Azərbaycanda qurulan türk hərbi şirkəti... - General
Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə və Azərbaycan arasında müdafiə sənayesi sahəsində əlaqələr də yeni, eyni zamanda xüsusi bir mərhələyə qədəm qoyub.
Yəni Türkiyənin müdafiə sənayesinin ən önəmli şirkətləri Azərbaycanla birgə yalnız satışa əsaslanan yox, eyni zamanda birgə istehsala, elmi baxımdan araşdırma işlərinin aparılması, layihələrin hazırlanması, həm də ortaq bazar axtarışı ilə bağlı əməkdaşlıq edir.
Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general-leytenant Yücel Karauz deyib.
General yeni qurulacaq şirkətdə birgə fəaliyyətin əsas istiqamətlərindən danışıb:
“Bu çərçivədə ASELSAN, ROKETSAN kimi qurumların fəaliyyətləri, “Bayraqdar”, “Akıncı” PUA-larının, “Qızıl alma” pilotsuz qırıcı təyyarəsinin istehsalı və digər istiqamətlərdə əməkdaşlıq son olaraq Türkiyənin TUSAŞ aerokosmik şirkətinin Azərbaycanda “Turkish Aerospace Azerbaijan”ı qurması ilə daha da gücləndi. Bildiyimiz kimi, bu şirkət Türkiyədə 5-ci nəsil KAAN qırıcılarını istehsal edir və “Anka” PUA-ları üzərində işləyir, eyni zamanda Azərbaycanda rus istehsalı olan təyyarələrin modernizasiyası ilə məşğuldur. Yeni qurulan şirkətin əsas fəaliyyət istiqamətinə helikopterlərin modernizasiyası da daxildir. TUSAŞ həm də “Atak” helikopterlərini istehsal edir. Şirkətin qurulması çox uğurlu bir addımdır. Bu, gücümüzə güc qatacaq, dosta güvən verəcək, düşmənin isə canına qorxu salacaq”.
Müəllif: Vüsalə, Söhrab
- Ölkə
- 03 May 2024