663a05bf5eed6202405244311

Azərbaycanda məktəblinin mübahisədən sonra ölməsi ilə bağlı TƏFƏRRÜAT - VİDEO

“Vəfat edən uşaq bizim məktəbin 10-cu sinif şagirdi Aslan Əliyevdir. Ölümünün səbəbi hələ məlum deyil. Ekspertizadan sonra bilinəcək”.

Bu sözləri İsmayıl Məmmədov adına 2 saylı Tərtər məktəb-liseyinin direktoru Gülarə Əkbərova iki məktəbli arasında düşən davanın təfərrüatı ilə bağlı danışarkən deyib.

“Zəif oxuyan şagird idi, amma hər gün dərsə gəlirdi. Səhhətində də heç bir problem yox idi. Bizə xəstəliyi ilə bağlı heç vaxt müraciət etməyib”, - deyə o, əlavə edib.

Direktor onu də bildirib ki, dava edən digər məktəbli haqqında məlumatı yoxdur.

Daha ətraflı Baku Tv-nin süjetində:

11:23

Tərtərdə məktəblilər arasında baş verən dava nəticəsində onlardan biri həyatını itirib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, faktla bağlı cinayət işi açılıb:

“Mayın 6-da Tərtər rayonu ərazisində iki məktəbli arasında baş vermiş mübahisədən qısa müddət sonra onlardan birinin huşunu itirməsi və aparıldığı xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb, hazırda ibtidai istintaq aparılır”.

10:22

Tərtərdə iki məktəbli arasında düşən dava onlardan birinin ölümü ilə nəticlənib.

APA xəbər verir ki, hadisə Tərtər şəhər 2 saylı məktəbin qarşısında qeydə alınıb.

9-cu sinif şagirdləri arasında düşən mübahisə zamanı biri digərinə yumruqla xəsarət yetirib. Xəsarət alan şəxs Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.