663889e096881202405244224

Valideynlərin nəzərinə! İmtahan stresi uşaqlarda təhlükəli xəstəliyə səbəb olur

İmtahan dövrləri uşaqlar üçün həddən artıq stresli keçir. Bir çox valideynin yanlış yanaşması və uşağa çox təzyiq etməsi vəziyyəti daha da ağırlaşdırır.


Medicina.az xəbər verir ki, uşaq stomatologiyası üzrə uzman Dr. Nurgül Demir imtahan stresinin uşaqlarda diş problemlərinə səbəb ola biləcəyindən danışıb.


O bildirib ki, uşaqlarda artan stres və narahatlıq çox vaxt "bruksizm" adlanan problemə, yəni "diş qıcama" vərdişinə səbəb olur.


“Bu, şiddətli baş ağrısı, qulaq ağrısı, yuxu pozğunluğu və ya çeynəmə zamanı narahatlıq kimi şikayətlərlə özünü göstərə bilir. Hətta dişlərin çatlamasına və ya qırılmasına, çənə oynağında ciddi zədələnmələrə səbəb ola bilər”, - deyə stomatoloq qeyd edib.

O, diş qıcamanın yuxu zamanı baş verə biləcəyini və ya gün ərzində təkrarlanma ehtimalının olduğunu deyib:


“İmtahan dövrləri uşaqlarda və yeniyetmələrdə diş qıcama vərdişlərini tətikləyən ciddi problemdir. Ona görə də valideynlərin bu barədə maarifləndirilməsini artırmaq lazımdır ki, gecikmədən ehtiyat tədbirləri görülsün. Valideynlər gecələr diş qıcama səsi eşitdikdə digər simptomları görməsələr belə, həkimə müraciət etməlidirlər. Hələlik ciddi şikayətləri olmayan bruksizm xəstələrinin ilk diaqnozu diş müayinəsi zamanı qoyulur.


Diş səthlərindəki aşınmalar, çatlar və qırıqlar bruksizmin erkən diaqnozuna kömək edir. Bu da gələcəkdə baş verə biləcək ciddi problemlərin qarşısını alır”.


Stomatoloq yetkin bruksizm xəstələrinin müalicəsində istifadə edilən üsulların, məsələn botoksun uşaqlar üçün qətiyyən uyğun olmadığını bildirib. O, uşaqlarda bruksizmin müalicəsi yolunda ilk addımın səbəbin aradan qaldırılmasına yönəldiyini vurğulayıb.