64679e4985be6202305230529

Azyaşlı qızlarla bağlı qalmaqallı sözlər: “Ərə getmək üçün ürəkləri gedir”

“Azərbaycanda hansısa pis əməl, adət varsa, o dəqiqə onu xalqın mental tarixinə, sosial-mədəni keçmişinə bağlamaq dəb halını alıb. Əsrlər boyu baş verən bu mənfiliklərlə biz ziyalılar, intellektuallar cəmiyyət olaraq mübarizə aparmışıq və istər azyaşlıların nikaha girməsi, istər qan düşmənçiliyi, istər qadına olan şiddət, istərsə də bu kimi sivil dünyada qəbul edilməyən, qanunvericilik səviyyəsində çox sərt cəzalandırılan bir çox hərəkətlər var ki, onları biz tarixən də qınamışıq, indi də tənqid edirik. Əlbəttə, bizdə tarixən baş verən, o dövr üçün məqbul sayılan hadisənin indi əksini dirçəltmək mümkündür, amma həmin fakt cəmiyyəti qabağa aparmalıdır...” 

Bu sözləri Yenisabah.az-a “Yeni Yazarlar və Sənətçilər" İctimai Birliyinin sədri, yazıçı-kulturoloq, Aydın Xan Əbilov ölkədə azyaşlı qızların erkən evləndirilməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, bu məsələdə maarifləndirmə tədbirləri, inzibati cəzalar, digər cəzalara rəğmən bəzi ailələrdə bu kimi məsələlər hələ də davam edir:

“Hamımıza məlumdur ki, nənə-babalarımız erkən yaşda evləniblər, çünki onların seçim imkanları məhdud olub. Xüsusən də orta və aşağı təbəqənin nümayəndələri bəzən iqtisadi və sosial cəhətdən, bəzən də dini baxımdan öz övladlarını tez evləndiriblər və buna normal baxılıb. Bu da onunla nəticələnib ki, insanların ömrü çox qısa olub”. 

İllərdir biz bu mübarizədə qalib gəlmişdik. Azyaşlıların ailə həyatı qurmasını həm dövlət, həm də cəmiyyət olaraq pisləmişik, həmin adamları da cəzalandırmağa çalışmışıq. Amma görürük ki, tədbirlər görülsə də, bu hal azalmır, get-gedə çoxalmaqdadır. Bir neçə dəfə təklif vermişik ki, belə tendensiyalara qarşı böyük cəzalar düşünülməlidir. Bu insanlar cinayət məsuliyyətinə cəlb edilmıəlidir. Məsələn, hər iki tərəf, hətta qurbanın özü də günahı sübut olunarsa, cəzalandırılmalıdır, çünki biz bəzən görürük ki, azyaşlı xanımların özlərinin də ərə getmək üçün ürəkləri gedir və ərə uça-uça gedirlər. Həm kişi, həm qadın, həm qayınana, qayınata, ana, ata, bir sözlə bu işi düz-qoş edən hər kəs mütləq cəzalandırılmalıdır. Elə sərt cəza növü seçilməlidir ki, bir də bu riski edən olmasın! 

Bir vaxtlar 100-ə yaxın belə faktın qarşısı alındı, amma bir balaca demokratiya verən kimi Fatmanisə və Novruzəlilər ortaya atılmağa başladı, müxtəlif bəhanələrlə azyaşlı qız uşaqlarını özündən dəfələrlə böyük şəxslərə ərə verdilər. Hətta həyasızlığın dərəcəsinə baxın ki, toy edib bunu ictimailəşdirdilər, videoya çəkdilər, qanunlara tüpürdülər”. 

Ekspert qeyd edib ki, bu kimi halların qarşısını almaq üçün ictimai qınaq güclü olmalıdır: 

“Bəzən bəhanə edirlər ki, uşağım çoxdur, baxa bilmirəm. Əgər baxa bilmirdinsə, dünyaya gətirməzdin, gətirmisənsə, bunun məsuliyyətini başa düşməlisən. Sən tənbəlsən, illər boyu işləməyib bir Məşədi İbadın hesabına bütün problemlərini həll etmək istəyirsən, gələcəyinin təminatını istəyirsən. Bu cür hallara qarşı cəmiyyət çox sərt olmalıdır, ictimai qınaq olmalıdır, həmin insanların toyuna heç kim getməməli, ən aşağı kastanın nümayəndələri kimi baxılmalıdır, lənətlənməlidir ki, bir də belə böyük qələtlər etməsinlər, müasir dünyanın qaydalarına qarşı çıxmasınlar. İnanıram ki, biz bu cür sərt addımlar atsaq, belə hallar təkrarlanmayacaq və cəmiyyətimizi 16-cı əsrə aparanlardan qurtulacağıq”.