vulkan

Dünya sunami təhlükəsi ilə üz-üzə: Vulkan püskürməsindən sonra ölkə ilə əlaqə itdi

Sakit okeanda 170-ə yaxın adadan ibarət olan Tonqanın Hunqa Haapai adasında yerləşən vulkanın püskürməsindən sonra ABŞ və Kanadanın qərb sahilləri üçün sunami xəbərdarlığı, Çilinin bəzi adaları üçün isə kiçik sunami xəbərdarlığı edilib.

Bu barədə ABŞ Milli Meteorologiya Xidmətinin Milli Sunami Xəbərdarlıq Mərkəzi açıqlama yayıb.

Məlumata görə, Alyaskadan Kaliforniyaya qədər ABŞ-ın qərb sahilləri və Kanadanın qərb sahilləri üçün sunami xəbərdarlığı edilib.

Bundan əlavə, Havay adalarının da sunamidən təsirlənə biləcəyi bildirilib.

*****

Yeni Zelandiyanın Baş naziri Casinda Ardern vulkan püskürməsindən sonra sunaminin vurduğu ada ölkəsi Tonqa ilə əlaqə qura bilmədiklərini açıqlayıb.

Kanal.az xəbər verir ki, Ardern Tonqada yaralanan və ölənlərlə bağlı əllərində heç bir məlumat olmadığını deyib.

O qeyd edib ki, mobil telefonlar işləmədiyi üçün Tonqa baş naziri ilə əlaqə saxlaya bilməyib.

"Yeni Zelandiya Müdafiə Qüvvələri və Xarici İşlər Nazirliyi ölkədə nəyə ehtiyac olduğunu və necə kömək edəcəyini müəyyənləşdirir. Əlaqə təmin etmək üçün sualtı kabelin təmiri ilə bağlı hər cür köməklik göstəriləcək. Bölgəyə getmək üçün gəmilərə ehtiyac ola bilər. Kömək etməyə hazırıq", - Ardern deyib.