642f00ea5b24b202304232706

Aygün, Röya min oyundan çıxıb, onlar bu xalqa ləkədir - Əli Mirəliyev

"Həyatda düz adam olmağı bacarmaq lazımdır, fərq eləmir hansı peşənin sahibisən, düz yaşamalısan. Bəzən çıxıb efirlərdə elə ifaçıları tərifləyirlər ki, adam məəttəl qalır. Siz guya bilmirsiniz ki, onlar nə oyunlardan çıxırlar? "YouTube"a girəndə görmürsünüz əvvəllər Aygünün, Röyanın etdiyi hərəkətlər nələrdir? Ayıb deyilmi sizə?!" 

Kanal.az Day.az-a istinadən xəbər verir ki, bu sözləri yenisabah.az-a müğənni Əli Mirəliyev deyib. Sənətçi fəxri adların verilməsində ədalətsizlik olduğunu bildirib. Onun fikrincə, ya fəxri adlar ləğv edilməli, ya da ədalətli şəkildə veriməlidir:

"Düşünürəm ki, fəxri adları ümumiyyətlə, yığışdırmaq lazımdır. Bu bizə lazım deyil. Bizim xalqa Xalq artisti yox, sənətkar lazımdır. Məgər Mirzə Ələkbər Sabir, Seyid Əzim Şirvani, Nizami, Füzuli Xalq şairi idi? Onlar hamısı adi, xalqın içindən çıxmış sənətkar olublar. Bu gün adları dillər əzbəridir.

Aygün, Röya, siz isə yaddaşlarda qalmayacaqsınız! Sizin başdaşınızın üstünü qara hərflərlə yazacaqlar! Çünki siz xalqa ləkəsiniz. Bunu kim edibsə, onlara fəxri ad verilməsi üçün kim təqdimat yazıbsa, onun barmağı qurusun! Onlar Azərbaycan musiqisinin öhdəsindən gələ bilməyən insanlardır, hamısı özfəaliyyətdir. Onlar hələ oxumağı öyrənmək istəyirlər, amma biz öyrənib çıxmışlarıq. O vaxt bədii şura var idi, senzura var idi, həmin senzuradan keçməli idin.

Amma bu gün onlar bunu bilmirlər. Bilməyə-bilməyə necə xalq artisti olmusunuz? Siz Xırdalandan o tərəfə keçməmisiniz hardan xalqın artisti oldunuz?"

Ə.Mirəliyevin sözlərinə görə, fəxri adlara layiq olan bir çox sənətçi bu gün kənarda qalıb:

"40 xarici ölkədə olmuşam, necə olur ki, mən, Akif İslamzadə, Firuzə İbadova heç bir adın sahibi deyil. Akif İslamzadə bütün dünyanı sənəti ilə gəzib, bu gün onun heç bir fəxri adı yoxdur, bunu necə başa düşək? Tacir Şahmalıoğlu "Bayatı-Şiraz" oxuyanda hələ uşaq idi, bu gün onun da heç bir adı yoxdur. Niyə?! Bu sizin üçün göstərici deyilmi? Baloğlan Əşrəfovu hamı sevirdi amma Xalq artisti adını almadı, bədbəxt oğlu elə də getdi...

Bu sənətkarlar niyə ad almadı? Çünki yaltaqlıq etmədi, bütün günü kabinetlərin qapısını döymədi. Amma bu gün Mədəniyyət Nazirliyinə getsən, müğənnilərin çoxunu orada görəcəksən. Biz heç nazirliyin qapısını tanımırıq. Mən heç oranın yolunu bilmirəm. İndikilərsə nazirlikdə yatır.

Məni, Akif İslamzadəni, Taciri, Firuzə İbadovanı, Nadir Qafarzadəni xalq istəyir. Biz özümüzü sənətimizlə göstərmişik.

Durub rus, erməni mahnıları oxumaqla xalq artisti adını almaq olmaz! Əvvəlcə ana dilimizi xalqa çatdırın sonra efirlərdə erməni mahnısı oxuyarsınız. Mən rus deyiləm ki, rus estradasını oxuyasınız. Mən bunları qəbul etmirəm, heç vaxt etməmişəm, bundan sonra da etməyəcəyəm. 74 yaşında kişiyəm, haqqı deməsəm xalqın mənə olan etibarını, inamını itirə bilərəm".