benzin

Aİ-92 vergidən azad edildi: Benzin ucuzlaşacaq?

Aİ-92 və Aİ-95-dən az oktan ədədi ilə avtomobil benzininin gömrük rüsumunun ləğv edilməsi 1 fevral tarixindən yanacağın qiymətinin ucuzlaşacağı haqda ehtimalların yaranmasına səbəb olub.

Kanal.az xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli Baş nazirin qərarında “Aİ-95-dən az oktan ədədi benzin” ifadəsinə diqqət çəkib:

“Yəni bu qərarın Aİ-95-ə aidiyyəti yoxdur, müvəqqəti olaraq Azərbaycana idxal edilən Aİ-92 və ya daha çox, həmçinin Aİ-95-dən az oktan ədədi ilə avtomobil benzinin gömrük rüsumu 15%-dən 0%-ə endirilib və Aİ-92 markalı benzinin idxalı zamanı aksiz vergisi 1 ton üçün 200 manatdan 1 manata endirilib”.

Ekspert bildirib ki, neft emalı zavodunda təmir başladığı üçün Aİ-92 benzininin istehsalı müvəqqəti dayanacaq. Bu zaman isə qıtlıq bahalaşma ola bilərdi. Bunun qarşısını almaq üçün gömrük rüsumu ləğv edilib və aksiz vergisi 1 manata salınıb. Bu qərar isə müvəqqətidir və 1 iyuna qədər (neft emalı zavodunda təmir bitənədək) qüvvədə olacaq.

Qeyd edək ki, Aİ-95 benzini idxal edildiyindən, gömrük rüsumunun ləğv edilməsi halında bu yanacağın qiymətinin ucuzlaşacağı labüddür. Ona görə də ötən gün verilən qərar səbəbindən Aİ-95 yanacağının qiymətinin ucuzlaşacağı haqda ehtimallar sosial şəbəkədə yayılmışdı.