6622d46b3a2de202404243035

Bakıda ŞOK HADİSƏ: Həmcinslərin intim əlaqəsi: Bakı İslam Universitetinin dekanı niyə killer tutdu? - CİNAYƏT

CİNAYƏT İŞİ

Qısa arayış...

2011-ci il oktyabrın 31-də Bakının Xətai rayonu NZS qəsəbəsi Sovxoz küçəsində qətl hadisəsi olur. Məlumatla əlaqədar dərhal polis və prokurorluq əməkdaşları  hadisə yerinə cəlb olunurlar. 1974-cü il təvəllüdlü İlkin Qurbanovun meyiti 1 nömrəli evin 2-ci blokunun girişində tapılır.

Faktla əlaqədar Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılır. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, İlkin Qurbanovun bədənində 12 ədəd bıçaq yarası aşkar edilir.

11 ildən sonra, 2022-ci il avqustun 22-də Penitensiar Xidmətdən istintaq orqanına göndərilən məktubda göstərilib ki, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Anar Mansurovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, onun tanışı Əhəd Salahovun NZS qəsəbəsində adam öldürməsi müəyyən olunub.

Avqustun 26-da Baş Prokurorluq və DİN-i məlumat yayıb ki, 2011-ci il oktyabrın 31-də üzərində zorakılıq əlamətləri ilə İlkin Qurbanovun aşkar edilməsi faktı ilə bağlı Xətai rayon prokurorluğunda cinayət işi başlanıb istintaq aparılsa da, cinayəti törətmiş şəxsi və ya şəxsləri müəyyən etmək mümkün olmayıb. Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi yenidən öyrənildikdən sonra iş üzrə icraat təzələnib. Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, 1961-ci il təvəllüdlü Firudin Məmmədovun sifarişi ilə Əhəd Salahov evinin yaxınlığında bıçaqla çoxsaylı xəsarətlər yetirərək, İlkin Qurbanovu öldürüb. İstintaq materiallarına əsasən hadisədən bir müddət sonra, yəni, həmin il noyabrın 4-də Firudin Məmmədov Bakı şəhərinin Xocalı prospektində, avtomaşında sol dirsək oynağını bıçaqla kəsərək intihar edib. Avqustun 24-də Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Əhəd Salahov şübhəli şəxs qismində tutulub.

Qətlin törədildiyi bıçaq

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
 
İstitnaqla müəyyən edilib ki, Əhəd Salahov dini məsləhətlər verməsi nəticəsində dərin hörmətini qazanmış, şəxsiyyətinə pərəstiş etdiyi Bakı İslam Universitetində şəriət fakültəsinin dekanı vəzifəsində işləmiş Firudin Məmmədovla 2011-ci ilin oktyabr ayında görüşüb. Bu zaman F. Məmmədov tanışı İlkin Qurbanovu öldürnək lazım olmasını bildirib. Cavab olaraq Əhəd Salahov təmənnasız sifarişi yerinə yetirəcəyini söyləyib. Cinayətin törədilməsi üsulu, yeri və şəraitini dəqiqləşdirmək məqsədilə, oktyabrın ikinci yarısında, dəqiq məlum olmayan tarixdə Firudin Məmmədov ona İlkin Qurbanovun fotoşəklini və başqa şəxsin adına rəsmiləşdirilmiş mobil nömrə verib. Onu NZS qəsəbəsinə aparıb, öldürəcəyi insanın yaşadığı küçəni göstərib. Bir neçə dəfə İlkin Qurbanovun yaşadığı əraziyə gedib, cinayətin törədilməsini başa çatdırmaq və hadisə yerindən qaçıb, yayınmaq üçün əlverişli istiqamət və səmtləri öyrənməklə, hazırlıq işlərini görüb. Oktyabrın 31-i saat saat 23:02-də Firudin Məmmədovdan aldığı məlumat əsasında gözlədiyi mövqedən hərəkətə başlayıb, evinə gedən İlkin Qurbanovu təqib edib. Sovxoz küçəsində yerləşən 19 nömrəli yaşayış binası ilə üzbəüz qaranlıq ara yolda, arxadan hücum edərək, Qurbanovun  kürəyinə, sonra isə sinəsinə bıçaqla çoxsaylı zərbələr endirib. Bu hərəkəti ilə, Əhəd Salahov zərərçəkmişi həyatdan məhrum edib.

İş üzrə dindirilmiş Əhəd Salahov bildirib ki, Nizami rayonu, Çobanzadə küçəsi ev 25 mənzil 22-də anası ilə yaşayıb. Orta məktəbi bitirəndən sonra hərbi xidmətdə olub:

“Qayıdandan sonra, fərdi qaydada elektrik ustası işləyirdim, kikboksinglə məşğul olmuşam. Firudin Məmmədovu 2005-ci ildə, əsgərliyə getməmişdən əvvəl, Rövşən adlı tələbəsi olmuş şəxsin vasitəsi ilə tanımışam. Firudin müəllimə bir din adamı, ağsaqqal insan kimi hörmətim getdikcə artdı, atalıq etməklə, mənə dəyər verdi. Firudin Məmmədov İslam universitetində dekan işləyirdi, mənim kimi Nizami rayonunda yaşayırdı. Tez-tez ona baş çəkirdim. Ailə üzvləri olmuş arvadı və 2 oğlu ilə tanış olmuşdum. Firudin Məmmədovun ölümündən sonra, evində təmir işi görən zaman onun arvadı Səkinənin bacısı qızı Hürünü görüb, bəyənmişəm. 2016-cı ildə onunla evləndim. O vaxta qədər qeyri-rəsmi Tahirə Xuduyeva ilə yaşayırdım. 2011-ci ildə Firudin Məmmədov mənə bir neçə dəfə adam öldürə bilib-bilməyəcəyini soruşanda, hədsiz məhəbbətim olduğuna görə onun xətrinə istənilən şəxsi öldürməyə hazır olduğumu dedim. Hadisədən bir həftə əvvəl Firudin müəllim məni yaşadığı evinə çağırıb ilk dəfə olaraq açıq şəkildə, səbəbini açıqlamadan İlkin Qurbanovu öldürmək lazım olduğunu bildirdi. Həmin şəxsi heç vaxt görməmişdim.

Əhəd Salahov

Yadımdadır ki, razılıq verəndən sonra Firudin İlkinin hansısa toy məclisində çəkilmiş fotoşəkilini göstərdi. Birlikdə taksi ilə NZS qəsəbəsinə getdik. Avtomobili hərəkətdə ola-ola İlkinin yaşadığı evi göstərdi. Bundan sonra bir yaxud iki dəfə özüm cinayətə hazırlaşmaq məqsədilə həmin ərazini gəzərək, Qurbanovun əsas yoldan piyada gələcəyi və mənim gizlənə biləcəyim yerləri dəqiqləşdirib. Firudin cinayət törədilən zaman telefon əlaqəsi saxlamaq üçün mənə yeni mobil nömrə vermişdi. 15 ya 20 manata “20 Yanvar”  dairəsinin yaxılığında, dükanlardan birində açılıb-bağlanan bıçaq alıb, hadisə gününə qədər evdə saxladım.

Oktyabrın 31-də telefonla danışanda, Firudin İlkini evdən çıxardıb, özü ilə harasa aparacağını və qayıdanda, evinin yanında, mənə göstərdiyi küçədə taksidən düşürəcəyini dedi. Plana əsasən, bıçağı gödəkçəmin cibinə qoyub evdən çıxdım və dostum Anar Mansurovla görüşərək, ondan sadə modelli mobil telefonunu aldım. Qayıdıb, özümə məxsus telefonu işlək vəziyyətdə evdə qoydum. Bunu etməkdə məqsədim cinayətin izini itirmək və guya, evdə olmağım barədə mənzərə yaratmaq idi. 30 nömrəli avtobusla NZS qəsəbəsinə gələrək, orada yeni nömrəni Anardan götürdüyüm mobil telefona yerləşdirdim və zəng edib, Firudin Məmmədova artıq hadisə yerində olmağım barədə məlumat verdim. Xeyli vaxt keçəndən sonra markasını və rəngini xatırlamadığım avtomobil məndən təxminən 20 metr aralıda dayandı və İlkin Qurbanov maşından düşdü. Həmin an Firudin zəng edib, mənə həmin şəxsin gəldiyini dedi. Bundan sonra təxminən 100 metr İlkinin ardınca getdim”.

Aralarındakı ara məsafəni azaldıb ona yaxınlaşaraq, bıçağı çıxarıb hazır vəziyyətdə sol əlində tutub. Ətraf qaranlıq olub. Arxadan, ilk zərbəni üstdən aşağı kürək nahiyyəsinə vurub. İlkin ona tərəf çevrildikdə, dərhal sinəsinə və qarınına ardıcıl bıçaqla zərbələr endirib. Yerə yıxılan şəxs ona tərəf təpik ataraq, yaxınlaşmasına mane olub, həmçinin qışqıraraq, kömək istəyib:

“Ətrafdakı evlərin pəncərələrində işıqların yandığını görüb ordan uzaqlaşdım. Yaralanan İlkinin yerdən qalxıb, təxminən 20 metr aralıda yerləşən 2 mərtəbəli binanın blokuna doğru qaçdığını gördüm. Taksi ilə Neftçilər xəstəxanasının qarşısına gəldim. Başqa taksi ilə “Xalqlar Dostluğu” metrostansiyasının yanına, ordan ara yollarla evimə tərəf getdim. Yolda mobil nömrəni sındırıb xatırlamadığım yerə atdım. Evə çatandan sonra Firudin Məmmədov mənə zəng etdi. Danışıq zamanı üstü örtülü şəkildə “tapşırdığınız işi həll etdim” dedim. Növbəti günlərdə ifşa olunmamaqdan ötrü Firudinlə əlaqə saxlamadım və görüşmədim. Hadisəni ürəyimdə saxlamaq ağır gəlirdi. Firudin intihar etmək istəməsi haqda mənə heç nə deməmişdi. Ölümündən bir müddət sonra Anar Mansurova NZS qəsəbəsində bir adamı öldürdüyümü dedim. Firudin intihar edəndən sonra bulvara gedib, bıçağı dənizə tulladım”.

Ə. Salahov deyib ki, Firudin Məmmədovla intim əlaqədə olmayıb. Onun başqa cinayətlə əlaqəsi olub-olmaması barədə xəbərsizdir.

Zərərçəkmiş şəxsin hüquqi varisi Gülnar Qurbanova ifadəsində göstərib ki, İlkin Qurbanovla 2005-ci ildə rəsmi qaydada ailə həyatı qurub, nikahdan iki övladları dünyaya gəlib. NZS qəsəbəsində kirayədə yaşayıblar:

“İlkin dərzi fəaliyyəti ilə məşğul olurdu, eyni zamanda işləyə-işləyə Bakı İslam Universitetinin ruhanilik fakültəsinə qəbul olunmuşdu. 2010-cu ildə təhsilini bitirərək diplomunu alsa da, ixtisası üzrə işləmədi. İlkinin Universitetdə müəllim işləyən Firudin Məmmədovla çox yaxın münasibəti vardı. Hətta Firudin müəllim evimizə İlkinin elçiliyinə gəlmişdi, toyumuzdan sonra dəfələrlə yoldaşıma pul verib. Həmin illərdə İlkin Əmlak Məsələləri Dövlət Komitəsində sürücü işləyən Namiq adlı tanışının vasitəsi həmin qurumda yüksək vəzifədə çalışan Rüstəm Şahbazovla tanış olmuşdu.

Bir neçə dəfə sürücüsünün işi olduğundan ərim xidməti avtomobilini idarə edərək Şahbazovu Gəncə şəhərinə və Cəlilabad rayonuna aparıb. İlkinin həm Firudin Məmmədov, həm Rüstəm Şahbazovla olan tanışlığı dostluğa çevrilmişdi. Bayram və ad günlərində bir-birilərinin evinə gedib-gəliblər, çox mehriban münasibətləri yaranıb. 2010-cu ildən İlkin Sabunçu rayonun Bakıxanov qəsəbəsində yerləşən “Bakı Qeyri Parça Materialları” ASC-yə faktiki rəhbərlik edib. ASC-nin səhmlərinin 67,7%-i İlkinə, 30%-i isə Əmlak Məsələləri Dövlət Komitəsinə məxsus idi. Zavodu İlkinin adına Rüstəm Şahbazov keçirib və rəhbər vəzifəsinə görə rəsmi 500 manat əmək haqqı alırdı. Maştağa qəsəbəsində 4000 dollara beş sot torpaq sahəsi alaraq, orda ev tikməyə başladıq. İlkin məndən  ayrı, digər otaqda yatırdı. Bunun səbəbini isə uşağın ağlaması ilə izah edirdi. Ərimin müxtəlif kişilərlə intim münasibətdə olmasını bilmirdim. Bu barədə mənə bölmədə polis əməkdaşı dedi. 2011-ci il oktyabrın 31-də gün ərzində İlkinin əhvali-ruhiyyəsi yaxşı deyildi. Saat 20 radələrində Firudin Məmmədov evimizə gəldi. Bir qədər söhbət edib, çay içdik. Ərim telefonla Rüstəm Şahbazovla danışandan sonra Firudinlə birlikdə Rüstəmin Həzi Aslanov qəsəbəsində yerləşən evinə getdi. Həmin günlərdə Rüstəm Şahbazovun ailəsi Londona getdiyinə görə o, evdə tək idi. Gecə yarısında polis əməkdaşı zəng edib, məni 37-ci Polis Bölməsinə dəvət etdi. Bölməyə çatanda İlkinin naməlum şəxs tərəfindən bıçaqlanaraq, öldürüldüyünü öyrəndim. Firudin Məmmədovun və Əhəd Salahovun yoldaşımı nə üçün qətlə yetirdiklərini bilmirəm”.

Şahid Zamir Məmmədov bildirib ki, oktyabrın 31-i saat 23 radələrində atası Firudin Məmmədov evə qayıdan kimi, kimsə mobil telefonuna zəng edib, İlkinin bıçaqlandığını deyib və buna görə onu bölməyə çağırılıb:

“Sonra atam İlkinin Xaçmazda keçirilən yas mərasiminə getdi. Bundan 4-5 gün sonra atam vəfat etdi. Onun intihar etməsini mənə müstəntiq dedi. Firudin Məmmədovun İlkin Qurbanovun qətlini qohumumuz Əhəd Salahova sifariş verməsindən xəbərim olmayıb. Sonra polis əməkdaşları evimizə gələrək, atamın və İlkinin fotoşəkillərini “ölüm işi” ilə əlaqədar götürüb, aparıblar”.
 
Şahid qismində dindirilmiş Rüstəm Şahbazov bildirib ki, 2020-ci ildən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsində işləyir:

““Bakı qeyri-parça materialları” ASC-nin İlkin Qurbanovun adına rəsmiləşirilməsinin mənə heç bir aidiyyəti yoxdur. Hadisə baş verən gün İlkin zəng edərək, Firudinlə birlikdə mənə baş çəkmək istədiklərini dedi. Ailə üzvlərim İngiltərədə idi. Dostlarım 1 saat oturub, söhbət edəndən sonra çıxıb getdilər. İlkin Qurbanovun öldürülməsi barədə mənə polis əməkdaşları məlumat verdilər. Firudin Məmmədova zəng etdikdə o, İlkinin taksidən evinin yanında düşdüyünü demişdi. Ölümündən sonra İlkinin ailəsinə dəfələrlə maddi yardım göstərmişəm”.

Solda, İlkin Qurbanov
 
Məhkəmə iclasında Əhəd Salahov ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərib ki, İlkin Qurbanovu Firudin Məmmədov qətlə yetirib. 
 
Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edib.
 
Məhkəmə nəticəyə gəlib ki, Əhəd Salahovun əməli Cinayət Məcəlləsinin 120.2.5-ci (sifarişlə qəsdən adam öldürmə) maddəsi ilə düzgün tövsif edilib. O, həmin maddənin sanksiyası həddində təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əhəd Salahov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il müddətinə azadlıqdan məhrum olunub.

Lent.az