6543c6e1ee5a6202311235721

Azərbaycan Ordusu Ermənistana girir - “Hazırlıq” başladı

Azərbaycan Ordusunun guya Ermənistanın cənubunu – Zəngəzuru ələ keçirəcəyi haqda iddialar genişlənməkdə davam edir.

Kanal.az xəbər verir ki, Lemkin İnstitutu bununla bağlı “qırmızı bayraq” həyəcanı elan edir, təxminən eyni gündə “Əl-Cəzirə” bir qədər fərqli süjet yayır. Belə ki, telekanalın yaydığı materialda daha çox “yerli əhali” danışır.

“4 min əhalisi olan Mehri öz balı ilə tanınır. Elə “megri/mehri” sözü də ermənicə “bal şəhəri” anlamını verir. Ancaq indi buralarda yaşayanların həyatı o qədər də şirin deyil...

Ermənilər kütləvi şəkildə Qarabağı tərk etdikdən sonra 74 yaşlı təqaüdçü Marqo yerli kafedə oturub qəhvə içir və deyir ki, Mehrini də Qarabağın taleyi gözləyir. Keçmiş piano müəllimi hesab edir ki, son qələbədən sonra cəsarətlənən Azərbaycan indi də Azərbaycanı Naxçıvan anklavından ayıran strateji torpaq zolağı olan doğma regionunun bir hissəsini ələ keçirməyə çalışacaq.

“Hər gün, hər saat narahatıq. Biz hətta onların qoşunlarının sərhədlərimizdə harada yerləşdiyini bilirik”, - deyə Marqo bildirib.

“Biz torpağımızı heç bir halda onlara verməyəcəyik. Biz sona qədər mübarizə aparacağıq. Amma azərbaycanlılar bu torpaqları ələ keçirsələr, hamımızı buradan zorla çıxaracaqlar”.

“CivilNet” saytının redaktoru Karen Harutyunyan da narahatdır. O deyir: “Ancaq mənim qorxum ondan ibarətdir ki, ictimaiyyət arasında antirusiya əhval-ruhiyyəsinin artmasına baxmayaraq, son nəticədə Paşinyanın hərəkətləri Rusiyanın Ermənistana təsirini artıracaq”.

Erməni redaktor Azərbaycanın Ermənistana hücumunu da son dərəcə real sayır: “Əgər bu baş verərsə, heç kim Azərbaycana mane olmayacaq: nə Avropa İttifaqı, nə də ABŞ”, – Avropada yaşayan Elbəyi Həsənli kanalın süjetini bu cür təqdim edib.

Göründüyü kimi, Azərbaycan Ordusunun Ermənistana girməsinə “ciddi şəkildə hazırlıq gedir”: “yaxın müddətdə reallaşacağı” iddia edilən bu hücumun müxtəlif ssenariləri də qurulur, hətta bir az da irəli gedərək, artıq öz yazdıqları iddialara və uydurma hesabatlara dövlətlərin münasibətini də öyrənirlər. Məsələn, “Amerikanın səsi” Lemkin İnstitutunun iddiaları ilə bağlı ABŞ Dövlət Departamentinin münasibətini öyrənib.

“ABŞ Ermənistanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Biz vurğuladıq ki, bu suverenliyin və ərazi bütövlüyünün istənilən pozulması ciddi nəticələrə səbəb olacaq. Biz mütəmadi olaraq güc tətbiqinə qarşı xəbərdarlıq kimi gözləntilərimizi vurğulayırıq və vəziyyəti daim izləyirik. Ermənistan ABŞ-ın yaxın tərəfdaşı və dostudur və biz Ermənistanın siyasi və iqtisadi təhlükəsizliyini gücləndirmək üçün Ermənistan hakimiyyəti ilə işləməyi səbirsizliklə gözləyirik”, - ABŞ Dövlət Departamenti bildirib.

ABŞ Dövlət Departamentinin açıqlamasında bu ehtimal və “qırmızı bayrağ”a heç bir münasibət yoxdur; doğrudur, Azərbaycana qarşı da hansısa iddia əksini tapmayıb, ancaq “hədəfsiz cavabın” özü maraqlıdır. Sanki ABŞ Ermənistanı “tərəfdaş və dost” adlandırmaq və Rusiyaya qarşı yeni təbliğat aparmaq fürsəti qazanır. Halbuki bu iddialara Ermənistanın strateji müttəfiqi, ərazisində bazaları yerləşən Rusiyanın və yaxud elə üzvü olduğu KTMT-nin münasibətini öyrənmək olardı.

Yəni ssenarilər uydurulur, “hesabatlar” hazırlanır və özlərinə lazım olan tərəflərdən də açıqlamalar alınır.

Bütün bunların nüvəsində Rusiyaya ikinci cəbhə açılması planının olduğu daha çox diqqət çəkir. Bəllidir ki, Azərbaycanın hücumunda maraqlı olan qüvvələr var! Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində antiterror tədbirləri aparmasına qarşı kimsə hüquqi reaksiya göstərə bilmədi – baxmayaraq ki, siyasi təzyiq vasitələrinə əl atıldı. Ona görə də Rusiyanı Ermənistandan tamamilə çıxarmaq və bölgəni tam ələ keçirmək üçün Ermənistan ərazisinə müdaxilə qeydə alınmalıdır – başqa cür Rusiyanı Ermənistandan radikal şəkildə çıxarmaq mümkün deyil. Nəzərə alaq ki, Rusiyanın Ermənistanla imzaladığı sazişə əsasən, 2044-cü ilə qədər bazaları Ermənistanda qalacaq.

Bu sazişin pozulması üçün Ermənistana – daha doğrusu, Qərbə “əsas” lazımdır; Azərbaycanın “hücumundan” yaxşı əsas tapmaq isə hazırda mümkün deyil.

Məhz bu ssenari üzərində iş gedir: təbliğat aparılır, “xəbərdarlıq” edilir, “qırmızı bayraq” qaldırılır, reaksiyalar öyrənilir, hətta Azərbaycana “şirnikləşdirici təklif” də edilir: dünyanın başı Ukrayna və israilə qarışıb, guya Azərbaycana mane olacaq heç nə qalmayıb və kimsəbizə mane olmayacaq.

Bu baxımdan Ermənistan ordusunun Azərbaycanı provokasiyaya çəkmək niyyətilə hücum edəcəyi ehtimalı həddən artıq yüksək və gözləniləndir.

Azərbaycan hakimiyyətinin bu həssasiyyətə görə Zəngəzur dəhlizi mövzusunu sıradan çıxardığı, İranla razılaşmalar imzaladığı da istisna edilməməlidir. Çünki Zəngəzur dəhlizi məsələsinin Azərbaycan tərəfdən vaxtaşırı qabardılması Ermənistan və Qərbə Azərbaycanın bu ərazini işğal edəcəyi haqda təbliğat aparması üçün mühüm fürsət verirdi.

Belə aydın olur ki, Azərbaycan artıq “cavab tədbirləri” görür.

Böyük oyundur və Azərbaycanın bu oyunda heç bir halda iştirak etməyəcəyinə şübhəsizdir./axar.az