Dondurmanın keyfiyyətini belə yoxlayın - Mütəxəssis açıqladı
Dondurmanın təkcə istehsalı deyil, saxlama prosesi də düzgün olmalıdır. Əks təqdirdə yararlılıq müddəti uzun olsa da, desert keyfiyyətini itirir və dadı dəyişməyə başlayır. Bəzən istehsalçı şirkətlər ötən ildən qalan və keyfiyyət göstəricilərini itirən dondurmaları yenidən satışa çıxarırlar. Qida mütəxəssisləri bildirilər ki, bu cür məhsulun rəngi digərlərindən seçilir.
Metbuat.az xəbər verir ki, qida mütəxəssisi Seymur Qafarov deyib: “Köhnə dondurmada ağ və sarı rəng biri-birinə qarışmış şəkildə olur və bu, dondurmanın qaymağının ona yaxşı əlavə edilmədiyini və yaxşı qarışdırılmadığını göstərir. Onu dondurduqda yenidən donur və məhsula kristallik görüntü verir. Belə olduğu halda əllə toxunaraq dondurmanın içərisindəki formanın deyil, üzərində yapışan su kütlələrinin donmuş buz halına gəldiyini müşahidə etmək olar. Bu cür dondurmaları qəbul etdikdə dad keyfiyyəti su ilə itir”.
Hər kəs dondurmanın keyfiyyətini evdə asanlıqla yoxlaya bilər: “Dondurmanın kiçik bir hissəsini kəsib evdə nəlbəkiyə və ya düz müstəviyə qoyub onun əriməsinə fikir vermək lazımdır. Dondurma keyfiyyətli olduqda 10-15 dəqiqə ərzində onun bütün hissələri şaquli olaraq hissə-hissə eyni anda və eyni dərəcədə əriyir. Keyfiyyətsiz olduqda və bitki yağı əvəzedicilərindən istifadə olunaraq hazırlanıbsa, dondurmanın əriyən hissələrinin çoxu suya çıxır, forması qeyri-bərabər şəkildə əriyir və çox vaxt kiçik bir hissəsi də olsa qalır”,- deyə mütəxəssis bildirib.
Keyfiyyətsiz dondurma başağrısı, mədə-bağırsaq sisteminin pozulması və zəhərlənmə kimi hallara səbəb ola bilər. Qeyd edək ki, ev şəraitində bu deserti mənfi 18 dərəcədən yüksək olmayan temperaturda saxlamaq lazımdır.
- Sağlamlıq
- 23 May 2024