bunun altını xətləmişdik. Yazmışdıq ki, Qərblə Rusiya Laçın postunda sözün siyasi və diplomatik mənasında savaşa başlayıblar. Bu savaşın qalibi isə indidən bəllidir…

Azərbaycanın tələbi budur ki, Qarabağdakı erməni silahlıları təslim olsunlar. Bölgəni tərk etsinlər. Bu, beynəlxalq hüquqa tam uyğun tələbdir. Üstəlik 10 noyabr üçlü Bəyanatının 4-cü bəndində bu tələb özü əksini tapıb. Qərb isə hazırda bunun tamamilə əksi olan mövqe tutub. Sülh əleyhinə fəaliyyət göstərir. Qarşıdurmanın artmasında, müharibənin başlamasında maraqlı tərəf kimi çıxış edir. Savaşmı istəyirlər? Onu istəyən mütləq alacaq! Necə ki bir zamanlar Avropa, Amerika bir ağızdan Azərbaycanı təslimiyyətə çağırırdılar. Deyirdilər, münaqişənin hərbi yolla həlli variantı tükənib. Günün birində Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün hərəkətə keçdi. Vətən Müharibəsi ilə işğala əhəmiyyətli şəkildə son qoydu. Beynəlxalq birliyin çağırışlarına baxmayaraq, müharibəni öz bildiyi vaxtda dayandırdı. Hazırda da diplomatik və informasiya cəbhəsində var gücü ilə mübarizə aparır.

İlham Əliyev mahir siyasətçidir. Harda başlayıb, harada dayanmağı çox yaxşı bilir. Onu kimsə – dünyanın ən bic və təcrübəli siyasətçiləri belə provokasiyaya çəkə bilmir.

İlham Əliyev nöqtəni qoydu. Oyun bitdi dedi. Amma ölkəsi, milləti üçün yeni abzasdan başlamaqda, yeni savaşlara hazırlaşmaqdadır. Savaşları başlatmaq və bitirmək ağıl və cəsarət tələb edir. Biz oyunun yox, savaşın qalibiyik! /globalinfo.az