“Altın Qurd” qızıl medal qazandı, Azərbaycan Ümumdünya Oyunlarında irəlilədi - FOTO/VİDEO
Kikboks üzrə dünya çempionu Bəhram Rəcəbzadə ABŞ-ın Birmingem şəhərində keçirilən XI Ümumdünya Oyunlarında qızıl medal qazanıb.
Oxu.Az xəbər verir ki, 91 kq-dan yuxarı çəki dəcərəsində çıxış edən idmançı finalda xorvatiyalı son dünya ikincisi Anto Şiriçə qalib gələrək qızıl medala yiyələnib.
Qeyd edək ki, bu, Ümumdünya Oyunlarında Azərbaycanın yeganə qızıl medalıdır. Azərbaycan bu qızıl medal sayəsində 33-cü yerə qalxıb. Bir qızıl və bir bürünc medal qazanan Azərbaycan millisi bu yeri Litva ilə bölüşdürür. Kikboksinq üzrə nəticəyə əsasən isə Azərbaycan bir qızıl medalla Avstriya və Meksika ilə birgə üçüncü yerdədir.
Xatırladaq ki, “Altın Qurd” ləqəbli Bəhram Rəcəbzadə 1/4 finalda son dünya üçüncüsü Miroslav Vuyoviç diskvalifikasiya olunduğu üçün döyüşmədən qalib elan edilib. O, yarımfinalda digər son dünya üçüncüsü Roman Şerbatyuku (Ukrayna) məğlub edib. Kikboksçunun 1/4 final mərhələsindəki rəqibi monteneqrolu Miroslav Vuyoviç rinqə çıxmayıb.
Onu da bildirək ki, XI Ümumdünya Oyunlarına iyulun 17-də yekun vurulacaq.
Səbuhi Musa
- Manşet
- 15 İyul 2022