Zakir Məcidov 1956-cı il 26 iyunda Neftçala rayonunun Həsənabad qəsəbəsində dünyaya göz açıb. Orta təhsilini 1963-1973-cü illərdə Bakıda başa vurduqdan sonra, Zakir 1974-cü ildə Ryazan vilayətinin Sasovo şəhərinə gedərək Ali Hərbi Aviasiya Məktəbinə daxil olub. 1977-ci ildə həmin məktəbi bitirərək, leytenant rütbəsi alıb.
Vətənə dönən gənc Zakir, Yevlax aviadəstəsində “AN-2” təyyarəsinin ikinci pilotu kimi əmək fəaliyyətinə başlayıb. 1978-ci ildə isə Bakı aviabölüyündə mexanik, 1979-cu ildə Zabrat aviabölüyündə “AN-2” təyyarəsində yenidən yay uçuşlarında işləyib. 1980-ci ildə təyinatla Zabrat aviadəstəsində “AN-2” təyyarəsinin komandiri təyin edilib. Gənc leytenant 7 il bu müəssisədə çalışıb. İstehsalatdan ayrılmadan 1984-cü ildə ixtisasını artırmaq üçün Ukraynanın Kremençuk Təyyarəçilər Məktəbində “Mİ-2” vertolyotu üzrə 6 ay təkmilləşdirmə kursu keçib. Nəhayət, 1985-ci ildən artıq “Mİ-2” vertolyotunda heyətin komandiri təyin olunub. Az müddət ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təyinatı ilə yüksək səriştə və bacarığına, keyfiyyətli uçuşlara görə “Mİ-2” vertolyotuna baş komandir keçirilib.
Vətənin başını qara buludlar alanda canından çox sevdiyi torpağını qorumaq üçün ilk şahinlərdən biri olub. Tez-tez sərhəd bölgələrinə uçuşlar edən Zakir Məcidov, ordakı vəziyyəti görüb, buna biganə qala bilməyib və Vətənimiz son dərəcə təhlükəli durumda ikən bir çox mərd yurddaşlarımız kimi könüllülər sırasına daxil olub.
Zakir Məcidov 1992-ci ilin fevral ayında Milli Ordunun Bakının Qala qəsəbəsində təşkil olunan “N” saylı hərbi hava hissəsində “Mİ-24” vertolyotlarından birinə komandir təyin olunub. O, həmin vertolyotla Ağdərənin Aterk kəndində ermənilərin yerləşdiyi qərargahı darmadağın edib, düşmənin xeyli texnikasını sıradan çıxarıb.
1992-ci il avqustun 6-sı, yayın qızmar günlərindən biri olub. Həmin gün Zakir Məcidov ekipaji ilə birgə üç dəfə uçuş edərək, ermənilərin döyüş əhəmiyyətli Kasapet yüksəkliyindəki mövqələrini darmadağın edib. Növbəti, dördüncü dəfə uçmaq əmri verilib. Qərargaha yeni qayıdan Zakir Məcidov bu əmri də böyük hünər, igidlik göstərərək yerinə yetirib. Bu onun son uçuşu olub. Döyüş əməliyyatını müvəffəqiyyətlə yerinə yetirdikdən sonra bir-birinin ardınca ona tuşlanan raket zərbələri vertolyotunu ciddi zədələyib. Sayıqlığını itirməyən igid komandir çox çalışıb ki, vertolyotu öz ərazimizə çatdırsın. Lakin buna müvəffəq ola bilmir. “Mİ-24” vertolyotunun cəsur heyət üzvləri baş komandir Zakir Məcidov 36 yaşında, təyyarəçi operator, Ukraynalı-Xarkov vilayətinin Zmayev şəhərində doğulub və ailəsinin yeganə yadigarı Ruslan Polovinko 22 yaşında və sərrast nişançı-snayperçi, Qax rayonunda dünyaya göz açan Cavanşir İzzət oğlu Rəhimov 19 yaşında doğma Vətənimizin aydın səması uğrunda qəhrəmancasına həlak olublar.
Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 14 sentyabrtarixli 204 saylı fərmanı ilə Məcidov Zakir Nüsrət oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
İgid şahin hazırda Şəhidlər Xiyabanında uyuyur.
Neftçala rayon Uşaq Yaradıcılıq Mərkəzi Milli Qəhrəman Zakir Məcidovun adını daşıyır.