Aktyor Yaşar Nurinin ailəsini qəzəbləndirdi: “Onun ağzını yumun!”
Aktyor Nofəl Şahlaroğlunun Youtube-da yayımlanan “Bax da” layihəsinin növbəti buraxılışında səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub.
Onun mərhum Xalq artisti Siyavuş Aslanı tənqid etməsi birmənalı qarşılanmayıb.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan mərhum Xalq artisti Yaşar Nurinin xanımı Rəhimə Nuriyeva əsəblərini cilovlaya bilməyib.
O, Nofəl Şahlaroğlunu səsləndirdiyi fikirlərə görə qınaq atəşinə tutub:
“Mən bu gün Nofəlin dediklərini gördüm. Oxuduğum mövzu mənə o qədər təsir etdi ki, bilmirəm buna nə ad verim...
Kim nə istəyirsə, ağzına, ağlına gələni deyə bilərmi? Siyavuş Aslan haqda dediklərini eşitdikcə dəhşətə gəldim. Ümumiyyətlə, Nofəl kimdir?! Mən Nofəli üzbəüz gəlsək heç tanımaram, bir-iki dəfə efirlərdə görmüşəm. O, aktyordur, sənətçidir, tənqidçidir, musiqişünasdır, blogerdir, tiktokerdir? Mən onun sənətini təyin edə bilmirəm. Əgər o İncəsənət Universitetinin aktyorluq fakültəsini bitiribsə, getsin öz işi ilə məşğul olsun. Onun sənət adamları haqda axmaq fikirlər söyləməyə heç bir ixtiyarı yoxdur! O deyir ki, Siyavuş Aslanın oynadığı rolun kəkələməyi insanlarda qıcıq yaradır. Bu nə deməkdir?
Mən sənətkarın həyat yoldaşı olmuşam, daim sənətkarların əhatəsində olmuşam. Nofələ kim ixtiyar verir ki, “Hicran” tamaşasını tənqid etsin? O tamaşa Azərbaycan mədəniyyətinin incilərindən biridir, fenomenal əsərdir. O kimdir ki, tamaşadan 50 il keçəndən sonra haqqında rəy verir?!
Yaşar haqqında da danışmışdı, cavabını vermişdim, yerinə otuzdurmuşdum, əgər otura bilmədisə, təzədən otuzdura bilərəm! Buna gücüm də çatır! Bəsdir! Gündə bir sənətkar haqda danışır, ona cavab vermək lazımdır ki, ağzı yumulsun!”
Rəhimə Nuriyeva aidiyyəti qurumlara müraciət edərək aktyor haqda ölçü götürülməsini tələb edib:
“Mən Teatr Xadimləri İttifaqına, Mədəniyyət Nazirliyinə müraciət edirəm, bu insanı çağırıb başa salın, ağzını yumun. Bu gün həyatda olmayan, ömrünü sənətə həsr etmiş insanları çıxıb necə tənqid etmək olar?
Nofəl Siyavuş Aslan, Yaşar Nuri kimi sənətkarların yanında heç dənizdəki damla belə deyil.
Aidiyyəti qurumlardan xahiş edirəm, o insanı çağırıb ağlını başına gətirsinlər. Əgər ağlı başında deyilsə, onun üçün yaxşı həkim taparam. Müalicə olunması üçün yaxşı psixiatrlar, nervpotoloqlar tapa bilərəm. Sözü varsa, məni yığsın! Ayıb olsun, sadəcə ayıb olsun!
Belə çıxır ki, bütün tarixi filmlərimizi, əsərlərimizi, tamaşalarımızı qoyaq ortaya başlayaq tənqid etməyə? Birincisi, danışdığı insanlar bu dünyada yoxdur, ikincisi, sənət adamları haqda bu cür danışmaq ayıbdır. Yalnız həyasız insan bu cür danışa bilər”.
- Şou biznes
- 21 Mart 2024