6459e6972438a202305232215

Bayram Nurlu da əkizlərin geyimini bəyənmədi: “Heç özüm o cür geyinmərəm”

Azərbaycan təmsilçiləri Tural və Turan əkiz qardaşlarının "Avroviziya - 2023" mahnı müsabiqəsinin açılış mərasimindəki geyimləri sərt tənqidlə qarşılanıb. 

Tanınmış ekstrasens, sosial şəbəkə fenomeni Bayram Nurlu da məsələyə səssiz qalmayıb. O, təmsilçilərimizin geyimini biabırçı adlandırıb:

“Mən heç kimə söz atmıram. Avroviziya təmsilçilərimizə uğurlar arzulayıram, amma geyimlərini heç bəyənmədim. Deyə bilərsiniz ki, Bayram, sən özün də obrazlar yaradırsan, düzdür, amma mən xaricdə ölkəni təmsil etmirəm, mən sosial şəbəkə fenomeniyəm və “Instagram” hesabım üçün belə obrazlar yaradıram. Türkiyədə efirə çıxanda da makiyajsız, efir qaydalarına uyğun formada çıxıram.

Təşkilatçılar görmür ki, bu iki gənc bütün dünyada Azərbaycanı təmsil edəcək? O nə geyimlərdir? Heç özüm o cür geyinmərəm. Yeri gələndə mənə yazırsınız ki, geyiminə düzəliş et, makiyajını düzəlt, bura Azərbaycandır, filan. Bəs bu nədir? Bu, biabırçılıqdır. Ən azından dünyada təmsil olunuruq, diqqət etmək lazımdır”. / Yenisabah.az