
"Bəlkə də bu vəhşiliyi dost bildiyi..." - Ölkəni silkələyən dəhşətli qətllə bağlı son xəbər - FOTO
Gəncədə həmyaşıdları tərəfindən qətlə yetirilən Elgün İbrahimovun faciəsi ölkədə geniş rezonans doğurub. Sosial şəbəkələrdə “Elgün üçün ədalət” şüarı ilə kampaniyalar başladılıb və ictimaiyyət hadisənin ədalətli araşdırılmasını tələb edir. Ailə və yaxınları günahkarların layiqli şəkildə cəzalandırılmasını istəyir.
Hazırda vəziyyət necədir?
Kanal.az xəbər verir ki globalinfo.az bununla bağlı müvafiq qurumlarla əlaqə saxlayıb.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən saytımıza verilən məlumata görə, məsələ hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır:
“Bizdə hər hansı məlumat yoxdur. Hadisə məktəbdən kənarda, qeyri-dərs saatında baş verdiyi üçün nəsə deyə bilmərik. Bunu hüquq-mühafizə orqanları araşdırmalıdır. Bununla da Elgünün eyni məktəbdənmi, yoxsa kənar şəxslər tərəfindən qətlə yetirildiyi müəyyənləşdirilməlidir”.Baş Prokurorluğunun mətbuat xidmətindən saytımıza bildirilib ki, hazırda Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparılır.
Globalinfo.az Elgün İbrahimovun təhsil aldığı Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəblə də əlaqə saxlayıb. Təhsil ocağı onun nümunəvi şagird olduğunu vurğulayıb:
“Çox yaxşı uşaq idi, onda heç bir mənfi xüsusiyyət tapmaq mümkün deyildi. Sinif yoldaşları ilə münasibətləri də hər zaman yaxşı olub”.
Mərhumun dayısının sözlərinə görə, Elgün döyülərkən tanınmaz hala salınıb:
“Axşam bacım zəng edib, ağlaya-ağlaya dedi ki, Elgünün başına iş gəlib, 3 nömrəli xəstəxanaya gəl. Həkimlərdən icazə alıb oğlumun yanına girdik. Uşağım vəhşicəsinə döyülmüşdü, tanınmaz halda idi”.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, mayın 13-də, gecəyarısında 2007-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Zülfüqar Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə aqonal vəziyyətdə hospitalizasiya olunub:
“Ona qapalı kəllə-beyin travması, qarının və bədənin müxtəlif nahiyələrinin küt travması diaqnozları təyin edilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 12:10-da pasiyentin ölüm faktı qeydə alınıb.”
Xatırladaq ki, mayın 12-də Gəncə şəhərində küçədə döyülən 18 yaşlı Elgün İbrahimov aldığı ağır kəllə-beyin travmasından xəstəxanada vəfat edib.
Hadisəni kimin törətdiyi məlum deyil. Hüquq-mühafizə orqanları cinayət əməlini törədən şəxs və şəxslərin axtarışını davam etdirir.
Kanal.az-ın məlumatına görə, Elgün İbrahimovun anası Fizzə xanım Modern.az-a açıqlamasında oğlunun çox sakit təbiətli olduğunu bildirib:
“Bəlkə də bu vəhşiliyi Elgünün dost bildiyi kimsə edib. Dünən axşam prokurorluqda olmuşuq, dedilər narahat olmayın, mütləq tapılacaq. O nə dalaşqan, nə pis iş tutan uşaq olub. Həm oxuyurdu, həm işləyirdi. 5 fənndən hazırlığa gedirdi. Onun boş vaxtı yox idi ki, kənar işlərlə məşğul olsun. Əksinə hamını bir araya gətirən uşaq idi. Dostları çox idi, həm qız, həm də oğlan. Hamı ilə də mehriban idi. Sevdiyi bir qız da olmayıb ki, deyim onun üstündə olub bu dəhşət”.
- Gündəm
- 16 May 2025